Nəfəsimizə qarışan zəhər: “Sağlam gələcək naminə bunu etməyin”-Ekspertdən ÇAĞIRIŞ- ÖZƏL
16:17 SosialSon 20 ildə Bakı şəhəri xeyli böyüyüb. Paytaxtda iri göydələnlər tikilib, böyük nəqliyyat qovşaqları yaradılıb. Əhali artıb, qayğılar da çoxalıb. Nəqliyyat vasitələrinin, iri sənaye müəssisələrinin yaranması Bakı və Abşeronda ekoloji problemləri də artırıb. Ekspertlərin fikrincə, Bakı şəhəri və ətraf ərazilərdə mövcud olan ekoloji problemlər sənayeləşmə, neft hasilatı və urbanizasiya ilə bağlıdır. Buzovna bələdiyyəsinin sədr müavini Təbriz Ağayev açıqlamasında bildirib ki, paytaxt Bakıda xüsusilə hava kirliliyi ciddi problemlər yaradır: "Bakı uzun illər neft sənayesinin mərkəzi idi. Xüsusilə çar Rusiyası və SSRİ dövründə ölkəmizin sərvətləri talan edilib, bizə miras qalan isə neftlə çirklənmiş torpaqlar, havası kirli şəhər olub. Müstəqillik dövründə, xüsusilə son 20 ildə Azərbaycan dövləti neftlə çirklənmiş torpaqların təmizlənməsi, həmin ərazilərdə yaşıllıq zonalarının salınması istiqamətində ciddi layihələr icra edib. Bir zamanlar "qara şəhər" kimi tanınan ərazidə indi müasir yaşayış kompleksləri və parklar olan "Ağ şəhər" salınıb. Qala və Zirə qəsəbələri ərazisində neftlə çirklənmiş torpaqlar təmizlənib və ərazidə parklar salınıb. Paytaxt Bakıda yaşıl nəqliyyata keçid istiqamətində mühüm addımlar atılıb. Bu gün "Koroğlu" mübadilə mərkəzindən Mərdəkana, Buzovnaya işləyən marşrut avtobuslarının çoxu yenilənib. Ənənəvi enerji növləri ilə işləyən avtobuslar iri tutumlu, müasir elektrikli avtobuslarla əvəz olunub". T.Ağayev bildirib ki, bu gün Bakının əsas ətraf mühit problemlərindən biri də məişət tullantılarının idarə olunmasıdır: "20 il qabaq bununla bağlı vəziyyət daha acınacaqlı idi. Məişət tullantılarını hara gəldi atırdılar. Bəzən Mənzil İstismar Sahələrinin əməkdaşları məişət tullantılarını yandırırdılar. Bu da atmosferə zəhərli tullantıların atılmasına yol açır, paytaxtın havasını çirkləndirirdi. Ekspertlər bildirir ki, məişət tullantılarının yandırılması zamanı havaya çoxlu zəhərli maddələr: karbonmonoksid, kükürd dioksid, azot oksidləri və xırda hissəciklər atılır. Bu maddələr insan orqanizminə əsasən tənəffüs yolu ilə daxil olur və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Zəhərli tüstü ilk növbədə ağciyərlərə zərər verir. Oqranizmdə astma və bronxitin yaranmasına səbəb olur, nəfəs darlığı və öskürək yaradır. Kirli hava ürək-damar xəstəlikləri yaradır. Beləki havada olan zərərli hissəciklər qana keçərək ürək və damar sisteminə təsir edir. Ən pisi odur ki, plastiklərin və digər bərk məişət tullantılarının yandırılmasından havaya qalxan zəhərli tüstülər onkoloji xəstəliklərin yaranmasına gətirib çıxarır. Son illər bunun qarşısı alınsa da, ara-sıra bəzi yerlərdə məişət tullantılarının yandırılmasına rats gəlinir. Bunu edən məsuliyyəsiz insanlara demək istəyirəm ki, sağlam gələcək naminə bu bəd əməli dayandırsınlar". T.Ağayev bildirib ki, yay aylarında Xəzər sahili bəzi çimərliklər də məişət tullantıları ilə çirkləndirilir: "Xüsusən yay aylarında bir sıra çimərliklərdə ürəkbulandıran mənzərə ortaya çıxır. Yaşadığım Xəzər rayonunda yerləşən qəsəbələrdə, çimərliklərdə ərazilərin məişət tullantılarından təmizlənməsi üçün lazımi addımlar atılır. Bütün küçə və dalanlarda məişət tullantılarını atmaq üçün xüsusi qablar qoyulub. Lakin bu məsələdə maarifləndirmə işlərinə ehtiyac var. Doğrudur, indi durum 20 il öncəkindən yaxşıdır. Əvvəllər insanlar məişət tullantılarının 8-9-cu mərtəbələrdən yerə atırdılar. İndi yaxşı ki, bu cür hallar yoxdur. Amma yenə də tullantıları qablara yox, yolun kənarına, parklara, kolların dibinə atan sakinlərə rast gəlinir. Bu kimi halların qarşısı alınmalıdır. Təşviqatla yanaşı cəza tədbirləri də çox vaxt çəkindirici rol oynayır. İnsanlar anlamalıdır ki, çırtladığı tumun qabığını, meyvə çəyirdəklərini, yemək qalıqlarını yerdən onun kimi vətəndaş toplayır. Kommunal xidmətin zəhmətkeş əməkdaşlarının işini ağırlaşdırmaq olmaz. Yaxşı olar ki, hər məhəllədə, küçədə könüllü təbiətsevərlər aksiyalar təşkil etsin. Bələdiyyə olaraq biz də onlara kömək edərik".