Milli adət-ənənələr və Novruz: tarixdən gələcəyə işıq tutmaq

Tarixdə milli ənənələr və bayramlar insanların mədəniyyətinin, kimliyinin və şüurunun ən parlaq göstəricilərindəndir. Hər bir xalqın öz tarixində, həyatında özünəməxsus izlər buraxan dəyərlər, adət-ənənələr və bayramlar vardır. Azərbaycan tarixində də bu ənənələr və bayramlar xüsusilə zəngin və rəngarəngdir. Hər bir mərasim, hər bir adət bizim qədim mədəniyyətimizin, tariximizin və həyat tərzimizin bir parçasıdır. Məncə, bu bayramların kökləri yalnız əyləncəyə deyil, həm də xalqın ruhuna, mənəviyyatına və sosial bağlılığına toxunur. Ənənə sözü sadəcə keçmişin xatirəsi deyil, o, həm də gələcək nəsillərə ötürülən bilik, davranış və dəyərlər sistemidir. Düşünürəm ki, ənənələr bir xalqın dünyagörüşünü, estetik zövqünü və həyat tərzini formalaşdırır, onu digər xalqlardan fərqləndirir. Bayram isə cəmiyyətdə insanlar üçün xüsusi əhəmiyyət daşıyan, kollektiv qeyd olunan və sevinclə qarşılanan bir zaman dilimidir. Tariximizə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı hər dövrdə öz milli dəyərlərinə, adət-ənənələrinə böyük hörmət göstərib. Məncə, bu hörmət yalnız keçmişə bağlılıq deyil, həm də gələcək üçün məsuliyyət daşımaqdır.

Mövzu ilə bağlı daha ətraflı tarixçi alim Zaur Əliyev ilə söhbət etdik:

-Azərbaycan tarixində milli adət və ənənələrin formalaşması necə baş vermişdir və onların xalq həyatındakı rolu nə olmuşdur?

-Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Bu baxımdan qloballaşan dünyada milli adət-ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Azərbaycan tarixində formalaşmasını bir neçə mərhələyə bölmək olar. İlk mərhələ ibtidai icma dövrüdür. Hələ o vaxtlar insanlar təbiət hadisələrini izah edə bilmədikləri üçün müxtəlif ayinlər yaranırdı. Məsələn, günəşə, aya, suya, oda sitayiş etmək-bütün bunlar sonradan bizim xalq təqviminə, Novruz bayramına çevrilən elementlərin əsasını qoyub. Çillə gecələri, yazın gəlişi ilə bağlı mərasimlər, yağış çağırma ayinləri-bütün bunlar hələ o qədim dövrlərdən gəlir. Məsələn, "Xıdır Nəbi", "Xıdır İlyas" kimi inanclar da məhz bu dövrün məhsuludur. Təbii ki, bütün dövrlərdə mütərəqqi adət və ənənələrin yaradıcısı, eyni zamanda, onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıran xalqdır. Bayram adət-ənənələri, toy, yas mərasimləri, islam dininin bəşəri hissləri təbliğ edən dəyərləri xalqımızın milli-mənəvi simasının aynası hesab edilir.

-Qarşıdan Novruz gəlir və tarix boyu bu bayram xalqın həyatında xüsusi yer tutub. Novruzun tarixi kökləri və onun fərqli dövrlərdəki əhəmiyyəti barədə nə deyə bilərsiniz?

