Artıq kağız yox, klik: təhsildə yeni bir səhifə- elektron diplom sistemi təhsil müəssisələrinin özünə necə təsir edəcək?
20:32 SosialTexnologiya həyatımızın hər sahəsinə sürətlə nüfuz etdikcə, təhsil sistemi də bu dəyişimin içində öz yerini tapır. Artıq diplom və sertifikatlar kağız üzərində təqdim olunmayacaq, onların əvəzinə elektron diplom sistemi tətbiq ediləcək. Bu sistem yalnız diplomların rəqəmsal formatda təqdim olunması demək deyil, o, eyni zamanda təhsil müəssisələrinin idarəetmə proseslərini kökündən dəyişir, məlumatların saxlanmasını daha təhlükəsiz və şəffaf edir və diplomların etibarlılığını gücləndirir.
Düşünürəm ki, elektron diplomlar vasitəsilə tələbələrin nailiyyətləri daha sürətli və effektiv şəkildə yoxlanılacaq, saxtakarlıq riskləri minimuma endiriləcəkdir. Təhsil müəssisələri yeni sistemə keçərkən texniki hazırlıq, məlumatların təhlükəsizliyi kimi məsələləri də vacibdir. Eyni zamanda, müəllimlər və inzibati heyət üçün gündəlik iş rejimi müəyyən qədər dəyişir, yeni proqram və platformalara adaptasiya tələb olunur. Beləliklə, elektron diplom sistemi təhsildə sadəcə kağızın əvəzlənməsi deyil, həm də institutların idarəçilik strukturunda və iş proseslərində yeni bir dövrün başlanğıcını simvolizə edir.
Elektron diplom sistemi təhsil müəssisələrinin özünə necə təsir edəcək? Bu sistemə keçid Azərbaycan təhsilində hansı dəyişikliklərin başlanğıcıdır? Elektron diplomların tətbiqi təhsil bazarında , yəni işə qəbul və kadr seçimi prosesində hansı dəyişikliklər yaradacaq? Mövzu ilə bağlı daha ətraflı məlumat almaq üçün təhsil eksperti, dosent İlham Əhmədov Olaylar.az-a açıqlama verib:
" Elektron diplomlar (ED) təhsilin mahiyyəti, legitimlik mexanizmləri və insan kapitalının ölçülməsi ilə bağlı problemlərə aydınlıq gətirməyə imkan verir. Məsələ təkcə "kağız diplomun elektronlaşması" deyil, təhsil-əmək-bacarıq zəncirinin yenidən qurulmasıdır.
1.Diplomların elektron versiyada verilməsinin təhsilə təsiri.
Bu legitimlik və şəffaflıq imkanı yaradacaqdır. ED saxtalaşdırmanı minimuma endirir, diplomun verilmə tarixini, proqramını, akkreditasiyasını anında yoxlamağa imkan verir. Bu universitetləri formallıq yox, real keyfiyyət üzərindən rəqabətə məcbur edir. Azərbaycan kontekstində bu, xüsusilə "diplom verən, amma bilik verməyən" universitetlərin (yəni 80 %) mövqeyini zəiflədə bilər, akkreditasiyanın real mexanizmə çevrilməsinə təkan verə bilər. Bu dəyişiklik universitetlərin məsuliyyətini artıracaq. ED sadəcə "buraxılış sənədi" deyil. ED təhsil qeydiyyatının (tarixçənin) bir hissəsidir. Bu proqramların məzmununun, müəllim heyətinin, qiymətləndirmə sisteminin audit və müqayisəyə daha açıq olması deməkdir.
