“Yaxın xaricdə  Azərbaycan dilinin yayğınlaşmasına çalışmalıyıq”-Elman Cəfərli- ÖZƏL

"Noyabrın 3-də Azərbaycan  Milli  Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram xarakterli çıxışında bir sıra önəmli mesajlar verdi.  Onun  Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı dedikləri söz adamları, jurnalistlər, yazıçılar, dilçi alimlər üçün həyəcan siqnalı olmalıdır". Bu sözləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır: "Azərbaycan dili üzərində lüzumsuz eksperimentlər dayandırılmalıdır. Vaxtaşırı orfoqrafiya lüğəti nəşr etməzlər. Sosial şəbəkələrdə yayğın sözlərin ədəbi üsluba gətirilməsi doğru deyil. Doğrudur, dil dinamikdir, daim inkişafdadır, Azərbaycan dilinə əcnəbi dillərdən sözlər hər zaman keçib və bu proses davam edəcək. Lakin televiziya seriallarından gəlmə, çox zaman mənası dilimizdə düzgün mənanı verməyən vulqar sözlərin istifadəsi düzgün deyil. "Vatsap yazışma dili"ni mətbuata gətirmək düzgün deyil. Xüsusən tanınmış imzalar diqqətli olmalı, sosial şəbəkələrdə gənclər üçün pis nümunə olmaqdan qaçmalıdırlar".
E. Cəfərli deyib ki, reklam və küçə elanlarının dilinə xüsusi diqqət etmək lazımdır: "Bakının mərkəzi küçələrində iaşə müəssisələrinin, satış obyektlərinin, şadlıq saraylarının, tədris kurslarının adları çox zaman əcnəbi dillərdə yazılır. İş adamları dövlət dilinin qorunmasının qayğısına qalmalıdırlar. Reklamların dilinə nəzarət edən qurumların üzərinə böyük məsuliyyət düşür. Kütləvi informasiya vasitələri, nəşriyyatlar ana dilimizin qorunmasına diqqəti artırmalıdırlar. Bir zamanlar redaksiyalarda korrektorlar var idi. Onlar mətnin orfoqrafik qaydalara uyğun yazılmasına nəzarət edirdilər. Bazar iqtisadiyyatının sərt qanunları, sahibkarların daha çox qazanmaq istəyi bir sıra peşələri sıradan çıxardığı kimi bir çox redaksiyalarda korrektor ştatı da ixtisara düşüb".
QHT sədrinin fikrincə, təkcə ölkədə deyil, yaxın xaricdə Azərbaycan dilinin inkişafının qayğısına qalmalıyıq.
"Prezident doğu olaraq bildirdi ki, "biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur". Bu gün biz Rusiyada, İranda, Gürcüstanda, İraqda, Suriyada yaşayan soydaşlarımızın ana dilində təhsil almasına nail olmalıyıq. Son illər Suriya və İraq türkləri ilə mədəni əlaqələr güclənib. Bu, yaxşı haldır. Lakin Gürcüstanda Azərbaycan dilində fəaliyyət göstərən məktəblərin sayı azalıb. Dərbənddə bu sahədə durum ükərkaçan deyil. Ən pis vəziyyət isə 35 milyondan çox soydaşımızın yaşadığı İrandadır. İran İslam Repsublikasında soydaşlarımızın ana dilində 1 məktəbi belə yoxdur. İnsanlar övladlarına türk adları qoya bilmir. Qəribədir ki, islam respublikasında insanlar övladlarına dini adlarla yanaşı "Avesta"dan, qədim fars kültüründən gəlmə adlar qoymalıdırlar. Milli adlar isə yasaqdır. Fikrimcə, adlarla bağlı siyasət məqsədyönlüdür və əsas hədəf İran adlanan ölkədə yaşayan bütün millətlərin farslaşdırılmasına hesablanıb. Azərbaycan Respublikasında təhsilin dili Azərbaycan dilidir, amma qeyri-türklərində də ana dilində məktəbləri var. İran heç olmasa bu modeli tətbiq etməli, azərbaycanlılar yaşayan bölgələrdə ana dilində ibtidai təhsilə şərait yaratmalıdır".
Elman Cəfərli vurğulayıb ki, Azərbaycan rəsmi qurumları, vətəndaş cəmiyyəti, mediası, nəşriyyatları, yaradıcı təşkilatları Güney Azərbaycanda ana dilinin qorunması və inkişafı üçün gərəkən addımları atmalıdır: "Dövlət öz mövqeyini ortaya qoydu. İndi hər kəs "əlini daşın altına qoymalıdır". Güneydə ana dilini yaşatmağın yollarını düşünməliyik. Güney Azərbaycan insanı üçün elektron dərs vəsaitləri, məktəbyaşlı uşaqlar üçün proqramlar tərtib edilməlidir. Güneydə ana dilini yaşadan aşıqları, şairləri, yazıçıları Bakıda tanıtmalıyıq. Ali məktəblər güneyli gənclər üçün xüsusi təqaüd proqramları elan etməlidir. İran Azərbaycan Respublikasında xomeyniçi cameə formalaşdırmaq üçün milyonlar xərcləyir. Bizim İrana təsir gücümüz dini ieologiya deyil. Bizim ana dili kimi güclü silahımız var. Hər il Güneydən ölkəmizə 500 tələbə gəlsə, 5 ildən sonra bu, böyük təbliğatçılar ordusu demək olacaq. Onların Güneydə təbliğat aparmasına gərək yoxdur, elə ana dilində səlis danışmaları bəsdir. Bu, ana dilinin Güneydə yayğınlaşmasına gətirib çıxaracaq".

İBRAHİM MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31