Gəncəsər ətrafında mübahisə: “Sülh körpüsü”nün gələcəyi sual altında qala bilərmi? ÖZƏL
16:38 Siyasət"Sülh körpüsü" təşəbbüsünün erməni iştirakçıları diplomatların Qarabağdakı Gəncəsər monastır kompleksinə səfəri zamanı mədəni irsin təqdimatı ilə bağlı baş verənlərdən narahatlıqlarını bildiriblər. Ermənistan İctimai Radiosunun məlumatına görə, Areq Koçinyan, Boris Navasardyan və digər fəalların imzaladığı bəyanatda vurğulanır ki, bu tür addımlar etimadsızlığı dərinləşdirir və sülh prosesinə mane olur. Bəyanat müəllifləri tərəfləri məsuliyyətli davranmağa və düşmənçiliyi artıra biləcək hərəkətlərdən çəkinməyə çağırıblar.
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib:
" Məncə, burada erməni iştirakçıların reaksiyasında ciddi bir ziddiyyət var. Bir tərəfdən sülh prosesində etimadın artırılmasından danışılır, digər tərəfdən isə Azərbaycanın Qarabağdakı tarixi-mədəni irslə bağlı mövqeyinin təqdim edilməsinə qarşı sərt siyasi etiraz ortaya qoyulur. Əgər hər bir tarixi interpretasiya sülh təşəbbüsünün dayandırılması üçün səbəbə çevriləcəksə, o zaman söhbət real vətəndaş dialoqundan yox, tərəflərin yalnız öz mövqelərinin qəbul edilməsini gözlədiyi bir platformadan gedəcək.
Gəncəsər məsələsində Azərbaycanın mövqeyi kifayət qədər aydındır: Qarabağdakı xristian irsinin alban tarixi-mədəni irsi kontekstində təqdim edilməsi Azərbaycanın uzun müddətdir ifadə etdiyi elmi və tarixi yanaşmanın tərkib hissəsidir. Ermənistan tərəfinin bunu avtomatik şəkildə "erməni irsinin mənimsənilməsi" kimi təqdim etməsi isə mübahisənin mahiyyətini araşdırmaq əvəzinə siyasi mövqenin əvvəlcədən müəyyənləşdirilməsi təsiri yaradır. Tarixlə bağlı elmi mübahisə aparmaq mümkündür, hətta lazımdır, amma bunun yolu qarşı tərəfin hər təqdimatını sülhə təhlükə kimi göstərmək deyil.
Daha maraqlısı odur ki, bəyanat müəllifləri etimadın zədələnməsindən narahat olduqlarını bildirirlər. Halbuki etimad birtərəfli şəkildə yaranmır. Azərbaycan tərəfinin də öz tarixi yaddaşı, mədəni irsi və bu irslə bağlı mövqeyi var. Sülh dialoqunun iştirakçıları qarşı tərəfdən yalnız öz narrativlərinə hörmət tələb edirlərsə, amma digər tərəfin tarixi yanaşmasını qəbul etməyə hazır deyillərsə, bu, etimadın deyil, qarşılıqlı şərtlərin artmasına gətirib çıxarır.
Burada Ermənistanın bəzi ictimai fəallarının başqa bir problemi də üzə çıxır: onlar sülh təşəbbüsünü siyasi dialoq platformasından daha çox, Ermənistanın mövqeyinin beynəlxalq səviyyədə müdafiə edilməsi vasitəsinə çevirmək riski yaradırlar. Bu isə "Sülh körpüsü"nün mahiyyətinə ziddir. Sülh körpüsü yalnız Ermənistanın narazılıqlarının ifadə edildiyi platforma olmamalıdır; Azərbaycan tərəfinin mövqeyi və həssaslıqları da eyni şəkildə dinlənilməlidir.
Bu hadisənin "Sülh körpüsü"nün tamamilə dayandırılmasına gətirib çıxarıb-çıxarmayacağını indidən demək mümkün deyil. Lakin belə bəyanatlar təşəbbüsün işinə ciddi siyasi təzyiq yarada bilər. Əgər iştirakçılar hər mübahisəli hadisədən sonra dialoqu dayandırmaq xəttinə keçsələr, təşəbbüsün davamlılığı sual altına düşəcək. Əksinə, bu hadisə dialoqun dayandırılması yox, daha ciddi və açıq müzakirə üçün səbəbə çevrilə bilər.
Azərbaycan-Ermənistan münasibətlərində ən çətin məsələlərdən biri məhz budur: sülh haqqında danışmaq asandır, sülhün tələb etdiyi qarşılıqlı yanaşmanı qəbul etmək isə daha çətindir. Ermənistan tərəfinin bəzi nümayəndələri artıq başa düşməlidirlər ki, sülh yalnız qarşı tərəfin addımlarına irad bildirməkdən ibarət deyil. Ermənistan tərəfindən bu kimi məsələlərin dərhal sülh prosesinə qarşı ittihama çevrilməsi isə göstərir ki, İrəvan cəmiyyətində dialoq mədəniyyətinin formalaşması üçün hələ görüləsi kifayət qədər iş var".
Zeynəb Mustafazadə