"Qazan doğdu, Qazan öldü" - Yunus Oğuz yazır
11:45 SosialYUNUS OĞUZ
Felyeton
Elə bilməyin ki, "Dədə Qorqud"un Qazan xanından yazacam. Hərçənd ondan da yazmaq lazımdır. Ən azından ildə bir dəfə nəyi vardısa elinin igidlərinə yağmalatdırırdı. Ürəyi, gözü tox, nəfsi də hamısından tox. Deyirdi ki, dünya malı dünyada qalar. "Yedin dadındı, verdin adındı, öldün yadındı" prinsipinə ciddi əməl edirdi. İgidləri də yeyib-içib doyandan sonra gedirdilər növbəti savaşa.
Yox hülakilərin, Elxanlı dövlətinin islamı ilk qəbul edən Qazan xandan da yazmayacam, hərçənd o da buna layiqdir, çünki məhz onun zamanında Şeyx Səfiəddin Ərdəbilə döndü, nəfsi öldürmək üçün hürufi məktəbinin fəaliyyətini genişləndirməyə imkan verdi.
Hələki zəifləmiş, övladları Ukraynada ət maşınına verilən Kazan (Q) şəhərindən də yazmayacam.
Mən xörək qazanından yazacam, əsl xörək qazanından.
Bir gün Molla Nəsrəddin gedir qonşusunun qapısını döyüb xahiş edir:
-Qonşu, mənə əl borcu qazan ver.
Qonşu orta bir qazan gətirib verir Mollaya.
Üstündən bir necə gün keçir. Molla Nəsrəddin qazanın içinə bir qazan da qoyub, qaytarır qonşuya. Qonşu baxır ki, qazanın içində bir dənə də qazan var.
Soruşur:
-Bəs bunun içindəki qazan nədir?
Molla dil-ağız eyləyir:
-Sən Allah qonşu, bağışla, heç bilmirdim qazanın hamilədir. Qazan bizdə olanda doğdu.
Qonşu fikirləşir ki, bu deyəsən dəli olub, amma bir söz demir. Qazanları alıb içəri aparır. Bu hadisə bir neçə dəfə təkrar olur. Bir gün qonşu Mollaya böyük toy qazanı verir, fikirləşir ki, böyük qazanın böyük doğuşu olar.
Bir neçə gün keçir, qonşu görür ki, qazan geri verilmir. Durub gedir Mollanın qapısını döyür. Molla bunu görən kimi ağlaya- ağlaya deyir:
-Qonşu, başın sağ olsun, Allah rəhmət eləsin!
Qonşu təəccüblə soruşur:
-Nə olub, kim rəhmətə gedib?
Molla Nəsrəddin cavab verir:
-Qazan.
Qonşu baxır ki, Molla bunu ələ salır. Səsini qaldırıb deyir:
-Məni dolamısan, qazan da rəhmətə gedər?
Molla bic-bic gülümsəyib cavab verir:
-Nədi qazan doğanda olar, öləndə olmaz? Qonşu baxır ki, yaman yerdə ilişib, səssizcə çıxıb gedir.
İndi bu qazanın ətrafında dünya ilişib. Tramp qazan doğuzdura-doğuzdura gedir.
Qazan da qır tiyanına oxşayır. Kim qazanın doğmasına inanmır, götürüb atır qır tiyanının içinə, deyir get, sənin dövlətindən dövlət olmaz. İran doğulan yeni rejimi gücləndirmək istədi. Neçə ildir zahılığı çəkilib getmir, qazan yenə doğmağa hazırlaşır, bir az da odunu altına çox qoysan, hökmən doğacaq.
Rusiya təzə qazan doğmaq istədi Ukraynada, ölü doğdu. O boyda SSRİ ikinci dünya müharibəsində bir kənd, vilayət uğrunda bu qədər döyüşməmişdi.
Azərbaycanda da qazan doğmaq arzusuna düşənlər oldu.
O de... təzə qazan doğmaq arzusunda olan kəsin vəziyyəti urusuycadır. Yenidən ev həbsini dörd ay uzatdılar. Adama deyərlər, bu sənə lazım idi? Uzun illərdir qazan doğa-doğa gedirsən. Əksər vəzifələrdə də sənin qazanların otururdu. Onların da qazanları doğurdu. Deyəsən elə cuşa, elə ilhama gəlmişdi ki, qazanın altına odun əvəzinə barıt qoydu. Barıtı da çox olduğundan qazan partladı, dünyasını dəyişdi. Qulu olduğu Rusiya da partlamaq ərəfəsindədir.
