Medvedevdən İrəvana “İkinci Ukrayna” hədəsi: Moskva nəyi planlaşdırır? – ÖZƏL

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistan rəhbərliyini sərt tənqid edib. İranın Dövlət Televiziya və Radiosuna müsahibə verən Medvedev deyib: "Hazırkı Ermənistan rəhbərliyinin seçdiyi siyasi kurs yaxşı heç nəyə gətirib çıxarmayacaq. Respublikanın başına gələ biləcək ən dəhşətli şey onun ikinci Ukraynaya çevrilməsidir". Medvedev nümunə kimi Gürcüstanı göstərib və Qərbin Tbilisiyə NATO üzvlüyü vədinin yaxşı nəticələnmədiyini bildirib. Medvedevin hədələyici çıxışları yeni olmasa da, ilk dəfədir ki, bu fikirləri İran dövlət mediasında səsləndirir.

"Rusiya rəsmilərinin Ermənistana qarşı "onu ikinci Ukraynaya çevirə bilərik" tipli təhdidləri yeni deyil. Amma təəssüflər olsun ki, Dmitri Medvedev vaxtilə Rusiyanın prezidenti və baş naziri olmuş şəxsdir və hazırda da Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini kimi kifayət qədər yüksək vəzifəli şəxs hesab olunur. Onun bir ölkənin müstəqil siyasətinə qarşı belə təhdid dilində danışması özü beynəlxalq hüquqa qarşı hörmətsizlik, başqa ölkənin daxili işlərinə qarışmaqdır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, bu müsahibə heç də yerli televiziya kanalına deyil, başqa ölkənin televiziya kanalına verilib, bu məsələdə təhdid dilinin daha da sərtləşdiyini göstərir. Bu sərtləşmə də, heç şübhəsiz ki, son aylarda Ermənistan Baş nazirinin ölkəsinin müstəqilliyi və Rusiyadan mümkün qədər uzaqlaşma strategiyasında daha qətiyyətli və prinsipial mövqe tutması ilə bağlıdır. Bəli, hesab edirəm ki, Medvedevin bu açıqlamaları blef deyil. Əslində, 44 günlük Vətən müharibəsindən 7 iyun 2026-cı il parlament seçkilərinə qədər Rusiya Ermənistanda dəfələrlə hakimiyyət dəyişikliyinə cəhd göstərdi. Amma hər dəfə ciddi uğursuzluq və məğlubiyyətlə üz-üzə qaldı. "İkinci Ukrayna" misalı ilə paralel olaraq Gürcüstanın da vaxtilə Qərb tərəfindən şirnikləndirilərək NATO üzvlüyünə istiqamətləndirilməsinin aqibətinin necə ağır olduğunu ifadə etmək əslində bugünkü Gürcüstan hakimiyyətinə qarşı bir növ sayğısızlıq və hörmətsizlikdir. Bununla qeyd edilməlidir ki, Gürcüstanın hazırkı hakimiyyəti Rusiyanın haqlı və ya haqsız bütün tələbləri qarşısında geri çəkilir və ona görə də Rusiya ilə əvvəlki hakimiyyətin dövründə yaşanan problemlər hazırda müşahidə olunmur. "İkinci Ukraynaya çevrilə bilər" vədinin arxasında dayanan məntiq də ondan ibarətdir ki, bu gün Ukrayna həm də ona görə cəzalandırılır ki, Rusiya ilə yollarını ayırmaq istəyirdi. Belə bir aqibət Ermənistanı gözləyə bilərmi? Nəzəri cəhətdən, həm də praktiki baxımdan bunun real ehtimal olduğunu demək mümkündür. Amma düşünmürəm ki, Rusiya Ukraynada və Gürcüstanda olduğu qədər Ermənistanda uğurlu nəticə əldə edə biləcək. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Rusiyanın Gürcüstan və Ukraynadan fərqli olaraq Ermənistanla quru sərhədi yoxdur. Ermənistandakı "beşinci kolon" təmsilçiləri də kifayət qədər marginallaşmış qrupa çevrilirlər. Rusiyanın Ermənistandakı hərbi bazasından istifadə etməklə hakimiyyət çevrilişi etmək və ya Ermənistanın hansısa ərazisində separatçı bir bölgə yaradaraq orada hansısa toplumun hüquqlarını müdafiə etmək adı altında tampon bölgə formalaşdırmaq ssenarisi də mümkün görünmür.

Ekspertin fikrincə, Ermənistan üçün real və ağlabatan ssenari Nikol Paşinyana qarşı sui-qəsd planı ola bilər. Amma biz bu gün görürük ki, artıq Ermənistanda Nikol Paşinyan tək deyil. Onun komandasında kifayət qədər yeni, fərqli təfəkkürlü və parlaq siyasətçilər var. Söhbət Alen Simonyandan, İrana səfər etmiş Ararat Mirzoyandan və digər erməni siyasətçilərdən gedir. Onlar Paşinyandan heç də az Rusiyaya qarşı mövqedə deyillər və ölkələrinin Rusiyadan qoparaq Qərbə inteqrasiyasında maraqlıdırlar. Bu baxımdan düşünürəm ki, Nikol Paşinyana qarşı sui-qəsd əslində Ermənistanın daha tez Rusiyadan qopmasına gətirib çıxara bilər, nəinki bu prosesin qarşısını ala bilər. Amma Medvedevin dediklərini mən blef yox, Rusiyanın növbəti, həm də çıxılmaz vəziyyətdə atacağı ən son addımlardan biri kimi real hesab edirəm. Lakin qeyd etdiyim kimi, bunun uğurlu olacağına əmin deyiləm.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31