Pandemiyadan sonra dəyişən dünya: İnsanlar artıq hər virusa niyə inanır?
11:08 SosialBir zamanlar insanlar xəstəlik xəbərlərini sadəcə televiziyadan eşidirdik. İndi isə sosial şəbəkəyə daxil olmaq kifayətdir ki, "yeni virus yayılır", "naməlum infeksiya aşkarlanıb", "ölümcül xəstəlik təhlükəsi" kimi başlıqlar insanın qarşısına çıxsın.
Pandemiya dövrü insanların həyatına sadəcə tibbi yox, psixoloji və sosial baxımdan da böyük təsir göstərdi. İndi insanlar küçədə eşitdikləri bir simptomdan, sosial şəbəkədə qarşısına çıxan bir paylaşımdan, yaxud qonşusunun dediyi bir cümlədən belə narahat olmağa başlayır. Düşünürəm ki, COVID-19 pandemiyası insanlarda görünməyən təhlükələrə qarşı fərqli bir qorxu yaratdı. Bu qorxu isə zaman keçdikcə ehtiyat hissindən daha çox şübhəyə və panikaya çevrildi.
Əslində virus anlayışı insanlıq üçün yeni deyil. Viruslar əsrlərdir mövcuddur və bəşəriyyət müxtəlif epidemiyalarla dəfələrlə qarşılaşıb. Sadə dillə desək, virus insan orqanizminə daxil olaraq hüceyrələrdə çoxalan və müxtəlif xəstəliklər yaradan bir canlıdır. Lakin əvvəlki dövrlərdə insanlar virus xəbərlərini yalnız televiziya və ya rəsmi mənbələrdən eşidirdilərsə, indi sosial media hər kəsi "informasiya daşıyıcısı"na çevirib. Bu isə doğru ilə yalan məlumatın bir-birinə qarışmasına səbəb olur.
Pandemiyadan sonra cəmiyyətdə ən çox dəyişən məqamlardan biri insanların sağlamlıq məsələlərinə qarşı həssaslığının artması oldu. İndi biri öskürəndə insanlar avtomatik olaraq təhlükə hiss edir, adi qripi belə ağır virus hesab edənlər tapılır. Məncə bu, bir tərəfdən normaldır. Çünki dünya uzun müddət qapanmalar, ölüm xəbərləri, xəstəxana görüntüləri və qorxu atmosferi içində yaşadı. İnsan psixologiyası isə belə travmaları tez unutmur. Amma digər tərəfdən artıq bəzi hallarda bu qorxu düşünülməmiş inamlara da yol açır.
Son illər sosial şəbəkələrdə "yeni virus yayılır", "ölümcül xəstəlik ortaya çıxıb", "naməlum infeksiya yayılır" kimi başlıqlar çox sürətlə yayılır. İnsanlar isə xəbərin doğruluğunu araşdırmadan onu paylaşır, müzakirə edir və inanır. Düşünürəm ki, burada əsas problem informasiya bolluğudur. Çünki əvvəllər məlumat az idi, indi isə həddindən artıq çoxdur. İnsan hansı xəbərin həqiqət, hansının manipulyasiya olduğunu seçməkdə çətinlik çəkir.
Maraqlıdır ki, pandemiyadan sonra insanlar elmə daha çox yaxınlaşmaq əvəzinə bəzən daha çox şayiələrə inanmağa başlayıblar. Məsələn, sosial mediada yayılan müxtəlif "ev üsulları", "möcüzəvi dərmanlar", "gizli virus nəzəriyyələri" geniş auditoriya toplayır. Bunun səbəblərindən biri də insanların daim təhlükə hissi ilə yaşamasıdır. İnsan qorxduğu zaman daha tez inanır. Xüsusilə sağlamlıq mövzusu olduqda emosiyalar məntiqi üstələyir.
Bu gün dünya əvvəlki dünya deyil. Pandemiya insanların düşüncə tərzini, münasibətlərini və təhlükəyə baxışını dəyişdi. İndi insanlar görünməyən risklərə qarşı daha həssasdırlar. Amma məncə qorxu ilə yaşamaq çıxış yolu deyil. Əsas məsələ məlumatlı olmaq, soyuqqanlı davranmaq və panikaya qapılmamaqdır. Çünki bəzən virusun özündən daha təhlükəli olan şey qorxunun sürətlə yayılması olur.

