Zahid Oruc: "Cəmiyyətin böyük dəstəyi göstərdi ki, qanunun müəllifi xalqdır"
11:44 SosialUşaqların sosial media platformalarına qoşulmasına dair qaydaları tənzimləyən yeni qanun layihəsinə əsasən, 16 yaşı tamam olmamış uşaqların sosial şəbəkə platformalarında fərdi hesab açmasına qadağa qoyulur; 16-18 yaş qrupu üçün isə valideyn razılığı şərti müəyyənləşir. Layihənin əhəmiyyətini və qərar elmi cəhətdən əsaslarını, həmçinin dünya ölkələrinin - Avstraliya, Fransa, İspaniya kimi dövlətlərin təcrübəsini bir daha cəmiyyətimizlə bölüşməyə ehtiyac var. Ən baçlıcası, sosial mediaya öyrəşmiş uşağın əlindən onu almaq aqressiya və psixoloji gərginliyə yol açmırmı - həmin yaş qrupunda yaranan boşluğu necə doldurmaq olar?"
Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc layihənin geniş ictimai təqdimatını yüksək qiymətləndirərək, bir neçə məqama diqqət çəkməyə çalışıb. O, bildirib ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi" haqqında qanun layihəsi, onunla bağlı digər hüquqi aktlarda dəyişikliklərin müzakirəsinə dəvət olunan çoxsaylı dövlət və hökumət nümayəndələri, müvafiq təhsil və səhiyyə orqanlarının rəhbərləri, media və üçüncü sektorun aparıcı təmsilçiləri hüquqi təşəbbüsün millətimiz üçün əhəmiyyətini xüsusi vurğuladılar, dövlətimizin mövqeyinin əhaliyə düzgün və səmərəli bir dillə, dialoq və qarşılıqlı anlaşma mühitində çatdırılmasına müsbət töhfələrini verdilər. Qanunvericiliyin direktiv bir sənəd kimi yox, məhz xalqımızın sosial sifarişindən doğulduğunu sübuta yetirdilər.
Təhsil sistemi nümayəndələri gündəlik milyonlarla uşaqla ünsiyyətdə olan, onların davranışındakı dəyişikliyini birinci əldən müşahidə edən mütəxəssislər kimi göstərdilər ki, problem məktəblərimizdə artıq hiss olunur.
Vahid dövlət siyasətinin formalaşması və qanunun qəbulundan əvvəl ictimai rəyin öyrənilməsi son 5 günlük müzakirələrin müsbət yekunudur.
Qanunun gələcəkdə işlək olmasını təmin edəcək ən mühüm amil şirkətlərə cərimə mexanizmi, texniki yoxlama sistemi, beynəlxalq təcrübə ilə kifayət etmir - bunlar hamısı vacibdir. Lakin qanunun həyatda uğur qazanması üçün yeganə amil: böyük ictimai dəstəkdir.
Bütün inqilablar kimi, kommunikasiya bumu da özü ilə bərabər, yeni çağırışlar gətirir. Hətta buxar maşınları yarananda da qatar nəqliyyatının təhlükələrini tənzimləmək üçün Britaniyada ilk qaydalar hazırlanmışdı və indi belə bir inam var ki, sənaye inqilabları bütün sferalarla yanaşı, birinci növbədə, hüquq sistemlərini irəliyə aparır, yeni qanunların qəbuluna səbəb olur. Ona görə də uzaq Avstraliyanın Qərb texnoloji nailiyyətlərinə öz milli təhlükəsizlik mənafelərindən yanaşması təqdirəlayiq hadisədir və genişlənən hərakata çevrildi.
Azərbaycan nümunəsində ictimai gündəliyə çıxarılan yeni qanunvericilik təşəbbüsü uşaqların hüquqlarının qorunması istiqamətində müstəsna hadisədir. Çünki təkcə mənəvi, sosial deyil, eləcə də ailə institutunun təhlükəsizliyi və dayanıqlığının qorunması həqiqətən, bütövlükdə bir xalqın varlıq və suverenlik məsələsidir. Dövlət rəqəmsal məkanda uşaqların, onların timsalında əhalimizin mənafelərini nəzərə alaraq, problemə sistemli və hüquqi yanaşma ortaya qoydu.
