Nağdsız ödənişlərin artması gündəlik xərclərimizi dəyişirmi?

Müasir dövrdə texnologiyanın həyatın müxtəlif sahələrinə sürətlə daxil olması insanların gündəlik vərdişlərini də dəyişir. Əvvəllər alış-veriş zamanı əsas ödəniş vasitəsi hesab olunan nağd pul bu gün artıq yeganə seçim deyil. Bank kartları, mobil tətbiqlər, elektron pulqabılar və digər rəqəmsal ödəniş imkanları gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Marketdə, restoranda, ictimai nəqliyyatda, yanacaqdoldurma məntəqəsində, müxtəlif xidmət sahələrində və hətta kiçik məbləğli alış-verişlər zamanı belə nağdsız ödənişlərdən istifadə geniş yayılıb. Nağdsız ödənişlərin artması ilk növbədə insanların alış-veriş prosesinə münasibətini dəyişir. Əgər əvvəllər müəyyən məbləğdə nağd pulun cibdə olması insanı həmin vəsaiti xərcləməyə daha diqqətlə yanaşmağa sövq edirdisə, kart və mobil ödənişlər zamanı proses daha sürətli və rahat baş verir. Məhsul seçilir, kart yaxınlaşdırılır və ya telefonla ödəniş edilir. Bir neçə saniyə ərzində alış-veriş tamamlanır. Bu rahatlıq gündəlik həyat üçün müsbət imkan yaratsa da, eyni zamanda xərclərin idarə olunması məsələsini də ön plana çıxarır.

Əslində, ödəniş üsulunun dəyişməsi yalnız texniki yenilik deyil. Bu proses insanların maliyyə davranışlarına, alış-veriş vərdişlərinə və pul haqqında düşüncə tərzinə də təsir göstərə bilər. Nağd pul fiziki olaraq göz önündə olduğu üçün insanın nə qədər vəsait xərclədiyini hiss etməsi daha asan ola bilər. Nağdsız ödəniş zamanı isə pulun fiziki formasını görmədiyimiz üçün xərcləmə prosesi psixoloji baxımdan daha fərqli qəbul edilir.

Son illərdə gündəlik alış-veriş zamanı kartlardan istifadə artıq adi hala çevrilib. İnsanlar böyük məbləğdə nağd pul gəzdirməkdənsə, bank kartından və ya mobil telefondan istifadə etməyə üstünlük verirlər. Bunun bir neçə səbəbi var. Əvvəla, bu üsul daha rahatdır. İkincisi, ödənişlərin elektron formada aparılması müəyyən hallarda əməliyyatların daha şəffaf və izlənilə bilən olmasına imkan verir. Üçüncüsü, mobil bankçılıq tətbiqləri vasitəsilə xərclərə nəzarət etmək, hesab qalığını yoxlamaq və ödəniş tarixçəsini görmək mümkündür. Bu baxımdan nağdsız ödənişlərin genişlənməsi həm istehlakçı, həm də biznes üçün yeni imkanlar yaradır.  Lakin rahatlığın artması avtomatik olaraq maliyyə intizamının da artması demək deyil. Əksinə, bəzi hallarda ödənişin asanlaşması insanın xərcləmək qərarını daha tez verməsinə səbəb ola bilər.

Nağdsız ödənişlərin geniş yayılması ilə alış-verişin özü də əvvəlki formasından müəyyən qədər uzaqlaşıb. İndi insanın alış-veriş etməsi üçün fiziki mağazaya getməsi həmişə vacib deyil. Telefon vasitəsilə bir neçə dəqiqə ərzində məhsul seçmək, sifariş vermək və ödəniş etmək mümkündür. Onlayn alış-veriş platformalarının genişlənməsi xüsusilə gənclərin istehlak vərdişlərinə təsir göstərir. Sosial şəbəkələrdə məhsul reklamları, endirim kampaniyaları, sürətli çatdırılma imkanları və mobil ödənişlərin bir araya gəlməsi alış-veriş prosesini daha asan edir. Əvvəllər mağazaya getmək, məhsulu seçmək və kassada ödəniş etmək üçün müəyyən vaxt sərf olunurdusa, indi həmin prosesin böyük hissəsini telefondan həyata keçirmək mümkündür.

Mövzu ilə bağlı daha ətraflı iqtisadçı - ekspert Allahverdi Aydın Olaylar.az-a açıqlama verib: 

" Nağdsız ödənişlərin genişlənməsi insanların gündəlik xərcləmə vərdişlərini necə dəyişir?

Nağdsız ödənişlər ilk növbədə insanların pul xərcləmə prosesini daha rahat və sürətli edir. Əvvəllər insan cibindəki nağd pula baxaraq nə qədər xərclədiyini daha aydın hiss edirdi. Kart və mobil ödənişlərdə isə bu psixoloji baryer zəifləyə bilər. Bu, xüsusilə kiçik məbləğlərdə özünü göstərir. Məsələn, 2-3 manatlıq alış-veriş ayrıca böyük xərc kimi görünməyə bilər. Amma belə ödənişlər ay ərzində toplananda ailə büdcəsinə ciddi təsir edə bilər.