Tibb üzrə ekspert Rasif Bağırov da bu qənaətdədir ki, pandemiyadan sonra insanlarda belə bir qorxu yarandı. COVİD-19 pandemiyası zamanı kütləvi şəkildə çoxlu insanlar həyatını itirdi. İnsanlar dünən söhbət etdikləri i adamın bu gün virusa yoluxduğunu, iki gün sonra isə öldüyünü eşidirdilər. Çünki bu, insanların həyatında əvvəllər görmədiyi bir hadisə idi.
Bu hadisə insanların beynində dərin iz buraxdı. Doğrudan da çox ciddi, qorxulu bir virus kimi yadda qaldı. Yaşından, çəkisindən, sosial vəziyyətindən asılı olmayaraq, kimdə immun sistemi zəif idisə, həmin insanlarda ağır nəticələr verdi. Bu da insanlarda böyük qorxu yaratdı:"Ona görə də indi insanlar hər hansı virusun adını eşidəndə təşvişə düşürlər ki, birdən bu da koronavirus kimi olar. Amma son dövrlər müxtəlif viruslarla bağlı alimlər məlumat verirlər. Lakin onların heç biri koronavirus kimi geniş yayılma potensialına malik deyil.
Koronavirus əslində elə də qorxulu virus deyil. Sadəcə, Azərbaycanda onun müalicəsi düzgün aparılmırdı. Mən öz praktikamdan deyə bilərəm ki, müalicə etdiyimiz xəstələrin heç biri ölmədi. Yəni bu, birbaşa adam öldürən virus deyil. Sadəcə, müəyyən problemlər, müalicə prosesinin düzgün qurulmaması və digər səbəblər ölüm hallarının çoxalmasına gətirib çıxarırdı.
Son dövrlərdə danışılan hantavirus isə fərqli məsələdir. Bu virusda ölüm faizi çox olur. İnkişaf etmiş ölkələrin statistikasına görə, ölüm faizi təxminən 35-40 faizdir. Bu da kifayət qədər ciddi göstəricidir. Amma bunun yayılması koronavirus kimi deyil. İnsandan insana asan keçmir.
Bu virus əsasən siçanabənzər gəmiricilərdən yayılır. İnsan həmin heyvanlarla təmasda olduqda və ya onların olduğu mühitdə yoluxma baş verə bilər. Yoluxan şəxslərdə xəstəlik ağır keçə bilər və düzgün müalicə aparılmasa, ölüm riski artır. Əslində bu, yüksək ölüm faizi hesab olunur. Amma normal və düzgün müalicə aparıldıqda, xüsusilə immun sistemində ciddi problem olmayan insanlarda vəziyyəti nəzarətdə saxlamaq mümkündür. Yəni vaxtında müdaxilə olunsa, ciddi problem yaşanmaya da bilər.
Belə viruslar bir qədər ağır gedişata malik olsa da, koronavirus kimi sürətli və geniş yayılma ehtimalı yoxdur".
COVİD dövrü insanların psixologiyasında hansı qorxu və narahatlıqları qalıcı etdi?İnsanlar niyə artıq hər yeni virus xəbərini təhlükə kimi qəbul edir?
Məsələnin psixoloji tərəfləri ilə bağlı daha ətraflı Orvita Psixoloji Reabilitasiya Mərkəzi və Orvita Autizm Evinin təsisçisi və direktoru, psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktayqızı Olaylar.az-a açıqlama verib:
" COVİD-19 virusu təkcə Azərbaycanda deyil, bütün dünyada böyük bir fəlakətə səbəb oldu. İnsanların öz yaxınlarını itirməsi, qəfildən vəfat halları, xəstəliklərin artması pandemiyanın nəticələrindən idi.
Hazırda isə dünyada insanlar davamlı şəkildə bir gözlənti içindədirlər. O gözlənti ki, hansısa bir xəstəlik, hansısa bir virus yenidən insanların həyatını iflic edə bilər. İnsanlar niyə inanır və təhlükə kimi qəbul edir? Pandemiya dediyimiz COVİD-19 virusu çox böyük fəlakətlərə yol açdı. İstər uşaqların, istər yeniyetmələrin, istərsə də yaşlı insanların həyatında çox ağır izlər buraxdı. Kimisi atasını, anasını, kimisi oğlunu, qızını, gəlinini, kimisi isə övladını itirdi. Və bunların hər biri gözlənilməz hadisələr idi. Sonradan yaranan problemlər isə, əlbəttə ki, keçmişdə formalaşan şüuraltı qorxuların yenidən oyanmasına səbəb olur və bu problemlər insanlara təhlükə kimi görünür. Eyni zamanda bu təhlükənin itkilərlə nəticələnəcəyi anlayışı beynimizin müəyyən hissəsində formalaşır.