-Novruz sistemini insanlar Günəş, Ay və qismən də ulduzların hərəkətinə istinadən yaradıblar. Zaman hesablanmasını insanlar Günəş və Ayın gərdişi üzərindən qurmuşlar. Günəş martın 21-22-dən götürdüyü hərəkət xəttini 365 gündən sonra tamamlayır və ilkin durduğu nöqtəyə qayıdır. Qədim və orta əsr insanı vaxtın hesablanmasında Ayın hərəkətinə də əsaslanmışdır. Çox doğru yerə, insanlar ayın yarımdairə halında(hilal) görünməsini yeni ayın başlanğıcı kimi qəbul etmişlər. Ayın hərəkəti əsasında qəməri (Ay) təqvim yaradılmışdır. İnsanlar ulduzların hərəkətinə də əsaslanıb, vaxt, zaman bölgüsünü hesablayıblar. Ulduzların səmanın cənubunda ardıcıl, müntəzəm şəkildə görünməsini müşahidə etmiş qədim və orta əsr insanı bu parametrdə də səhv etməmişdir. Novruz insana həyat verən 4 ünsürün-suyun, odun, havanın, torpağın isinməsi, istəyi ilə bağlı yaranmışdır. Novruz bayramı bişirilən şirniyyatların hazırlanması zamanı ibtidai insanların astral təsəvvürləri nəzərə alınmışdır. Dəqiq koordinatlar və təsdiqini tapmış astronomik müşahidələr vasitəsilə Novruzun astronomik hadisə olduğu qəbul edilibdir. Martın 21-də Günəşin cənub yarımkürəsindən şimal yarımkürəsinə keçməsi, bunun nəticəsində kainat və təbiətdə köklü dəyişikliklərin baş verdiyi gözləgörüləsi, hissolunası, duyulası gerçəklikdir. Ümumən, vahid bir sistem olan Novruzun son günü astronomik hadisəyə təsadüf etdiyindən təntənəli qeyd olunubdur. Həmin gün - martın 21-i sabitdir. Hər il eyni astronomik hadisə baş verir. Novruz bayramı günü dəyişilməzdir. Dini bayramlar qəməri təqvim, Novruz isə Günəş təqviminə əsaslanır. Novruz bayramı sabit bayram olduğundan İslam din xadimləri rişxəndlə ona "topal bayram" demişlər. Ona görə də stabil təqvimdə qaldığı üçün onun Ergenekonla bağlamaq cəhdi də düz deyil . Çünki Türklərin böyük bir hissəsi Qərbdə yaşayırdı və bu bayramı qeyd edirdilər. Şərq türklərinin Ergenekondan çıxıb məhz 21 martda, yaz və yay aylarının bərabər olduğu gündə böyük torpaqlara yerləşməsi bu bayramın əsası ola bilməz. Çünki Astral bayram olan Novruz Ergenekon dövründə və ondan qabaq da Şərq və Qərb türklərində Yeni Gün kimi qeyd edilibdir. Məhz 19 fevraldan yola çıxan Türklər 21 martda Ergenokondan tam çıxdıqları üçün onu bu cürə adlandırmaq da düz deyildir. Çünki ona qədər də bu dünyada, böyük coğrafiyada 21 mart yeni gün bayramı kimi qeyd edilirdi . Dastanda qeyd edilir ki, Türklər 400 il Ergenekon deyilən yerdə yaşadıqdan sonra öz ata-baba yurdlarına atəşin açdığı yoldan çıxıb getmişlər. Demək burdan aydın olur ki, onlar Ergenekona qədər ata baba yurdlarında yaşamış və yeni günü 21 martda qeyd etmişdilər. 400 il sonrada geri qayıdışın məhz bu günə düşməsi də sırf Tanrının istəyi ilə olubdur. Qısa desək, bəzi tədqiqatlarda yer almış belə mülahizələrin əsassız olmasını göstərmək üçün təkcə bunu demək kifayətdir ki, Ergenekon əfsanəsi b.e. V-VI əsrlərində Altayda baş verən bəzi tarixi hadisələrlə bağlıdır. Novruz isə b.e. xeyli əvvəlki dövrlərin məhsuludur.

-Novruzla bağlı tarixdə mövcud olmuş mərasimlər, adətlər və ritualların simvolik mənaları nələrdir və bu ritualların xalq həyatına təsirləri necə olub?

-Hər bir ritualın dərin mənası var. Götürək tonqaldan tullanmağı. Bu, sadəcə bir oyun deyil. İnsanlar tonqalın üstündən tullanmaqla bütün il boyu yığılmış mənfi enerjidən, xəstəliklərdən, qorxu və çətinliklərdən təmizləndiklərinə inanırlar . Tonqal heç vaxt su ilə söndürülmür, öz-özünə yanıb qurtarmalıdır. Onun külünü də uzağa tökürlər ki, evin bədbəxtliyi də onunla getsin . Bu, psixoloji təmizlənmə, yeni başlanğıca hazırlıqdır. Səməni isə Novruzun ən müqəddəs simvoludur . Səməni yetişdirmək, toxumun torpaqda oyanması, yeni həyatın başlanğıcıdır. O, bərəkəti, çoxluğu, çörəyi simvolizə edir . Qədim inanca görə, səməninin göyərməsi evə bərəkət gətirir. Onun ətrafına qırmızı lent bağlanması da uğur və xoşbəxtlik rəmzidir. Novruz bayramı bişirilən şirniyyatların hazırlanması zamanı ibtidai insanların astral təsəvvürləri nəzərə alınmışdır. Bunu bayram süfrəsinin elementləri formal əlamətləri də təsdiqləyir. 1.Qoğal-Günəşin simvoludur. Qoğal günəşin və istiliyin simvolu kimi süfrəyə gətirilir. Od elementidir. 2.Şəkərbura-Ayın simvoludur. Şəkərburanın da kənarındakı və üzərindəki naxışlarının da ayın şüalarını xatırlatdığı qeyd olunur. Hava simvoludur. 3.Paxlava-alovun rəmzi sayılır. Paxlava isə ortasına qoyulmuş fındıqla yaranışın mifik mənasını özündə əks etdirir. Torpaq elementidir. Çünki yaranış ilk olaraq torpaqdan başlamışdır. Eyni zamanda paxlavanın romb forması mənasına görə inkişafla doğuşla bağlıdır, daha dəqiq şirin, yumşaq, həyatverən qadın başlanğıcıyla, Analıqla bağlıdır. Paxlavanın ortasına qoyulan badam, qoz, fındıq isə bu oxşarlığı daha da biruzə verir. Digər tərəfdən paxlava oyanmanı, sərt qış yuxusundan yaşamağa açılan gözü ifadə edir.

