WUF-13 Azərbaycana nə vəd edir?
10:59 İqtisadiyyatÖlkəmizdə "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) keçirilməsinə saylı günlər qalıb. Artıq beynəlxalq əhəmiyyətli tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün lazım olan bütün hazırlıq işləri başa çatdırlıb. Belə ki, yüksəksəviyyəli qonaqlar və nümayəndə heyətləri üçün xüsusi zonalar ayrılıb. Burada dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət sahəsi və qidalanma xidməti üçün xüsusi məkanlar nəzərdə tutulub. Açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək. Mövcud hazırlıq səviyyəsi forumun yüksək iştirakçı axınını, çoxsaylı paralel tədbirləri və beynəlxalq nümayəndə heyətlərinin qəbullarını uyğun şəkildə planlaşdırmağa imkan verir. Forumun əsas müzakirə və paralel tədbirlərinin olacağı zona 3,55 hektar sahəni əhatə edir və iclas zalları, tematik sessiyalar, BMT tədbirləri, paralel görüşlər və ikitərəfli danışıqlar üçün nəzərdə tutulub. Burada müxtəlif formatlı rəsmi və işgüzar görüşlərin eyni vaxtda keçirilməsi üçün şərait var. Forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiya, görüş və tədbirin keçirilməsi planlaşdırılır. Xüsusilə vurğulayaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı görülən işlərlə tanış olub.
Qeyd edək ki, Bakının ev sahibliyi edəcəyi BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunan WUF13 dünyanın diqqətini yenidən ölkəmizə yönəldəcək. İndiyədək 180 ölkədən 32 min 225 nəfər qeydiyyatdan keçib ki, bu da artıq WUF tarixində rekord göstəricidir. Bu mühüm tədbirdə Azərbaycan dövləti tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz yenidənqurma və şəhərsalma modeli, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, bu regionların yaşıl enerji zonasına çevrilməsi ilə bağlı görülmüş işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl nümunələr kimi dünya ictimaiyyətinə təqdim ediləcək. Yeri gəlmişkən xatırladaq ki, WUF13, həmçinin WUF tarixində ilk dəfə Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
WUF13-dən gözləntilər nədən ibarətdir?
Əvvəla qeyd edək ki, WUF13-ə 193 ölkədən minlərlə nümayəndənin qatılması gözlənilir və bu tədbir urbanizasiya sahəsində dünyanın ən böyük platformalarından biri hesab olunur. Bu baxımdan World Urban Forum 13 ilə bağlı əsas gözləntilər bir neçə istiqamətdə cəmlənir. Əsas istiqamət mənzil və urbanizasiya böhranının həll yollarını müəyyən etməyə yönəlib. Forumun əsas mövzusu "Dünyanı yerləşdirmək: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar"dır. Məqsəd isə əlçatan mənzil siyasətləri, qeyri-formal yaşayış məntəqələrinin transformasiyası, şəhərlərin iqlim dəyişikliklərinə davamlılığı, təhlükəsiz və inklüziv urban inkişaf modelləri üzrə qlobal əməkdaşlığı gücləndirməkdir. Tədqirəlayiq haldır ki, Formda Bakı və Azərbaycanın urban inkişaf modeli kimi təqdimatıdır.
Belə bir Forumun Baku şəhərində keçirilməsi Azərbaycanın post-münaqişə ərazilərində "ağıllı şəhər" və "ağıllı kənd" layihələrini, Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma təcrübəsini, yaşıl enerji və dayanıqlı şəhər konsepsiyalarını beynəlxalq auditoriyaya təqdim etmək imkanı baxımından əhəmiyyətlidir. Hansı ki, bu layihələr yaşıl enerji, rəqəmsal idarəetmə və dayanıqlı infrastruktur konsepsiyasına əsaslanır. Eyni zamanda, "Böyük Qayıdış" proqramı çərçivəsində post-münaqişə ərazilərinin yenidən qurulması məsələsi gündəmə gəlir. Azərbaycan bunu müharibədən sonrakı urban bərpa və iqlimə davamlı yaşayış modeli kimi təqdim etməyə çalışır. Rəsmi məlumatlarda artıq on minlərlə ailənin geri dönüşünün urban planlaşdırma nümunəsi kimi vurğulandığı qeyd olunur. Qayıdış proqramının davamlı olması üçün yaşıl nəqliyyat və dayanıqlı mobillik layihələrinin tərkib hissəsi olan elektrik avtobusları, modern dəmir yolu şəbəkəsi, Orta Dəhliz infrastrukturu, enerji-effektiv ictimai nəqliyyat sistemlərinin yaradılmasının əhəmiyyəti önə çəkilir.
Qlobal əməkdaşlıq və siyasət platformasına gıldikdə WUF13-dən gözlənti odur ki, hökumətlər, bələdiyyələr, beynəlxalq təşkilatlar, şəhər planlaşdırıcıları, akademik və özəl sektor nümayəndələri birgə urban siyasətlər formalaşdırsınlar və praktiki həllər yolunu paylaşsınlar. İqlim və dayanıqlılıq məsələlərinin ön plana çıxması isə Forumda karbon emissiyalarının azaldılması, yaşıl nəqliyyat, istilik dalğalarına davamlı şəhərlər, tullantı idarəetməsi, su və enerji effektivliyi kimi mövzuların əsas müzakirə xəttinə çevirir.
Etiraf edilməlidir ki, belə bir mötəbər forumunölkəmizdə baş tutması Azərbaycanın beynəlxalq imicinin güclənməsinə də öz töhfəsini vermiş olur. Brlə ki, COP29-dan sonra WUF13 də Azərbaycanın beynəlxalq tədbirlər mərkəzi, regional urban innovasiya platforması, qlobal əməkdaşlıq tərəfdaşı kimi mövqeyini möhkəmləndirə bilər. Nəzərə alaq ki, Forum yalnız müzakirə platforması deyil, həm də yeni tərəfdaşlıqlar, investisiya imkanları, şəhər inkişafı layihələri, urban texnologiyalar və maliyyələşdirmə mexanizmləri üçün konkret əməkdaşlıq imkanları yaratmağı hədəfləyir. Ümumilikdə Azərbaycan WUF13-də özünü post-münaqişə urbanizasiya modeli, yaşıl enerji mərkəzi, "smart city/smart village" laboratoriyası kimi təqdim etməyə çalışacaq.
Alim