G7-də yekdillik: Tramp Ukrayna ilə bağlı mövqeyini dəyişdi – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibəyə dair yanaşmasına yenidən baxıb. "Bloomberg"in mənbələrinə görə, indi həm onun ətrafında, həm də G7 liderləri arasında Rusiyanın döyüş meydanında qələbə qazana bilməyəcəyi barədə ümumi rəy formalaşıb. Bu, Trampın 2025-ci ilin avqustunda Alyaskada Vladimir Putinlə görüşündən sonrakı mövqeyindən kəskin fərqlənir; o zaman Tramp Ukraynanın heç bir üstünlüyünün olmadığını və ərazi güzəştlərinə getməli olduğunu düşünürdü. İndi isə G7 nümayəndələri Kiyevin mövqelərinin gücləndiyini qeyd edirlər.

Bu dönüş Fransanın Evian şəhərində keçirilən G7 sammitində, Emmanuel Makronun təşkil etdiyi qısa Tramp-Zelenski görüşündə özünü büruzə verib. Görüş zamanı Vladimir Zelenskinin Trampa Rusiyanın zərbəsi nəticəsində zərər görmüş Kiyevdəki Müqəddəs Uspenski kafedralının fotolarını göstərməsi ABŞ liderinə ciddi təsir bağışlayıb.
Qətər əmiri ilə görüşündə Tramp artıq Zelenskidən təslim olmağı tələb etməyərək, "Rusiya sövdələşməyə getməlidir. Bütün bunlar sadəcə gülüncdür. Mən əlimdən gələni edəcəyəm" deyib. Bundan əlavə, Tramp BƏƏ lideri ilə söhbətində İranla müharibənin başa çatması fonunda bazara neft axınının bərpa olunduğunu və Moskvaya qarşı sanksiyaları gücləndirməyə hazır olduğunu bildirib.

Böyük Britaniyanın Baş naziri Kir Starmer ritorikanın dəyişməsini Rusiya iqtisadiyyatının ağır zərbə alması və Moskvadakı ab-havanın dəyişməsi ilə əlaqələndirib. Kanadanın Baş naziri Mark Karni isə Zelenski ilə görüşündə G7-də tam birliyin olduğunu və müharibədə vəziyyətin dəyişdiyini vurğulayıb. Dialoqun davam etməsi üçün Makron Zelenskini sammitin sonunadək Evianda qalmağa dəvət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31