Brüsselin ikili oyunu-Özəl

Bir tərəfdən Azərbaycana qarşı siyasi təzyiq mexanizmini işə salır, digər tərəfdən strateji tərəfdaş kimi təqdim edir

Oktyabrın 7-də Avropa Parlamentində növbəti dəfə Azərbaycanla bağlı məsələ gündəmə çıxarıldı. Bu dəfə də müzakirənin əsas mövzusu insan hüquqları, siyasi məhbuslar və konkret olaraq Azərbaycan müxalifətinin liderlərindən biri Əli Kərimli ilə bağlı vəziyyət oldu. Əslində isə bu, Avropa Parlamentinin Azərbaycanla bağlı ilk belə addımı deyil. "Olaylar"ın məlumatına görə, siyasi şərhçi Vüsalə Hüseynli bildirib ki, Azərbaycanla Avropa Parlamenti arasında institusional siyasi əlaqələrin əsası hələ 1994-cü ildə qoyulub. Həmin il Avropa Parlamenti Azərbaycan, Ermənistan və Gürcüstanla münasibətlər üzrə xüsusi nümayəndə heyəti yaradıb. Daha sonra, 22 aprel 1996-cı ildə Aİ ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanıb. Saziş 1 iyul 1999-cu ildə qüvvəyə minib və Azərbaycan Milli Məclisi ilə Avropa Parlamenti arasında Parlamentlərarası Əməkdaşlıq Komitəsinin yaradılması üçün hüquqi baza formalaşdırıb. Bu komitənin ilk təsis iclası isə 2000-ci ilin aprelində Brüsseldə keçirilib: "Yəni söhbət son illərdə yaranmış münasibətdən getmir. Azərbaycanla Avropa Parlamenti arasında siyasi və parlamentlərarası əlaqələr artıq üç onillikdən çoxdur davam edir. Bu müddət ərzində münasibətlər yalnız parlamentlərarası dialoqla məhdudlaşmayıb. Xüsusilə son illərdə Avropa Parlamentindən Azərbaycana münasibətdə insan hüquqları, siyasi məhbuslar, media və vətəndaş cəmiyyəti, eləcə də Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı müxtəlif tənqidi qətnamə və siyasi çağırışlar səsləndirilib.
Maraqlıdır ki, bütün bunlar adətən Azərbaycan-Avropa İttifaqı münasibətlərinin başqa bir istiqamətdə inkişaf etdiyi dövrə təsadüf edir. Daha konkret yanaşası olsaq, rəsmi Brüssel, bir tərəfdən, Azərbaycana Avropa Parlamentinin əli ilə siyasi təzyiq mexanizmini işə salır, digər tərəfdən isə Bakını enerji təhlükəsizliyi, nəqliyyat, regional bağlantı və Cənubi Qafqazın geosiyasi sabitliyi baxımından strateji tərəfdaş kimi təqdim edir.
Bu zaman ortaya olduqca düşündürücü sual çıxır. Əgər Aİ Azərbaycanla strateji əməkdaşlığı genişləndirirsə, Avropa Parlamenti niyə eyni vaxtda Bakıya qarşı siyasi təzyiq xarakterli qətnamələrini davam etdirir?
Daha maraqlısı isə budur ki, bu qətnamələr illərdir eyni məzmunlu olur və eyni tələblər tarixlər dəyişməklə təkrarlanır. Brüsseldə Azərbaycanın bu tələblərin hamısını qəbul etməyəcəyi də yeni bir reallıq deyil. Buna baxmayaraq, Avropa Parlamentində bu xəttdən geri çəkilmirlər. Hələ 2009-cu ildə Avropa öz iddiasını Azərbaycana qəbul etdirmək üçün "İfadə azadlığının pozulması ilə bağlı qətnaməsinə təşkilat olaraq o zaman da rtiraz etmişdik. 
Bu səbəbdən məsələyə yalnız "Avropa Azərbaycana təzyiq edir" prizmasından baxmaq doğru görünmür. Burada Avropa İttifaqının müxtəlif institutlarının fərqli funksiyaları, enerji və nəqliyyat maraqları, Cənubi Qafqazdakı geosiyasi dəyişikliklər və Avropa Parlamentində fəaliyyət göstərən siyasi qrupların mövqeləri də bir-biri ilə kəsişir. Bu kontekstdə Avropa Parlamentinin Renew Europe qrupunda təmsil olunan Oihane Agirregoitia Martínez-in fəaliyyəti də diqqət çəkir. Onun son illərdə Azərbaycanla bağlı müxtəlif qətnamə təşəbbüslərində iştirakı göstərir ki, söhbət yalnız oktyabrın 7-də gündəmə gələn Əli Kərimli məsələsindən getmir. Burada daha geniş və ardıcıl parlament siyasi xəttindən söhbət gedir.Bəs bu xətt necə formalaşıb? Oihane Agirregoitia Martínez-in bu prosesdə rolu nədir? Onun Petras Auštrevičius, Dan Barna və Hilde Vautmans kimi digər deputatlarla əməkdaşlığı hansı nəticələrə gətirib çıxarıb? Və ən əsası, Brüssel Azərbaycanla enerji və nəqliyyat sahəsində strateji tərəfdaşlığı dərinləşdirə-dərinləşdirə siyasi təzyiq mexanizmini niyə qoruyub saxlayır?
Bu suallara cavab vermək üçün əvvəlcə Avropa Parlamentinin Azərbaycanla bağlı son illərdə qəbul etdiyi sənədlərə, daha sonra isə həmin sənədlərin müəllifləri və onların siyasi əlaqələrinə nəzər salmaq lazımdır.
Bu siyasi xəttin son illərdə necə formalaşdığını görmək üçün 2024-cü ildən başlamaq kifayətdir. Ardı arada verilən qətnamələr və bu qətnamədə enerji təminatı məsələlərinin gündəmə gəlməsi, Azərbaycanın Avropa ilə iqtisadi və enerji münasibətlərinin siyasi şərtlərlə əlaqələndirilməsindən gedirdi.. Ancaq gözlənilən ssenari eyni yolla davam etmədi və Parlamentin bu çağırışları ilə Aİ-nin icraedici strukturlarının Azərbaycan siyasəti ayrı istiqamətlərdə inkişaf etdi. həmin dövrdən sonra Aİ Azərbaycanla enerji və bağlantı sahəsində əməkdaşlığı davam etdirdi. Biz eyni vaxta iki fərqli Brüssel siyasi kursunu izləməyə davam etdik.
2026-cı ilin martında bunun çox konkret nümunəsi ortaya çıxdı. Avropa Komissiyası Azərbaycanla strateji enerji tərəfdaşlığını bir daha təsdiqlədi. Sənəddə təbii qazla yanaşı, bərpa olunan enerji, enerji səmərəliliyi, hidrogen, metan emissiyalarının azaldılması və regional enerji bağlantıları da əməkdaşlığın istiqamətləri kimi göstərildi.
Daha əhəmiyyətlisi isə rəqəmlərdə özünü təsdiqlədi. Komissiyanın məlumatına görə, 2025-ci ildə Azərbaycan və SOCAR Aİ üzv dövlətlərinə 12,5 milyard kubmetr təbii qaz çatdırıb. Bu, 2021-ci illə müqayisədə 53,8 faiz artım demək idi.
Başqa sözlə, Avropa Parlamenti Azərbaycana qarşı siyasi şərtlərin sərtləşdirilməsini müzakirə etdiyi vaxtda Avropa İttifaqının enerji siyasəti Azərbaycan qazından istifadənin artırılması istiqamətində hərəkət edirdi.
Avropa Parlamentinin qətnamələri siyasi təzyiq və mövqe formalaşdırmaq vasitəsidir. Hansı ki, rəsmi Brüssel bu vaxta kimi  lazım gəldikcə bundan eninə-uzununa intifadaə edir.
Enerji müqavilələri, investisiya layihələri, nəqliyyat dəhlizləri və xarici siyasətin praktiki icrası isə əsasən Komissiya, EEAS və üzv dövlətlərin hökumətləri tərəfindən həyata keçirilir.
Beləliklə, bir tərəfdə Parlamentin siyasi təzyiqi, digər tərəfdə isə Aİ-nin strateji maraqları dayanır. Bütün qeyd etdiklərimizin fonunda ortaya çıxan sual budur Brüssel Azərbaycan tərəfinin bu tələblərin hamısını qəbul etməyəcəyini bilmirmi? Təbii ki bilir. Bəs o zaman niyə eyni formatda davam edir. Cavab konkretdir. Avropa Parlamenti bu fəaliyyəti ilə öz siyasi təsir imkanını qorumağa çalışır.
Çünki Aİ üçün Azərbaycan artıq yalnız Cənubi Qafqaz ölkəsi deyil. Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsində rol oynayır, Trans-Xəzər nəqliyyat dəhlizində mühüm mövqeyə malikdir və Cənubi Qafqazda Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişafı baxımından əsas tərəflərdən biridir. Xatırlayırsınızsa, 2026-cı ilin mayında Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaja Kallas Bakıda Azərbaycanı Aİ üçün "dəyərli və etibarlı enerji tərəfdaşı" adlandırdı. Eyni zamanda o, insan hüquqları üzrə açıq dialoqun Aİ-Azərbaycan münasibətlərinin ayrılmaz hissəsi olaraq qalacağını bildirdi..
2026-cı ilin iyulunda bu yanaşmanın başqa bir tərəfi də ortaya çıxdı. Avropa Komissiyası Azərbaycanla bağlantı tərəfdaşlığının yaradıldığını açıqladı və Cənubi Qafqaz üzrə 200 milyon avroya qədər qrant maliyyəsi və 2 milyard avroya qədər investisiyanı səfərbər edə biləcək "Connectivity for Peace" paketini elan etdi. Eyni səfər zamanı Aİ-Azərbaycan ticarət və enerji tərəfdaşlığının dərinləşdirilməsi də müzakirə edildi. Bu fakt çox şeyi göstərdi.
Əgər Aİ-nin əsas məqsədi Azərbaycanla siyasi qarşıdurmanı dərinləşdirmək olsaydı, eyni vaxtda belə genişmiqyaslı bağlantı və investisiya layihələrinin hazırlanması məntiqli görünməzdi.
Deməli, Brüsselin yanaşması daha çox Azərbaycanla əlaqəni qorumaq, amma həmin əlaqənin siyasi gündəmini də öz təsir imkanlarından çıxarmamaqdır. Deməli, məsələ "niyə geri çəkilmirlər?" sualından daha mürəkkəbdir. Enerji, nəqliyyat və geosiyasət Aİ-nin Azərbaycanla işləməsini zəruri edir. İnsan hüquqları və siyasi şərtləndirmə isə həmin əməkdaşlıq üzərində siyasi təsir imkanını qorumaq üçün istifadə olunan digər xəttdir.Və görünən odur ki, yaxın perspektivdə Brüsselin bu iki xəttdən - strateji əməkdaşlıqdan və siyasi şərtləndirmədən - hər hansı birindən tam imtina etməsi gözlənilmir. Çünki Azərbaycan Aİ üçün yalnız tənqid edilən ölkə deyil, eyni zamanda itirilməsi arzuolunmayan strateji tərəfdaşdır. Bu isə rəsmi Brüsselin əsas siyasi reallığıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31