“Bakı və Aşqabad regional təhlükəsizlik və nəqliyyat platformasını gücləndirir” – ÖZƏL

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Türkmənistana işgüzar səfərə gedib. Dövlət başçısını Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.

Mövzu ilə bağlı siyasi şərhçi Əfsanə İbrahimova Olaylar.az-a danışıb. Siyasi şərhçi bildirib ki, səfərin siyasi əhəmiyyəti ondan ibarətdir ki, Qurbanqulu Berdimuhamedov 2025-ci ildə İlham Əliyevi 2026-cı ildə Türkmənistana səfərə dəvət etmişdi. Bu dəvət Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşündə tam iştirakı barədə qərardan sonra gəlmişdi. Dəvətdə Türkmənistanda keçiriləcək 8-ci Məşvərət Görüşü də xatırlanırdı. Buna görə səfəri Bakının Mərkəzi Asiya ilə institusional yaxınlaşmasının davamı kimi görmək olar. Üstəlik İlham Əliyev 2025-ci ilin avqustunda da Türkmənbaşıya işgüzar səfərlə gəlmişdi. Bu isə dialoqun müntəzəm xarakter aldığını göstərir. Xarici işlər nazirinin qarşılamada iştirakı da münasibətlərə verilən siyasi önəmi göstərir. 

Ekspertin sözlərinə görə, bu səfər həmçinin Xəzər regionu üçün də yeni  imkanlar deməkdir. Burada bir neçə istiqamət qabarıqdır. İlk növbədə bura aiddir nəqliyyat və tranzit. Orta Dəhliz, Türkmənbaşı və Bakı limanları arasında gəmiçilik və Xəzər üzərindən yük axınlarının artırılması imkanı genişlənir.  Digər tərəfdən bu enerji sahəsində əməkdaşlığı gücləndirir. Qaz və neft sahəsində əməkdaşlıq, Xəzər dənizindən keçən boru kəməri və ya svop variantları bura aiddir. Burada həmçinin regional format məsələsinə də toxunmaq olar. Çünki bu proseslər nəticəsində Mərkəzi Asiya platforması çərçivəsində koordinasiya və Xəzər sahilyanı ölkələrin ortaq mövqelərinin işlənməsi imkanı yaranır. 
İqtisadi və humanitar əlaqələr də güclənir. Bura ticarətin, investisiyanın , mədəniyyətin və Türk dövlətləri təşkilatı kimi platformalarda inteqrasiya güclənməsi aiddir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31