Bir məmur qazan doldurub, ətrafına da yığmışdı qazan yeməkləri xoşlayanları.
Çəkilən yolların qalınlığından bir santimetr kəsib atırdı qazanın içinə. O qədər kəsib atdı ki, axırda qazan boğuldu.
Qır, çınqıl, qum qazanı daşdırdı, başladı yerə tökülməyə. Çalışdı ki, daşan qırı tez yığışdırsın, alınmadı. Ətrafdakıların nə vecinə? Güc doğana düşər. Qazan dözəmmədi, dünyasını dəyişdi, öldü.
Bu AYNA-nın da qazanı yaxşı qaynayır. Sədri prezidentdən də çox maaş alır, iyirmi minə qədər maaş almağa nə var ki... hər yerə, hətta zibil qabının yanına, marketlərin qarşısına da "parkinq" işarəsi qoyur. İndi pensiyaya çıxanda gör nə qədər alacaq... e...
Biz də deyirik ki, pensiya alırıq. Şəxsən mən Mirzənin pensiyası artımlarla hələ beş yüz manata gəlib çatmayıb. Neyləyək, dözərik. Bizim xalq dözümlü xalqdır, qaynayan qazan bilir içində nə var, hamilə qazanın aqibəti necə olacaq?
Pensiya demişkən, bu pensiya verənlər, elə bil əhalinin pensiya pulunu depozitə qoyurlar ki, banklarda da qazanlar doğsun. Onsuz da camaatımız həmişə başına bir çarə qılacaq.
Dövlət büdcəsindən dotasiya alanlar görən qazanlarda yenə dadlı-dadlı şeylər bişirəcək? Bişirəcək, elə qəşəng bişirəcək. Bəs sabit tariflər nə üçündür?
Bu ildən bələdiyyələr də döyüş prinsipinə keçiblər. İş görmürlər, amma deyirlər qazanı doldur.
Qazan doğmaq üstündə mübarizə, hətta savaş da gedir. Elələri var ki, qısırdır, amma gəlib adamın üzünə durur ki, mən qazan doğa bilərəm.
Dünya da qazan uğrunda döyüş aparır.
İndi dünya qazan kimidir. Kimin imkanı var qaz vurub qazan doldurur. Qaz kimi dövlətlər də nə çox. Tramp da oturub qazanın başında hərdən qapağını qaldırıb buxarı bir az buraxır. Bu Epsteyn də özü üçün bir qazan qaynadıb.
O gün qarnım ağrıyana qədər gülmüşəm. İran şahının gədəsi də İran boyda qazan uğrunda savaş aparır.
Avropa TV-lərindən biri Rza Pəhləvini bir iranlı ilə debata çağırır. Rəqibi şah oğlunu üstələyir. Rza vəziyyətdən çıxmaq üçün rəqibinə sual verir:
-Siz üzdən mənə oxşayırsınız. Ananız o vaxtı bizim sarayda isləməyib?
Rəqibi təmkinlə cavab verir:
-Yox anam işləməyib, amma dəqiq bilirəm ki, atam sarayda işləyib.Di get...
Bunu da yazım qazan məsələsini bitirim.
Qazan doğursa, deməli ölməlidir, deməli aparıb qəbirstanlıqda basdıracaqlar.
Bir kişi tez-tez qəbirstanlığa gedib-gəlir. Ondan soruşurlar ki, niyə gününün çox hissəsini qəbirstanlıqda keçirirsən?
Kişi cavab verir:
-Bunun üç səbəbi var:
1. Allahı yadıma salırlar.
2. Danışanda sözümü kəsmirlər.
3. Onlardan ayrılanda qeybətimi etmirlər.
Ta bəsdir, baxım-görüm pensiyam gəlibsə gedib olan-qalanı alım, dərmanlarım da qurtarmaq üzrədir.
Siz də qeybətimi etməyin! Qazan doğub, bundan sonra da doğacaq. Qazan ölüb, bundan sonra da öləcək!
Siz də, hələ ki, imkan var, qaz vurun qazan doldurun!
11.02.26