Avropa Parlamenti Gürcüstanla bağlı hesabatı səsverməyə çıxarır – ÖZƏL
11:42 SiyasətOlaylar.az xəbər verir ki, bu gün Avropa Parlamenti Gürcüstan üzrə məruzəçi Rasa Yuknyaviçenenin hazırladığı hesabat layihəsini səsverməyə çıxaracaq. Mayın 5-də Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən dəstəklənən bu sənəd, