Su ehtiyatları azalır: çıxış yolunu hardadır?

Azərbaycan dövləti su təsərrüfatına kompleks dövlət siyasəti kimi yanaşır

Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirənin keçirilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında su təhlükəsizliyinin xüsusi yer tutduğunu bir daha nümayiş etdirdi. Bu müşavirə təkcə infrastruktur məsələlərinin müzakirəsi deyil, eyni zamanda sosial rifahın yüksəldilməsi, ekoloji təhlükəsizliyin təmin olunması və dayanıqlı şəhərsalma siyasətinin mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir. Cənab Prezidentin çıxışında vurğulandığı kimi, su təchizatı və kanalizasiya sistemləri milli təhlükəsizlik, ictimai sağlamlıq və iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyır. Bakı, Abşeron yarımadası və Sumqayıt ölkə əhalisinin böyük hissəsinin cəmləşdiyi, sənaye, nəqliyyat və xidmət sahələrinin intensiv inkişaf etdiyi regiondur. Bu səbəbdən sözügedən ərazilərdə su infrastrukturunun müasir tələblərə uyğun qurulması dövlət siyasətinin əsas prioritetlərindəndir.

Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, Bakı və Abşeron yarımadasında əhalinin sürətli artımı, yeni yaşayış massivlərinin salınması və iqtisadi fəallığın genişlənməsi mövcud su və kanalizasiya sistemlərinə əlavə yük yaradır. Eyni zamanda iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının azalması bu sahədə daha səmərəli və qənaətcil idarəetmə mexanizmlərinin tətbiqini zəruri edir. 2026-2035-ci illər üzrə Dövlət Proqramı məhz bu reallıqları nəzərə alaraq hazırlanır və içməli suyun keyfiyyətinin yüksəldilməsi, tullantı sularının təmizlənməsi, yağış sularının ayrıca sistem üzrə idarə olunması kimi əsas hədəfləri qarşıya qoyur: "Bu yanaşma şəhər təsərrüfatının davamlılığını təmin etməklə yanaşı, əhalinin yaşayış keyfiyyətinin yüksəldilməsinə və ekoloji risklərin minimuma endirilməsinə xidmət edir. Dövlət Proqramında Sumqayıt şəhərinin də nəzərə alınması Prezident İlham Əliyevin bu sənaye şəhərinə göstərdiyi ardıcıl diqqət və qayğının məntiqi davamıdır. Son illər dövlət başçısının tapşırıqları əsasında Sumqayıtda mühüm sənaye, sosial və infrastruktur layihələri icra olunub, şəhərin iqtisadi potensialı əhəmiyyətli dərəcədə artıb. Kimya sənayesi, sənaye parkları, yeni istehsal sahələrinin yaradılması Sumqayıtı ölkənin aparıcı iqtisadi mərkəzlərindən birinə çevirib. Məhz bu iqtisadi inkişaf fonunda şəhərdə su təchizatı və kanalizasiya infrastrukturunun təkmilləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Prezidentin qayğısı ilə həyata keçirilən layihələr Sumqayıtın təkcə sənaye mərkəzi deyil, eyni zamanda yaşamaq üçün müasir və komfortlu şəhər kimi formalaşmasına şərait yaradır. Su təsərrüfatının yaxşılaşdırılması həm əhalinin rifahına, həm də sənaye müəssisələrinin dayanıqlı fəaliyyətinə birbaşa təsir göstərir.

Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeron üzrə vahid su infrastrukturunun formalaşdırılması regionun sosial-iqtisadi inkişafı üçün həlledici amildir: "Təmiz içməli su təminatı, müasir kanalizasiya və tullantı sularının təmizlənməsi sistemi sənaye istehsalının genişlənməsi, investisiya mühitinin yaxşılaşdırılması və əhalinin sağlamlığının qorunması baxımından strateji əhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə bir daha göstərdi ki, Azərbaycan dövləti su təsərrüfatına lokal texniki məsələ kimi deyil, kompleks dövlət siyasəti kimi yanaşır. 2026-2035-ci illər üzrə Dövlət Proqramı Bakı, Abşeron və Sumqayıt üçün dayanıqlı inkişafın etibarlı təməlini formalaşdıracaq, bu regionların uzunmüddətli sosial-iqtisadi inkişafına güclü təkan verəcək".

Milli Məclisin deputatı Anar Məmmədov qeyd edib ki, Azərbaycanın son iyirmi illik iqtisadi strategiyasının mərkəzində dayanan ən mühüm istiqamətlərdən biri regionların tarazlı inkişafıdır. Regional İnkişaf üzrə Dövlət Proqramları sadəcə infrastruktur layihələri deyil, ölkənin ümumi daxili məhsulunda qeyri-neft sektorunun payını artıran, sosial rifahı yüksəldən və milli təhlükəsizliyi möhkəmləndirən kompleks fəaliyyət planıdır: "Ötən illər görülən işlər, atılan addımlar sayəsində biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifah halının yüksəlməsinə şərait yaranıb. Ulu Öndər Heydər Əliyevin hələ 1993-cü ildən başlayaraq həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş imkanlar açmışdır. Həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Dövlət başçısı regionların sürətli sosial-iqtisadi inkişafını təmin etmək üçün 2004-cü ildən başlayaraq dövlət proqramlarının hazırlanması və qəbul olunması istiqamətində addımlar atmış və onların icrası üçün konkret tədbirlər görmüşdür. Bu gün Azərbaycanın sürətli və hərtərəfli inkişafında, Cənubi Qafqazın lider ölkəsi olmasında, dünya miqyasında öz sözünü deyən güclü dövlət kimi qəbul edilməsində regional sosial-iqtisadi siyasətin rolu danılmazdır.Ötən 20 il ərzində regional inkişafa dair qəbul edilən 4 dövlət proqramı uğurla icra olunmuşdur. Azərbaycan başdan-başa inkişaf edən ölkəyə çevrilmiş, yeni keyfiyyət mərhələsinə qədəm qoymuş, siyasi, iqtisadi, mədəni həyatı yeniləşərək tamamilə dəyişmişdir. Prezident İlham Əliyevin praqmatik, çevik siyasəti, sistemli və ardıcıl strateji kursu Azərbaycanın müasir inkişafını təmin etmişdir. Əminliklə deyə bilərik ki, ölkə başçısı tərəfindən həyata keçirilən regional iqtisadi siyasət Azərbaycanın daha güclü dövlətə çevrilməsinə, xalqın rifahına, firavan yaşayışına və inkişafına səbəb olmuşdur. 12 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə də göstərdi ki, regional inkişaf siyasəti artıq sadəcə infrastruktur quruculuğu deyil, həm də su təhlükəsizliyi, rəqəmsal idarəetmə və ekoloji standartların sintezinə keçid edir". 

Millət vəkili bildirib ki, davamlı inkişafın ən mühüm elementi resursların səmərəli idarə olunmasıdır: "Bu yanaşma Azərbaycanın müasir idarəetmə fəlsəfəsinin əsasını təşkil edir. Bakı və Abşeron üzrə 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramının hazırlanması da bu baxımdan təsadüfi deyil. Cənab Prezidentin çıxışında qeyd olunan enerji təhlükəsizliyi məsələsi həyata keçirilən infrastruktur islahatlarının ən mühüm nəticələrindən biridir. Bu gün Azərbaycanın enerji generasiya gücünün daxili tələbatdan artıq olması və son illərdə ölkənin müxtəlif regionlarında inşa edilən müasir istilik və su elektrik stansiyaları enerji sisteminin dayanıqlığını artırıb. "Ağıllı şəbəkə" texnologiyalarının tətbiqi ilə enerjinin ötürülməsindəki itkilər minimuma endirilib. Vaxtilə enerji çatışmazlığı ilə üzləşən Azərbaycan indi təkcə regionda deyil, həm də qlobal miqyasda etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Eyni zamanda, avtomobil yollarının, magistralların, kənd və şəhərlərarası yolların tikintisi ölkə miqyasında geniş vüsət alıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi infrastrukturu, ötürücü xətlər, yollar, körpülər, tunellər, su təchizatı və qazlaşma layihələrinin paralel şəkildə icra olunması həmin ərazilərin sürətlə dirçəlməsinə xidmət edir. Uzun illər işğal altında qalmış torpaqların vahid infrastruktur şəbəkəsinə qoşulması təkcə bərpa prosesi deyil, həm də ölkənin ərazi bütövlüyünün real iqtisadi və sosial məzmunla möhkəmləndirilməsidir.

Müşavirədə xüsusi diqqət yetirilən əsas məsələlərdən biri də Bakı şəhəri və Abşeron yarımadasının içməli su problemləri oldu. Bakı və Abşeron yarımadasının coğrafi mövqeyi və məhdud təbii su ehtiyatları bu sahədə qabaqlayıcı və innovativ dövlət siyasətini zəruri edir. Müşavirədə bu məsələnin vurğulanması qarşıdakı 10 il üçün "su islahatlarının" yeni mərhələsinin anonsudur. Azərbaycanın son iyirmi illik inkişaf strategiyası ölkəni müasir infrastruktura malik güclü dövlətə çevirməklə yanaşı, həm də onu illərlə məruz qaldığı ekoloji və "su terror"undan xilas etdi. Azərbaycanın su təhlükəsizliyi tarixində ən parlaq səhifələrdən biri işğal altındakı torpaqların azad edilməsi ilə açıldı. Vaxtilə işğalçı Ermənistanın ölkəmizə qarşı terror aləti kimi istifadə etdiyi, suyun vaxtsız buraxılması və ya kəsilməsi ilə ekoloji fəlakətlər törətdiyi "Sərsəng" və "Suqovuşan" su anbarlarının Azərbaycanın yurisdiksiyasına qaytarılması bu təhlükəni birdəfəlik aradan qaldırdı. Bu, sadəcə iqtisadi deyil, həm də mühüm siyasi və hərbi qələbənin infrastruktur sahəsindəki təsdiqi idi".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31