Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Aprelin 1-də təsdiqlənən və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının hesablanma mexanizminə dair dəyişikliklər iyunun 16-dan etibarən qüvvəyə minib.

Milli.Az xəbər verir ki, yeni qaydalara görə əvvəllər istifadə olunan avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına görə əmsal (AVİƏ) ləğv edilərək onun yerinə nəqliyyat vasitəsi sahiblərinin sayına görə əmsal (AVSƏ) tətbiq olunacaq. Eyni zamanda, Bonus-Malus sistemi də sığorta tarixçəsi əmsalı (STƏ) ilə əvəz edilib.

Beləliklə, bundan sonra icbari avtomobil sığortasının dəyəri hesablanarkən sürücünün və ya sahibin sığorta tarixçəsi əsas göstəricilərdən biri olacaq. Yeni qaydalara əsasən, sığorta tarixçəsi əmsalı minimum 0,60, maksimum isə 3 səviyyəsində müəyyən edilə bilər.

Bu əmsal hər bir şəxs üçün fərdi qaydada formalaşdırılacaq və onun əvvəlki sığorta fəaliyyəti, qəza tarixçəsi, eləcə də tətbiq olunan güzəşt və əlavələr nəzərə alınacaq. Fiziki şəxslər üçün avtomobilin bir neçə sahibi olduğu halda, hesablamada ən yüksək sığorta tarixçəsi əmsalına malik şəxsin göstəricisi əsas götürüləcək.

Bundan başqa, avtomobil satılmadığı təqdirdə, müqavilə bağlanmazdan əvvəlki son bir ay ərzində həmin nəqliyyat vasitəsinə sahib olmuş şəxslər də əmsalın hesablanmasında nəzərə alınacaq.

Hüquqi şəxslərə məxsus avtomobillər üçün isə, əgər nəqliyyat vasitəsi taksi fəaliyyəti üçün istifadə olunmursa, sığorta tarixçəsi əmsalı sabit olaraq 1 qəbul ediləcək və ona əlavə güzəşt və ya artırma tətbiq olunmayacaq.

Yeni sistemdə ilk dəfə icbari sığorta müqaviləsi bağlayan şəxslər, eləcə də sığorta hadisəsi ilə bağlı mənfi tarixçəsi olmayan sürücülər üçün başlanğıc əmsal 1 olaraq müəyyənləşdirilib.

Qaydalara əsasən, əgər sürücü uzun müddət qəzasız fəaliyyət göstərərsə və son dəyişiklik tarixindən sonra 275 gündən artıq sığortalı olarsa, hər dəfə sığorta tarixçəsi əmsalına 5 faiz endirim tətbiq ediləcək.

Əksinə, sürücünün təqsiri ilə baş vermiş və sığorta ödənişi aparılmış hər bir hadisə üzrə əmsal 30 faiz artırılacaq. Bu artım şəxsin həmin vaxt sığortalı olub-olmamasından asılı olmayaraq nəzərə alınacaq. Taksi fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üçün də hər sığorta hadisəsinə görə eyni həcmdə 30 faiz əlavə tətbiq ediləcək.

Xatırladaq ki, sığorta tarixçəsi anlayışı şəxsin bağladığı sığorta müqavilələri və onun təqsiri ilə baş vermiş, sığorta hadisəsi kimi qeydə alınan hallarla bağlı məlumatların məcmusunu əhatə edir. Sığorta tarixçəsi əmsalı isə həmin məlumatlar əsasında müəyyənləşdirilən və sığorta haqqının hesablanmasında istifadə olunan göstəricidir. Qiymətləndirmə subyektləri dedikdə isə nəqliyyat vasitələrinin aid olduğu qiymətləndirmə qrupları üzrə sığorta tarixçəsinə uyğun olaraq onlara güzəşt və ya əlavə tətbiq edilən şəxslər nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31