Ulu Öndər Heydər Əliyev deyirdi ki, "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır." Gerçəkdən də Vətən müharibəsində təsdiqini tapan müdrik və uzaqgörən baxış azərbaycanlı ailə institutunun təməllərini təşkil edir.
Müzakirəyə təqdim olunan qanun layihəsi həmin siyasətin rəqəmsal dövrə uyğun davamıdır.
Komitə iclasından sonra cəmiyyətdə yaranan rezonans göstərdi ki, məsələ son dərəcə aktualdır və insanların sosial sifarişidir, gündəlik həyatı ilə birbaşa bağlıdır. Açığını desək, müəyyən qlobal korporasiyaların və onların təsir dairəsində olan müxtəlif kontent yaradıcı süni intellekt alqoritmlərinin dərhal güclü əks kampaniya aparacağını gözləyirdik. Dünyanın müxtəlif ölkələrində olduğu kimi, "senzura tətbiq olunur", "uşaqların hüquqları məhdudlaşdırılır", "hamını nəzarət altına almaq istəyirlər" kimi ittihamların səslənəcəyi proqnozlaşdırılırdı.
Lakin tam əks mənzərə yarandı.
Valideyn birlikləri, müəllimlər, məktəb ictimaiyyəti, psixoloqlar, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri təşəbbüsə böyük dəstək verdilər. Dövlətlə cəmiyyət arasında çox mühüm bir anlaşma və konsensus formalaşdı.
Böyük ictimai dəstək göstərdi ki, məsələ ideoloji və ya siyasi deyil. Başlıca məqsəd, Azərbaycan ailəsinin gələcəyi, uşaqların təhlükəsizliyi və sağlam inkişafıdır.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın gələcəyi sağlam, savadlı və milli dəyərlərə bağlı gənc nəslin yetişməsindən asılıdır. Son illərdə təhsil, səhiyyə, gənclər siyasəti və rəqəmsal inkişaf sahələrində həyata keçirilən proqramlar da bunu təsdiq edir.
Qanun layihəsi dövlətimizin ailələrin yanında olduğunu göstərən mühüm sosial qərardır. Necə ki, siqaret, alkoqol, qumar və digər riskli sahələrdə yaş məhdudiyyəti tətbiq edilir, rəqəmsal məkanda da uşaqların təhlükəsizliyini təmin etmək üçün addım atılır.
Müasir dünyamızda sosial media sadəcə ünsiyyət vasitəsi deyil. O, insan diqqəti üzərində qurulmuş çoxmilyardlıq qlobal şəbəkə biznesidir, nəzarət və idarəetmə silahıdır.
Rəqəmsal platformaların əsas məqsədi istifadəçinin diqqətini mümkün qədər uzun müddət özündə saxlamaqdır. Sonsuz sürüşdürmə, avtomatik video axını, davamlı bildirişlər və digər texnologiyalar təsadüfi deyil. Bunlar insan psixologiyasını platformaya bağlamaq üçün hazırlanmış mexanizmlərdir. Narkotik asılılıqla eyni zəncirin həlqələridir.
11.876 uşağı əhatə edən JAMA Network tədqiqatı sosial media istifadəsinin artmasını depressiya simptomları ilə əlaqələndirir. Britaniya Psixologiya Cəmiyyətinin hesabatına görə, 2014-2022-ci illər arasında 11-16 yaş qrupunda özünə zərər vermə halları 52 faiz artıb. Qız uşaqları riskə oğlanlara nisbətən 2,3 dəfə daha çox məruz qalır.
Yetkin insanla formalaşmaqda olan uşağın psixologiyası arasında böyük fərq var. Ona görə də dünyanın aparıcı ölkələri artıq məsələyə ictimai sağlamlıq, ailə siyasəti və milli təhlükəsizlik baxımından yanaşırlar.
Keçmişdə onu silahlı ordularla edirdilər, indi onlayn məkan fərqli bir formasiyadır, sərhədsiz virtual dünyadır, yüz milyonlarla sakini var, gündəlik olaraq, miqrasiya və emiqrasiya axınları ilə həmin şirkətlər qəbul etdikləri insanların üzərindən yüz milyardlarla dollar gəlir əldə edirlər. Lakin bir çox dövlətlər artıq ictimai etirazları dəyərləndirərək, xüsusilə, müdafiəsiz təbəqəni-məhz uşaqları qorumağa çalışırlar.