2. ED Azərbaycan təhsilində bir sıra sistem dəyişikliklərə səbəb ola bilər
Bu dəyişiklik mərkəzləşmiş nəzarətdən məlumat əsaslı idarəetməyə keçid imkanı yaradır. ED bazası hansı ixtisasdan neçə nəfər məzun olur, məzunların əmək bazarında taleyi necədir, hansı universitet real dəyər yaradır kimi suallara cavab verə bilər. Bu isə planlaşdırmanı "kağız üzərində" yox, empirik məlumatlar əsasında aparmağa imkan yaradar. Universitetlərin "adına görə yox, nəticəsinə görə" qiymətləndirilməsinə imkan yaranır. Əgər sistem düzgün qurularsa, universitet brendi yox, məzunun bacarığı və əmək bazarındakı uğuru əsas göstəriciyə çevrilə bilər. Bu, Azərbaycan üçün çox ciddi paradiqma dəyişikliyi ola bilər.
3. ED diplomlar işə qəbul və kadr seçimi prosesini də dəyişəcək
Bu zaman sürətli və obyektiv yoxlama imkanı yaranacaq. İşəgötürən diplomun real olub-olmadığını saniyələr içində yoxlayar, ixtisas, proqram, tədris dili, təhsil forması barədə şəffaf məlumat əldə edər. Bu, HR proseslərində subyektivliyi azaldar, "tanışlıq" və "kağız üzərində uyğunluq" imkanlarını daraldar. Diplomdan bacarığa doğru dəyişimə imkanı yaranır. Elektron sistem imkan verir ki, diplomla yanaşı mikro-sertifikatlar, modullar, layihələr, portfeliolar da eyni ekosistemdə təqdim olunsun. Bu halda işəgötürən daha soruşmayacaq ki, "Harada oxumusan?", indi "Nə bacarırsan və bunu necə sübut edirsən?" sualı verəcəkdir.
4. Gələcəkdə "diplom" anlayışı dəyişəcək.
Klassik diplom modeli bir dəfə verilir, uzun müddət dəyişmir, bilik yox, status ifadə edir. Gələcəyin diplom modeli isə dinamik öyrənmə pasportu, bacarıqlar vaxtaşırı yenilənir, mikro-kvalifikasiyalarla zənginləşir, ömürboyu təhsili əks etdirir. Bu, dünya təhsil məkanında və əmək bazarında yeni anlayışlar yaradır. Bu anlayışların dəqiq qarşılıqlısı bizdə hələ yoxdur: micro-credentials, digital badges, skill passport (mikro-etimadnamələr, rəqəmsal nişanlar, bacarıq pasportu kimi tərcümə edilə bilər) kimi anlayışlarla formalaşır.
Ümumən, diploma ehtiyac varmı?
Diploma yox, etibarlı təsdiq mexanizminə ehtiyac var. Diplom nəyə lazımdır? Diplom ilkin filtrləmə üçün, müəyyən peşələrdə (həkim, mühəndis, müəllim və s.) minimum standartı təmin etmək üçün, hüquqi və institusional legitimlik üçün lazımdır. Amma tək diplom hələ yetərli deyil. Diplom real bacarığı ölçməyə, adaptasiya və problem həllini göstərməyə, sürətlə dəyişən texnologiyalara uyğunluğu sübut etməyə də yetərli deyil.
Bu dəyişikliyin bəzi riskləri də ola bilər: ED sadəcə texniki yenilik kimi tətbiq etmək, köhnə məzmunu rəqəmsal formaya salmaq. Eyni zamanda bəzi imkanlar da yaranır. Belə ki, ED əsaslı qiymətləndirmə, əmək bazarı ilə real inteqrasiya, təhsilin keyfiyyətinin ölçülməsinə keçid alətinə çevirə bilir. Əgər ED yalnız kağızın PDF-i olacaqsa (çox ehtimal ki, bizdə belə də olacaqdır, necə ki, adi dərsliyi onun pdf versiyası ilə əvəzləndi və buna elektrion dərslik deyildi), onda heç nə dəyişməyəcək. Əgər fərqli olacaqdırsa, o, bacarıq və öyrənmə tarixçəsinin güzgüsü olacaqsa - Azərbaycan təhsili üçün faydalı ola bilər".
Zeynəb Mustafazadə