Dağ-mədən sənayesində yeni mərhələ: Azərbaycan xammaldan hazır məhsula keçə biləcəkmi?- ÖZƏL

"Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının əsas əhəmiyyəti Azərbaycanın qeyri-neft sektorunda yeni və daha böyük əlavə dəyər yaradan istehsal sahələrinin formalaşdırılması ilə bağlıdır. Azərbaycan uzun illər neft və qaz sektorundan böyük gəlirlər əldə edib. Lakin iqtisadiyyatın uzunmüddətli dayanıqlılığı üçün əsas məsələ həmin gəlirlərlə yanaşı, digər sahələrdə də istehsal və ixrac imkanlarının genişləndirilməsidir. Dağ-mədən və metallurgiya bu baxımdan mühüm istiqamətlərdən biri ola bilər.
Burada əsas məsələ yalnız yeni mədənlərin açılması deyil. Əgər filiz çıxarılıb xammal şəklində satılırsa, ölkə həmin resursdan məhdud əlavə dəyər əldə edir. Daha səmərəli model filizin ölkə daxilində zənginləşdirilməsi, emal edilməsi, metal istehsalı və daha sonra metal məhsullarının hazırlanmasına qədər uzanan istehsal zəncirinin qurulmasıdır. Belə yanaşma həm sənaye istehsalını, həm ixracı, həm də dövlət büdcəsinə daxilolmaları artırmaq imkanına malikdir.
Bu prosesin digər sahələrə də multiplikativ təsiri ola bilər".

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı  Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:

"Metallurgiyanın inkişafı tikinti, maşınqayırma, energetika, nəqliyyat, kabel, metal konstruksiyalar və digər sənaye sahələrinin yerli xammala çıxışını yaxşılaşdıra bilər. Yəni bir mədən və ya metallurgiya müəssisəsinin yaradılması yalnız həmin müəssisədə yeni iş yerlərinin açılması demək deyil. Onun ətrafında logistika, xidmət, təmir, mühəndislik, podrat və digər biznes istiqamətləri də inkişaf edə bilər.
Azad edilmiş ərazilərin bu baxımdan ayrıca əhəmiyyəti var. Bu ərazilərdə geoloji kəşfiyyatın genişləndirilməsi və resurs potensialının iqtisadi dövriyyəyə cəlb edilməsi həm sənaye, həm də regional inkişaf baxımından yeni imkanlar yarada bilər. Lakin burada hasilatın sürətindən daha çox iqtisadi səmərəlilik, ekoloji təhlükəsizlik və resursların emal dərəcəsi nəzərə alınmalıdır. Əsas məqsəd ərazidən xammal çıxarıb başqa yerdə emal etmək deyil, mümkün qədər çox əlavə dəyəri ölkə daxilində yaratmaq olmalıdır.
"Filizçay" yatağı da bu baxımdan diqqət çəkən layihələrdəndir. Polimetal yataqlarının işlənməsi mis, sink, qurğuşun və digər qiymətli komponentlərin iqtisadi dövriyyəyə cəlb edilməsinə imkan yarada bilər. Burada əsas məsələ yatağın ehtiyatlarının sənaye miqyasında və iqtisadi cəhətdən səmərəli şəkildə işlənməsinin təmin edilməsidir. Əgər hasilatla yanaşı zənginləşdirmə və emal imkanları da yaradılarsa, yatağın iqtisadi effekti yalnız mədən gəlirləri ilə məhdudlaşmaz.
Qərb Sənaye Parkının inkişafı da bu zəncirin sənaye hissəsinin gücləndirilməsi baxımından əhəmiyyətli ola bilər. Metallurgiya məhsullarının burada və ya digər sənaye zonalarında emal olunması üçün müəssisələr yaradıldıqda mədən sektoru ilə hazır sənaye məhsulları arasında əlaqə güclənər. Bu isə iqtisadiyyatda bir-birindən ayrı fəaliyyət göstərən müəssisələr əvəzinə vahid istehsal zəncirinin formalaşmasına imkan verə bilər.
Dövlət proqramı çərçivəsində ən vacib məsələlərdən biri geoloji kəşfiyyata investisiyaların artırılmasıdır. Yeni yataqların müəyyənləşdirilməsi üçün müasir geoloji və geofiziki texnologiyalardan istifadə edilməlidir. Yataqların ehtiyatları, filizin keyfiyyəti və hasilatın iqtisadi səmərəliliyi əvvəlcədən nə qədər dəqiq müəyyənləşdirilərsə, həm dövlət, həm də özəl investor üçün risklər bir o qədər azalır.
Dövlət dəstəyi də yalnız büdcədən birbaşa maliyyələşmə formasında olmamalıdır. İnvestisiya təşviqləri, sənaye parklarında infrastrukturun yaradılması, enerji və logistika təminatının yaxşılaşdırılması, geoloji kəşfiyyatın maliyyələşdirilməsi, uzunmüddətli və əlçatan maliyyə imkanlarının yaradılması kimi mexanizmlər tətbiq oluna bilər. Eyni zamanda, daha yüksək əlavə dəyər yaradan, yəni xammalı daha dərin emal edən müəssisələrə daha güclü təşviqlər verilməsi məqsədəuyğun ola bilər.
Bu sahənin inkişafının ixrac baxımından da əhəmiyyəti böyükdür. Hazırda qlobal iqtisadiyyatda mis, sink, alüminium, dəmir və digər metallara tələbat enerji keçidi, infrastruktur və sənayeləşmə prosesləri fonunda strateji əhəmiyyət daşıyır. Azərbaycan bu potensialdan istifadə etməklə qeyri-neft ixracının strukturunda metal və metal məhsullarının payını artıra bilər. Amma burada da əsas məsələ yalnız ixracın fiziki həcmini artırmaq deyil, daha yüksək əlavə dəyərli məhsulların ixracına keçməkdir.
Bununla yanaşı, dağ-mədən və metallurgiya sektorunun inkişafında ekoloji məsələlər xüsusi diqqət tələb edir. Mədənlərin istismarı torpaq və su ehtiyatlarına təsir göstərə bilər. Buna görə yeni layihələrdə müasir ekoloji standartların, tullantıların idarə olunmasının, suyun təkrar istifadəsinin və istehsalat ərazilərinin sonradan bərpasının təmin edilməsi vacibdir. İqtisadi gəlir əldə etmək məqsədilə ekoloji risklərin gələcək nəsillərin üzərinə keçirilməsi düzgün yanaşma olmaz.
Ümumilikdə, Dövlət Proqramının real iqtisadi effekti onun neçə yeni yatağın istismara verilməsi ilə deyil, həmin yataqlardan ölkə daxilində nə qədər əlavə dəyər yaradılması ilə ölçülməlidir. Əgər "yataq-hasilat-zənginləşdirmə-metallurgiya-emal-hazır məhsul-ixrac" zənciri qurularsa, bu sektor Azərbaycanın qeyri-neft iqtisadiyyatının mühüm dayaqlarından birinə çevrilə bilər. Belə halda yeni iş yerləri, investisiyalar, ixrac gəlirləri və sənaye istehsalı artmaqla yanaşı, regionların iqtisadi fəallığı da yüksələ bilər. Azad edilmiş ərazilərdə resursların iqtisadi dövriyyəyə cəlb edilməsi isə bu prosesə həm sənaye, həm də regional inkişaf baxımından əlavə impuls verə bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31