Meta-nın 1,5 trilyon dollarlıq bazar dəyəri onlarla dövlətin ÜDM-indən dəfələrlə böyükdür. Söhbət sadəcə texnologiyadan deyil, dünyanın ən güclü iqtisadi və informasiya mərkəzlərindən biri ilə münasibətlərin hüquqi çərçivəyə salınmasından gedir. Dövlətlərin uşaqları qorumaq üçün xüsusi qanunlar qəbul etməsinin əsas səbəblərindən biri də məhz budur.
Ulu Öndər həmçinin bildirirdi ki, "Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir." Sosial şəbəkələrin nəzarətsiz təsiri nəticəsində zəifləyən ailədaxili ünsiyyət texnoloji məsələ kimi qəbul edilə bilməz, daha çox mənəvi məsələdir. Bəzən eyni evdə yaşayan ailə üzvləri bir-biri ilə danışmaq əvəzinə ekranlarla ünsiyyət qururlar.
Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ildə apardığı sorğuya görə, ölkəmizdə 10-17 yaş aralığındakı uşaqların 89.4 faizi smartfon istifadəçisidir. Onların 76.3 faizi gündəlik olaraq sosial media platformalarına daxil olur. Göründüyü kimi, yetərincə yüksək rəqəmdir. Gündəlik orta sosial media istifadə müddəti göstərilən yaş qrupunda 4 saat 12 dəqiqədir - yəni, bir uşağın oyaq qaldığı vaxtın 30 faizinə bərabərdir.
-Həmçinin, ölkəmizdə 12-15 yaş qrupundakı uşaqların 42.5 faizi gecə saat 23:00-dan 02:00-a qədər olan vaxtı telefonda keçirir. Gecə sosial media aktivliyi həm yuxu çatışmazlığına, həm də dərs uğursuzluğuna birbaşa təsir göstərir.
Uşaqların 58.7 faizi ailəsi ilə birgə nahar zamanı masada oturarkən telefona baxır. Valideynlərin 67.3 faizi övladları ilə keyfiyyətli ünsiyyət və mənalı söhbətin 5 ildə 44 faiz azaldığını bildirib.
Sosial media asılılığının ailə büdcəsinə də birbaşa təsiri var. Yeniyetmələr tərəfindən edilən impulsiv alışlar - oyun içi satınalmalar, influencer reklamları ilə yönəldilən istehlak, abunəlik xidmətləri - ailə büdcəsindən xeyli vəsait aparır. 12-18 yaş qrupundakı gənclərin aylıq ortalama rəqəmsal xərcləri 40-70 manata, yəni orta ailə büdcəsinin 6-12 faizinə bərabərdir.
Komitə müzakirələrindən sonra bəzi dairələr iddia edirdilər ki, sosial media məhdudiyyətləri uşaqlarda aqressiya yaradacaq, onları cəmiyyətdən təcrid edəcək. Hətta müəyyən mənada insanları ölçülməmiş arqumentlərlə şantaj etməyə çalışırdılar.
Lakin nəticələr tam fərqli oldu.
Valideynlər, müəllimlər və psixoloqlar qanun layihəsinə dəstək verdilər. Çünki onlar hər gün eyni problemlərlə qarşılaşırlar: gecə saatlarınadək telefondan istifadə, diqqət pozuntuları, virtual bullinq, zərərli çağırışlar, psixoloji təzyiqlər, ailə ünsiyyətinin zəifləməsi və digər risklər.
Biz texnologiyaya qarşı deyilik. Əksinə, Azərbaycanın gələcəyi rəqəmsal inkişafla sıx bağlıdır. Lakin sosial şəbəkələrdən asılılıqla rəqəmsal inkişaf eyni anlayış deyil.
Bir uşağın süni intellekt öyrənməsi, proqramlaşdırma ilə məşğul olması, robot texnologiyalarına maraq göstərməsi ilə saatlarla sosial media lentində vaxt keçirməsi arasında çox böyük fərq var.
Qanun uşaqları texnologiyadan deyil, manipulyativ alqoritmlərin təsirindən qorumaq məqsədi daşıyır.