İnsan psixikası özünü müdafiə mexanizminə keçir və bu müdafiə mexanizmi insanlarda qorxunun, təhlükə hissinin, narahatlığın, ölüm düşüncəsinin, hansısa xəstəlik və ya hadisənin baş vermə ehtimalının yüksəlməsinə gətirib çıxarır.
İstər hantavirus olsun, istərsə də digər viruslar, əlbəttə ki, təhlükəli olduğu qədər, kütləvi şəkildə yayılması səbəbindən insanlarda bir az da laqeydlik münasibəti formalaşdırır. Çünki pandemiya dövründə insanlar heç nə edə bilmədilər. İnsanlar sanki yalın əllə mübarizə aparırdılar və bu mübarizənin nəticəsini görmədilər.
Ona görə də virusların, ümumiyyətlə isə xəstəliklərin insan həyatına və psixologiyasına çox ciddi təsiri var. İnsan psixikası ruhla bağlıdır və ruhun zədələnməsi somatik problemlərin yaranmasına gətirib çıxarır. Somatik problemlər dedikdə bədəndə, beyində, başda ağrıların yaranması, ayaqlarda, oynaqlarda ağrıların əmələ gəlməsi nəzərdə tutulur. Səbəbsiz görünən bu ağrılar insanın birbaşa psixoloji vəziyyəti ilə bağlıdır.
Biz gördük ki, COVİD-19-dan sonra insanlarda obsessiv-kompulsiv pozuntu dediyimiz xəstəliklər, təmizlik obsesiyası, panik atak, həyəcan və təşviş pozuntuları, səbəbsiz ürək ağrıları, səbəbsiz təzyiq, səbəbsiz qorxu və müxtəlif fobiyalar yaranmağa başladı. Doğrudan da insanlar bu gün də Covid-19-un buraxdığı neqativ izlərlə yaşayırlar. İnsanlar arasında psixoloji durumun zəifləməsi, iradə və emosional sferanın zəifləməsi, təhlükəli vəziyyətlərdə necə hərəkət etməli olduqlarını bilməmələri, təfəkkürün daralması və başqa problemlər meydana çıxdı. Sanki insan psixikası bir haldan digər hala keçdi və insanların gözləmədiyi bir vəziyyət yarandı. Bu gözlənilməz vəziyyət uzunmüddətli adaptasiya dövrü tələb edir. Altı il keçməsinə baxmayaraq, biz hələ də adaptasiya dönəmindəyik. Yəni yeni əsr, yeni insanlar və yeni təfəkkür formalaşır. Bir neçə nəslin birlikdə formalaşdığı cəmiyyətdə adaptasiya olmaq və bunu həyata keçirmək çətin məsələdir. "
Pandemiya bitdi, amma onun insan psixologiyasında yaratdığı qorxu hələ də davam edir. Bu gün insanlar artıq təkcə viruslardan deyil, həm də qeyri-müəyyənlikdən qorxurlar. Çünki COVID-19 dövrü hamıya göstərdi ki, görünməyən bir təhlükə bir anda bütün dünyanı dəyişə bilər. Məhz buna görə indi hər yeni virus xəbəri insanlarda təşviş, şübhə və narahatlıq yaradır.
Amma unutmamaq lazımdır ki, qorxu insanı qoruyan hiss olduğu qədər, onu idarə edən duyğuya da çevrilə bilər. Ən təhlükəli məqam isə məlumatı araşdırmadan inanmaq, sosial şəbəkələrdə yayılan hər xəbəri həqiqət kimi qəbul etməkdir. Bu gün cəmiyyətin ən çox ehtiyac duyduğu şey panika yox, düzgün informasiya, psixoloji dayanıqlıq və soyuqqanlı yanaşmadır. Çünki bəzən viruslar yox, qorxunun özü daha sürətlə yayılır. İnsan isə yalnız məlumatlı olduqda, düşünərək hərəkət etdikdə və psixoloji balansını qoruduqda təhlükənin qarşısında daha güclü dayanmağı bacarır.
Zeynəb Mustafazadə