Ehsan yemək deyil, bəhanədir: İlahiyyatçıdan "əsl mahiyyət" açıqlaması – ÖZƏL

"Son bir il ərzində rayonlarda, xüsusilə də yas mərasimlərində dəbdəbəli ehsan süfrələri xeyli dərəcədə azaldılıb. Xüsusən də yas məclislərinin keçirilmə formasında dəyişikliklər var. Məsələn, əvvəllər yeddi mərasimi keçirilirdisə, indi bir çox yerlərdə üç mərasimlə kifayətlənilir, 40 mərasimi isə artıq geniş şəkildə deyil, yalnız ən yaxın 10-15 nəfərin iştirakı ilə, qəbir ziyarəti formasında keçirilir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında ilahiyyatçı ekspert Fazil Əhməd deyib. İlahiyyatçı bildirib ki, rayonların əksəriyyətində bu tendensiyanı açıq şəkildə görürük. Bəzi yerlərdə isə insanlar yenə çağırılır, lakin süfrələr olduqca sadə olur - çay, halva, xurma və yüngül ikramlarla kifayətlənilir. Bu, təqdirəlayiq bir haldır.
Çünki insanların böyük bir hissəsi maddi imkanlarının zəif olması səbəbindən borca düşərək ehsan verməyə məcbur qalırdı. "Hamı verir, mən də verməliyəm" düşüncəsi bir çox ailəni ciddi çətinliyə salırdı. İndi isə bu yükün qarşısı müəyyən qədər alınır. Lakin qeyd etməliyik ki, bu dəyişikliklər hələlik bütün ölkəni əhatə etmir. Xüsusilə şəhərlərdə bəzi yerlərdə köhnə adətlər hələ də qalmaqdadır. Bu mövzuda cəmiyyətdə fikir ayrılığı da mövcuddur. İnsanlar iki qrupa bölünüb. Bir qrup deyir ki, əgər mənim imkanım varsa və ehsan vermək istəyirəmsə, bunun nə ziyanı var? Onlar vurğulayırlar ki, məqsədləri dəbdəbə deyil, sadə bir süfrə açmaqdır - çay süfrəsinə əlavə olaraq sadəcə plov qoyulur və bu ehsan kimi təqdim olunur. Hətta bəzən bu süfrələrə imkansız insanlar da xüsusi olaraq dəvət edilir. Onların arqumenti budur ki, imkan varsa, ehsan vermək niyə qadağan edilməlidir?
Digər qrup isə hesab edir ki, bu, yenə də bərabərsizliyə gətirib çıxarır və hamı üçün eyni, sadə qaydalar tətbiq olunmalıdır. Yəni süfrələrdə yalnız halva, xurma, limon və çay olsun, insanlar buna alışsın. Amma reallıqda görürük ki, hər yerdə eyni yanaşma yoxdur: bəzi mərasimlərdə hələ də plov verilir, digərlərində isə tam sadə süfrə açılır.

İlahiyyatçı qeyd edib ki, müsbət hal ondan ibarətdir ki, artıq insanların çoxu bu məsələdə utanmaq hissini aşmağa başlayıb. Əvvəllər "hamı verir, mən də verməliyəm" düşüncəsi güclü idi. İndi isə ehsan süfrəsi verməyənlərin sayı artıb və insanlar böyük, dəbdəbəli süfrələrdən daha rahat şəkildə imtina edə bilirlər. Əvvəllər bu, qohum-əqrəba arasında narazılıq yaradır, hətta bəzi hallarda "belə etsən, məclisə gəlmərəm" kimi sözlər də deyilirdi. Bu hallar olub və hamımız buna şahid olmuşuq. Mən bu məsələnin tarixinə də toxunmaq istəyirəm. Bir dəfə televiziya verilişlərinin birinə dəvət almışdım və orada da bu mövzunu dilə gətirmişdim. Ehsan süfrəsi verməyin əsl mahiyyəti əslində yemək deyil. Əsas məqsəd insanların bir yerə toplaşıb nəsə eşitməsidir. Yəni din xadiminin Quran oxuması, tərbiyəvi və maarifləndirici söhbətlər etməsi. Yemək burada sadəcə vasitə rolunu oynayır. Keçmişdə ağsaqqallar bu niyyətlə ehsan süfrəsi açırdılar ki, insanlar heç olmasa o məclisdə Quran sədası eşitsin, dini və əxlaqi nəsihətlər dinləsin. Ehsan bu baxımdan diqqəti cəlb edən bir vasitə idi.

"Cəmiyyətin psixologiyasında da bu hal açıq şəkildə müşahidə olunur. Mən bunu uşaqlıqdan görmüşəm. Uşaqlar belə soruşurdular ki, "hansı məclisdə ehsan olacaq?" Bu onu göstərir ki, insanlar ehsan olan məclislərə daha çox meyl edirdilər. Amma məqsəd o idi ki, imkansız insanlar da gəlsin və heç olmasa bir maarifləndirici söz eşitsinlər. Çünki cəmiyyətimizdə maddi çətinlik yaşayan insanlar çoxdur. Elə ailələr var ki, ayda bir dəfə belə evinə ət ala bilmir.
Mən şəxsən elə adam tanıyıram ki, yas məclisində eşitdiyi bir sözün təsiri ilə illərlə küsülü olduğu valideyni ilə barışıb. Ruhaninin söylədiyi sözlər onu elə təsirləndirib ki, məclisdən çıxan kimi gedib valideynindən halallıq alıb. Bu cür maarifləndirici söhbətlərin real təsiri var.
Ehsan çox vaxt sadəcə bir bəhanədir ki, insanlar gəlib o sözləri eşitsinlər. Məsələnin kökü də məhz buradan başlayır. Sonradan isə bu adət dəbdəbələşib, süfrələrə artıq meyvələr, bahalı məhsullar əlavə olunub və bu, israfa gətirib çıxarıb. Cəmiyyətdə də bu səbəbdən əhsan süfrələri tədricən qınaq obyektinə çevrilib. İmkanı çox olanlar daha dəbdəbəli süfrə açmağa çalışdıqca, bu proses mahiyyətindən uzaqlaşıb və nəticədə israfçılıq yaranıb. Bu gün aparılan sadələşmə isə əslində əhsanın ilkin fəlsəfəsinə qayıdış kimi dəyərləndirilə bilər", - deyə ekspert vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31