Layihə hazırlanarkən Avstraliya, Fransa, İspaniya, Böyük Britaniya, ABŞ və bir sıra digər ölkələrin təcrübələri geniş şəkildə öyrənilib.
Avstraliya 16 yaşdan aşağı uşaqlar üçün sosial media məhdudiyyəti tətbiq edib. Fransa valideyn razılığı mexanizmini gücləndirib. İspaniya uşaqların onlayn təhlükəsizliyi sahəsində yeni hüquqi mexanizmlər yaradıb. Böyük Britaniya isə texnologiya şirkətlərinə uşaqların mənafeyini qorumaqla bağlı ciddi öhdəliklər qoyub.
Önə çıxan ölkələrdə əldə olunan ilkin nəticələr diqqətəlayiqdir. Uşaqların sosial mediada keçirdiyi vaxtın azalması, yuxu keyfiyyətinin yaxşılaşması, ailədaxili ünsiyyətin artması və psixoloji rifah göstəricilərinin yüksəlməsi müşahidə olunur. Ən azı, 30 faizlik müsbət təsirlər əldə olunub.
Dünyanın müxtəlif siyasi sistemlərinə malik ölkələrində sosial mediaya yaş senzi ətrafında oxşar yanaşmalar güclənir. Çünki məsələ ideoloji xarakter daşımır, uşaqların müdafiəsini hədəfləyir.
Azərbaycan da beynəlxalq təcrübəni öyrənərək milli model formalaşdırır. Hətta hesab edirik ki, ölkəmiz MDB məkanında qabaqcıl dövlətlərdən birinə çevrilə bilər.
Çünki rəqəmsal təhlükəsizlik XXI əsrin ən mühüm sosial siyasət istiqamətlərindən biridir.
Məqsəd məhdudiyyətdən çox, uşağın həyatını daha sağlam və dəyərli məzmunla zənginləşdirməkdir.
Doğrudur, uzun müddət sosial media və oyun asılılığı formalaşan bəzi uşaqlarda ilk mərhələdə narahatlıq və müqavimət yarana bilər. Lakin beynəlxalq təcrübə göstərir ki, müəyyən adaptasiya dövründən sonra uşaqların emosional vəziyyəti yaxşılaşır, yuxu rejimi normallaşır, diqqət qabiliyyəti artır və sosial münasibətlər güclənir.
Burada əsas məsələ boşluq yaratmağa yox, həmin vaxtı düzgün məzmunla doldurmağa xidmət edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramlarında gənc nəslin sağlam inkişafı, idmanla məşğul olması, vətənpərvərlik ruhunda yetişməsi və müasir biliklərə yiyələnməsi prioritet istiqamətlər kimi müəyyən olunub.
Ölkə başçısının çağırışında məktəblər, idman və yaradıcılıq mərkəzləri, texnoparklar, innovasiya və elm layihələri daha böyük rol oynayacaq.
Biz sosial medianı təkcə istehlak etməyi düşünmürük, daha çox texnologiyanı yaradan nəsil formalaşdırmaq istəyirik.
Ulu Öndər Heydər Əliyev deyirdi ki, "Gənclər bizim gələcəyimizdir. Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir." Vətən müharibəsində Zəfər qazanan bir xalq üçün həmin prinsip öz aktuallığını daha da artırıb.
Komitə müzakirələrindən sonra yaranan ictimai həmrəylik göstərdi ki, Azərbaycan cəmiyyəti məsuliyyəti təkcə dövlətin üzərinə qoymur. Valideynlər, müəllimlər, məktəblər, ictimai institutlar və vətəndaş cəmiyyəti də virtual təhlükəsizliyimizi coğrafi və mavi vətən kimi qorumağa hazırdır.
Ona görə də məqsəd uşağın əlindən telefonu almaq yox, onun həyatını kitab, elm, idman, yaradıcılıq, ailə ünsiyyəti və real sosial münasibətlərlə zənginləşdirməkdir.
Əgər biz buna nail olsaq, müzakirə təkcə bir qanundan getməyəcək. Söhbət Azərbaycanın gələcəyini formalaşdıracaq daha sağlam, qabaqcıl elmi biliklərə yiyələnən və vətənpərvər nəslin yetişməsindən gedəcək.
Zəfər nəsli yetişdirmək üçün mütləq uşaqları və gəncliyi kiber məkanda qorumalıyıq.