Məhkəmələr sözün niyyətinə qiymət verəcək - Mətbuat "korrupsioner məmurun oğlu" yazanda ehtiyatlı olmalıdır

Ali Məhkəmənin 24 dekabr 2025-ci il tarixli Plenum qərarı ilk baxışdan şəxsiyyət hüquqlarının müdafiəsində mühüm irəliləyiş kimi görünür. Lakin hüququn hər yeni "müdafiə mexanizmi" eyni zamanda başqa bir azadlığın sərhədlərinə toxunduqda, qaçılmaz suallar ortaya çıxır.

Bu qərar insan ləyaqətini qoruyarkən, söz və tənqid azadlığını nə dərəcədə təhlükə altına salır?

Mətbuat bu qərardan necə təsirlənəcək?

Azərbaycan reallığında məhkəmələr uzun illər informasiya və fikir azadlığını deyil, daha çox "zərər görmüş reputasiya" arqumentini üstün tutan yanaşmaya görə tənqid olunur. Belə bir yanaşma ortada ikən Plenumun şəxsiyyət hüquqlarını "canlı institut" kimi geniş şərh etməsi, bir tərəfdən rəqəmsal dövrün çağırışlarına cavab kimi görünürsə, digər tərəfdən tənqidi fikrin hüquqi risk zonasını genişləndirə biləcək elastik çərçivə yaradır.

Xüsusilə "pis niyyət", "təhqiredici forma", "ictimai marağın hüdudları" kimi anlayışların məhkəmənin qiymətləndirməsinə buraxılması, söz azadlığının gələcək taleyini konkret normadan çox, hakimin subyektiv yanaşmasından asılı vəziyyətə sala bilər. Bu isə jurnalist, fəal və ictimai tənqidçilər üçün hüquqi qeyri-müəyyənlik deməkdir.

Məhz bu baxımdan, Plenum qərarı yalnız müdafiəedici sənəd deyil, eyni zamanda söz azadlığı üçün ciddi test xarakteri daşıyır. Qərarın praktikada necə tətbiq ediləcəyi, insan ləyaqətinin qorunması ilə ictimai maraq naminə sərt və kəskin tənqid arasında balansın saxlanılıb-saxlanılmayacağını müəyyən edəcək.

Bu kontekstdə "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Plenum qərarının hüquqi fəlsəfəsini, onun imkanlarını və risklərini söz azadlığı prizmasından təhlil edir.

Əliməmməd Nuriyev Musavat.com-a deyib ki, Azərbaycan hüquq sistemində şəxsiyyət hüquqlarının müdafiəsi uzun müddət iki zidd tələbin kəsişməsində formalaşıb:

"Bir tərəfdə insan ləyaqətinin, şəxsi həyatın və reputasiyanın effektiv qorunması ehtiyacı, digər tərəfdə isə söz və məlumat azadlığının ictimai həyat üçün daşıdığı fundamental əhəmiyyət dayanır. Bu tarazlıq çox vaxt mücərrəd prinsip səviyyəsində qalır, məhkəmə praktikasında isə vahid və işlək yanaşma çatışmırdı. Ali Məhkəmənin 24 dekabr 2025-ci il tarixli Plenum qərarı məhz bu boşluğu doldurmağa yönələn konseptual cəhd kimi diqqət çəkir.

Qərarın əsas yeniliyi şəxsiyyət hüquqlarının qapalı və formal siyahı kimi deyil, mahiyyət testinə əsaslanan "canlı institut" kimi təqdim edilməsidir. Bu yanaşma hüququn rəqəmsal dövrdə üzləşdiyi real çağırışlara cavab verir. Şəxsi həyat anlayışı artıq yalnız fiziki məkanla məhdudlaşmır; axtarış sistemlərində formalaşan reputasiya, sosial platformalarda yayılan məzmun, onlayn arxivlərdə qalan məlumatlar insanın hüquqi və sosial mövqeyinin ayrılmaz hissəsinə çevrilib.

Plenumun unudulmaq hüququna, yazışmaların toxunulmazlığına, razılıq olmadan təsvir və səsin yayılmasına, eləcə də texnoloji müdaxilə ilə dəyişdirilmiş kontentə münasibəti məhkəmə düşüncəsinin yeni reallıqlara uyğunlaşdığını göstərir. Bu, xüsusilə sosial şəbəkələrdə reputasiya hücumları, montaj edilmiş audio-video materiallar və kontekstindən çıxarılmış məlumatların hüquqi qiymətləndirilməsi baxımından ciddi əhəmiyyət daşıyır".

Əliməmməd Nuriyev deyib ki, sənədin mühüm cəhətlərindən biri də mənəvi zərərin qiymətləndirilməsinə yanaşmadır:

"Qərar psixoloji sarsıntı ilə iztirab anlayışlarını fərqləndirməklə, məhkəməyə zərərin yalnız subyektiv hiss kimi deyil, insanın psixi və fiziki tarazlığına real müdaxilə prizmasından baxmaq imkanı yaradır. Bu yanaşma təzminatı sadəcə pul kompensasiyası deyil, bərpaedici və çəkindirici mexanizm kimi dərk etməyə şərait yaradır. Eyni zamanda Plenum açıq şəkildə xəbərdarlıq edir ki, kompensasiya nə zərərçəkən üçün əsassız zənginləşmə, nə də zərərvuran üçün dağıdıcı sanksiya xarakteri almalıdır.

Lakin qərarın gücü onun potensial risklərini də üzə çıxarır. Geniş və elastik anlayışlar məhkəmələr üçün əhəmiyyətli diskresiya sahəsi yaradır. "Pis niyyət", "təhqiredici forma", "ictimai maraq" kimi kateqoriyalar mahiyyət etibarilə düzgün olsa da, vahid tətbiq baxımından daha dəqiq meyarların formalaşdırılmasını zəruri edir. Əks halda, bu anlayışlar söz və tənqid azadlığının daraldılması alətinə çevrilə bilər".

Əliməmməd Nuriyev vurğulayıb ki, xüsusilə onlayn mühitdə platforma məsuliyyəti, repost və alqoritmik yayılmanın hüquqi qiymətləndirilməsi, texnoloji manipulyasiya olunmuş kontentin sübut standartları yaxın perspektivdə məhkəmə mübahisələrinin əsas istiqamətlərindən birinə çevriləcək:  "Bu mənada Plenum qərarı qapını açır, lakin həmin qapının arxasında metodiki izahlar, presedent yanaşması və hüquqi mədəniyyətin formalaşması zərurəti qalır.

Nəticə etibarilə, 24 dekabr 2025-ci il tarixli Plenum qərarı Azərbaycanda şəxsiyyət hüquqlarının məhkəmə müdafiəsi sahəsində yeni mərhələnin hüquqi konturlarını müəyyən edən əsas sənədlərdən biridir. O, məhkəməni yalnız pozuntunu tanıyan instansiya deyil, eyni zamanda pozuntunu dayandıran, hüquqi tarazlığı bərpa edən və informasiya məkanında ölçülü balans yaradan institut kimi təqdim etməyə çalışır.

Bir Plenum qərarının görə biləcəyi ən mühüm iş də elə budur. Hüquqi mədəniyyətə abstrakt şüar yox, tətbiq edilə bilən dil gətirmək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31