Şəkərçörəyi- isə su elementidir. Çünki formasına və tərkibinə görə torpaq üzərində gölü xatırladır. İçməli su mənbəyi kimi göl qəbul edilir.

5.Boyanmış yumurta: Qədim azərbaycanlıların ilaxır çərşənbədə və Novruz bayramı günlərində qırmızı yumurta boyamaq adəti əcdadın və torpağın dirilməsi, canlanması, bir sözlə, oyanma-dirilmə ayini ilə bağlı olduğunu göstərir. 6.Səməni- Torpağın oyanmasını və bitkilərin canlanmasın göstərir. Qədim insanlar süfrəyə səməni qoymaqla, torpaqda əkin başlanmasını ulduzlar ilə müəyyən ediblər.

-Tarix perspektivindən baxanda, milli adət və bayramların qorunması və yaşadılması Azərbaycan cəmiyyətinin mədəni davamlılığına necə təsir edir və bu sahədə gələcək üçün hansı strategiyalar tətbiq oluna bilər?

-Mədəni davamlılıq dedikdə, biz bir xalq olaraq öz kimliyimizi, öz dəyərlərimizi qoruyaraq nəsildən-nəslə ötürmək bacarığımızı başa düşürük. Bu baxımdan, milli adət və bayramlar mədəni davamlılığın təmin edilməsində bir neçə mühüm funksiya daşıyır. Birincisi, onlar tarixi yaddaşın qoruyucusudur. Hər bir adət, hər bir bayram ritualı özündə əsrlərin, minilliklərin yaddaşını daşıyır . Novruz bayramındakı dörd çərşənbə - su, od, yel və torpaq qədim dünyagörüşünün, insanın təbiətlə əlaqəsinin ifadəsidir. Bu ritualları təkrarlamaqla biz sadəcə ənənəni davam etdirmirik, eyni zamanda əcdadlarımızın dünyagörüşünü, onların təbiətə münasibətini, həyat fəlsəfəsini də yaşadırıq . İkincisi, onlar nəsil davamlılığını təmin edir. Ulu öndər Heydər Əliyevin çox gözəl ifadə etdiyi kimi, "Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir" . Bayram süfrəsi ətrafında toplaşan üç nəsil - babalar, atalar, nəvələr eyni dəyərləri paylaşır, eyni mahnıları oxuyur, eyni ritualları icra edir. Bu, nəsillər arasında möhkəm mənəvi körpü yaradır . Uşaqlar böyüklərin necə hərəkət etdiyini görür, onlardan öyrənir, bu dəyərləri içləşdirir və gələcəkdə öz övladlarına ötürür. Üçüncüsü, onlar milli kimliyin və birliyin təməlidir. Novruz bayramında milyonlarla azərbaycanlı eyni anda tonqaldan tullanır, eyni süfrə ətrafında toplaşır. Bu, inanılmaz birlik hissi yaradır. Vətən müharibəsindəki qələbəmiz də məhz bu dəyərlərlə böyüyən cəsur, rəşadətli ordumuzun və ordusuna dayaq olan xalqımızın sayəsində mümkün oldu . Dördüncüsü, onlar əxlaqi dəyərlərin ötürücüsüdür. Hər bir ənənə müəyyən əxlaqi məna daşıyır. Qonaqpərvərlik, böyüklərə hörmət, kiçiklərə qayğı, qonşuluq münasibətləri - bütün bunlar adət-ənənələr vasitəsilə nəsildən-nəslə ötürülür. Hər bir bölgəmizin özünəməxsus adət-ənənələri var. Bu müxtəlifliyi qorumaq və yaşatmaq üçün yerli icmalara, icma rəhbərlərinə, ağsaqqallara böyük iş düşür. Regional festivallar, yarmarkalar, müsabiqələr təşkil etmək olar. Məsələn, Qarabağda xalçaçılıq ənənələri, Naxçıvanda toy adətləri, Lənkəranda çay mərasimləri ilə bağlı festivallar keçirmək olar. Beləliklə, milli adət və bayramlarımız yalnız tariximizin sərvəti deyil, həm də gələcəyə işıq tutan yolumuzdur. Novruz da təkcə bir bayram deyil, o, ruhumuzu canlandıran, birliyimizi möhkəmləndirən və gələcək nəsillərə dəyərlərimizi ötürən bir simvoldur. Hər tonqalın alovu, hər səməninin göyərməsi, hər boyanmış yumurta bizə xatırladır ki, köklərimizi unutmadan, ənənələrimizi yaşadaraq, mədəniyyətimizi qorumaqla gələcəyə işıq saça bilərik. Bu işıq isə həm ölkəmizi, həm xalqımızı, həm də hər birimizin ruhunu gücləndirir. Tarixdən gələcəyə uzanan bu işığı qorumaq və yaşatmaq isə hər birimizin vəzifəsi, hər birimizin şərəfli payıdır.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31