Qeyri-peşəkarlıq, yoxsa “qaz vurub, qazan doldurmaq” hərisliyi?
11:04 SosialAYNA niyə səlahiyyətlərini icra edə bilmədi?
Dünyanın ən iri paytaxt şəhərlərindən olan Bakının nəqliyyat problemi uzandıqca uzanır. Yol infrastrukturunun formalaşdırılmasının hansı quruma həvalə edilməsindən asılı olmayaraq paytaxtda nəqliyyatın mənzərəsi heç də ürəkacan olmur. Bu sahədə dövlət üzərinə düşən vəzifələrin icrasında bütün lazımi tədbirləri görür: qanunvericilik bazası yaradılır, lazımi vəsait ayrılır. Lakin səlahiyyətlər verilmiş qurumlar etimadı doğrultmaq əvəzinə, sui-istifadə hallarına yol verərək maddi imkanlarının girdabına çevrilirlər. Etiraf edək ki, son illərdə Bakının nəqliyyat mənzərəsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) "islahat" xarakterli addımları ilə kökündən dəyişməyə başlayıb. Çox təəssüf ki, islahat adı altında görülən işlərin nəticəsi olaraq kağız üzərindəki rəqəmlərlə küçələrdəki reallıq tamamilə ziddiyyət təşkil edir.
Xatırladaq ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yaradılarkən bir neçə dövlət qurumunun avtomobil nəqliyyatı ilə bağlı funksiya və səlahiyyətləri ona verildi. Daha dəqiq, avtomobil nəqliyyatı sahəsində dövlət tənzimlənməsi, sərnişin və yük daşımalarına nəzarət, beynəlxalq və ölkədaxili daşımalar üzrə qayda və tələblərin icrasına nəzarət, nəqliyyat xidmətlərinin elektronlaşdırılması, taksi və ictimai nəqliyyatın idarə olunması, parklanma və mobillik sistemlərinin təşkili, avtobus marşrutlarının tənzimlənməsi və müsabiqələrinin keçirilməsi kimi geniş səlahiyyətlər əldə edən AYNA nəinki nəqliyyat sferasını inkişaf etdirdi, əksinə, islahat adı altında bütün mövcud infrastrukturu məhv etdi.
Bəs, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi səlahiyyətləri niyə icra edə bilmədi?
Qeyd edək ki, AYNA yaradılarkən kadr potensialını dostluq, qohumbazlıq prinsipləri əvəz etdiyindən struktur qarışıqlığı və koordinasiya problemləri ortaya çıxdı. İnfrastruktur çatışmazlığı, avtobus zolaqlarının azlığı, parklanma problemləri və regionlarda zəif nəqliyyat infrastrukturunun effektliyini artırmaq əvəzinə, cərimə və sanksiya tətbiqinə üstünlük verildi. Nəticədə peşəkar sürücü, dispetçer və nəzarət sistemləri arxa plana keçirildi. Taksi və avtobus sektorunda müqavimət artdı, yeni səmərəsiz və effektsiz qaydaların tətbiq olunması ilə sürücülər və şirkətlər tərəfindən narazılıqlar yarandı ki, bu da islahatların tətbiqinə əngəl törətdi. Rəqəmsallaşma, elektron ödəniş, marşrut optimallaşdırılması və məlumat sistemləri bütün sahələrdə tam işlək vəziyyətə gətirilmədi. Yeri gəlmişkən hələ də vahid ödəniş sistemi ilə bağlı axtarışlar davam etməkdədir.
Bakının mərkəzində tətbiq edilən yeni parklanma siyasəti şəhərin yükünü azaltmaq məqsədi güdsə də, bu, daha çox sürücülərin büdcəsinə zərbə vuran bir mexanizmə çevrilib. Bakıda isə AYNA mərkəzi zonalarda qiymətləri olduqca yüksək etməklə yanaşı, sürücüyə avtomobilini təhlükəsiz və uyğun ödənişlə etibar etməsi üçün heç bir infrastruktur təklif etməyib. Mövcud vəziyyət birmənalı olaraq daha çox gəlir əldə edilməsinə hesablanıb.
AYNA-nın fəxrlə öyündüyü avtobus zolaqları sərnişin və sürücülərin rahatlığını əlindən alıb. Çünki, belə zolaqların tətbiqi ilə fərdi avtomobillər üçün yol daralır, tıxac daha da kəskinləşir. Yəni AYNA yolu avtobus üçün ayırsa da, həmin yolu dolduracaq keyfiyyətli xidməti təmin edə bilməyib. Qurum tərəfindən aparılan taksi islahatlarının icra forması bazar iqtisadiyyatının qanunları ilə ziddiyyət təşkil edir. Süni şəkildə taksi sayının azaldılması birbaşa qiymət artımına gətirib çıxardıb. Bu isə o deməkdir ki, avtobusa minə bilməyən, metro olmayan ərazilərdə yaşayan vətəndaş artıq taksi xidmətindən də istifadə edə bilmir. Cəmiyyətin ən aşağı gəlirli təbəqəsi üçün nəqliyyat əlçatanlığı kəskin pisləşib.
Məhz sadalanan amillər nəzərə alınaraq paytaxtda ictimai nəqliyyatın idarə edilməsində yeni mərhələ başlayıb. Bir müddət öncə Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması səlahiyyəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən alınıb. Bu günlərdə isə Prezidentin fərmanı ilə "BakuBus" və Bakı taksi xidməti Bakı Metropoliteninin tərkibində birləşdirilib. Bu, Prezident İlham Əliyevin "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Fərmanında əksini tapıb. Fərmana əsasən, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "Bakı Taksi Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil ediləcək. Sənəddə müəyyən edilib ki, Cəmiyyət ictimai nəqliyyat sahəsində (metro, avtobus, tramvay, taksi) sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, onların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqini, habelə bu sahədə yeni nəqliyyat infrastrukturu obyektlərinin (metro, tramvay, avtomobil nəqliyyatı üzrə avtovağzalların (avtostansiyaların), terminalların və digər qurğuların, eləcə də taksi və avtobuslara texniki xidmət göstərən texniki-təmir sahələrinin və stansiyalarının) layihələndirilməsini və tikintisini, maddi-texniki bazanın gücləndirilməsini və müasirləşdirilməsini, həmçinin müxtəlif nəqliyyat növləri (metro, avtobus, tramvay, taksi) üzrə xidmətlərin qarşılıqlı inteqrasiyasını, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir. Cəmiyyət "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "Bakı Taksi Xidməti" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir, onların bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir. Bu qərar Bakıda, eləcə də ölkəmizin digər şəhərlərində ictimai nəqliyyatın yeni mərhələyə keçməsinin əsasını qoyan strateji bir addımdır. Artıq dünyada nəqliyyat ayrı-ayrı sahələr kimi deyil, şəhər üzrə vahid bir bütöv sistem kimi qəbul olunur. Dünyanın aparıcı şəhərlərində tətbiq edilən bu yanaşma sərnişinlərə daha rahat, daha uyğunlaşdırılmış və daha əlaqələndirilmiş xidmət göstərilməsini hədəfləyir.
Alim