Bu səbəbdən, ən azı ayda bir dəfə bank tətbiqində son 30 günün xərclərinə baxmaq lazımdır. Hesab edirəm ki, bu xərcləri 4-5 kateqoriyaya bölmək faydalı olar. Məsələn, ərzaq, nəqliyyat, restoran və kafe, onlayn alış-veriş və digər xərclər. Bu sadə üsul insana pulunun hara getdiyini çox aydın göstərir.

Kart və mobil ödənişlərin rahatlığı insanların daha çox xərcləməsinə səbəb ola bilərmi?

Bəli, xüsusilə plansız alış-veriş zamanı bu risk realdır. Nağd pulda insanın qarşısında fiziki məhdudiyyət olur. Məsələn, cibində 50 manat varsa, həmin gün 100 manat xərcləyə bilməyəcəksən. Kartda isə bu məhdudiyyət eyni dərəcədə hiss olunmur. Digər tərəfdən, mobil ödəniş alış-verişi bir neçə saniyəyə başa çatdırır. Bu rahatlıq bəzən insanın düşünmədən ödəniş etməsinə gətirib çıxarır. Kartla 20 manat xərcləmək insana bəzən nağd 20 manat vermək qədər ciddi görünmür. Mobil ödənişlər isə prosesi daha da sürətləndirir. Nəticədə insan bəzən ehtiyacla istəyi bir-birindən ayırmadan alış-veriş edə bilər. Bunun qarşısını almaq üçün sadə bir qayda tövsiyə edə bilərəm. Planlaşdırılmamış alış-verişdə "24 saat qaydası" tətbiq etmək. Bu qayda ondan ibarətdir ki, xoşunuz gələn bir əşya gördüyünüz zaman onu dərhal almaq əvəzinə bir gün gözləmək tövsiyyə olunur. Bir çox halda insan həmin məhsula əslində ehtiyacı olmadığını anlayır.

Digər faydalı üsul "həftəlik xərcləmə limiti" müəyyən etməkdir. Məsələn, ayın əvvəlində gündəlik və qeyri-məcburi xərclər üçün 400 manat ayırılıbsa, bunu dörd həftəyə bölmək mümkündür. Belə olduqda insan ayın ilk həftəsində bütün limiti xərcləmək riskindən qorunur. Bir də vacib məqam var. Bəzən böyük endirimli məhsulları almaqla elə zənn edirik ki, xərclərimizə qənaət etmiş oluruq. Halbuki alış-veriş zamanı məhsulun nə qədər endirimli omasına deyil, bu məhsula nə qədər ehtiyacımızın olub-olmamasına baxmalıyıq. 

Nağdsız ödənişlər ailə büdcəsinə nəzarəti asanlaşdırır, yoxsa xərcləri daha az hiss olunan edir?

Əslində, düzgün istifadə olunarsa, nağdsız ödənişlər ailə büdcəsinə nəzarəti xeyli asanlaşdıra bilər. Çünki artıq bütün xərclərin telefondakı tətbiqdə "elektron izləri" qalır.

Məsələn, ailə ay ərzində ərzağa 600 manat xərclədiyini düşünə bilər. Amma bank əməliyyatlarına baxanda bunun 750-800 manat olduğu ortaya çıxır. Yəni elektron ödəniş həm problemi yarada, həm də problemi üzə çıxara bilər.

Burada ailələr üçün praktik üsul "kateqoriya limiti" müəyyən etməkdir. Məsələn, ayın əvvəlində ərzaq üçün 600 manat, restoran və kafelər üçün 200 manat, əyləncə üçün 100 manat limit müəyyənləşdirmək olar. Ay ərzində həmin limitə nə qədər yaxınlaşdığınızı izləmək xərclərə nəzarəti əhəmiyyətli dərəcədə gücləndirir. Bundan başqa maaş ya da hər hansı bir vəsait karta daxil olan gün bütün xərci planlaşdırmaqdır. Əvvəlcə yığım və məcburi ödənişlər ayrılır, daha sonra gündəlik xərclər üçün məbləğ müəyyən edilir. Ayın sonunda nə qədər pul qaldığını gözləməkdənsə, ayın əvvəlində nə qədər xərcləyə biləcəyini müəyyənləşdirmək daha effektivdir.

Azərbaycanda nağdsız ödənişlərin artması ümumilikdə müsbət prosesdir. Bunun faydası yalnız ödənişlərin rahatlaşması ilə məhdudlaşmır. Elektron ödənişlər iqtisadi dövriyyənin daha şəffaf görünməsinə, biznesdə uçotun yaxşılaşmasına və nağd pulla bağlı əməliyyat xərclərinin azalmasına kömək edir. İstehlakçı üçün isə ən böyük üstünlük rahatlıqdır. Amma qeyd etdiyimizm kimi, rahatlığın digər tərəfi də var. Pul xərcləmək asanlaşdıqca, pula nəzarət etmək üçün şəxsi intizam daha vacib olur. Məsələn, əvvəllər insan alış-verişə gedərkən özü ilə 50 manat götürürdüsə, indi telefonunda və ya kartında daha böyük məbləğə çıxışı var. Buna görə rəqəmsal ödənişlərin artdığı şəraitdə maliyyə savadlılığı da paralel şəkildə artmalıdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31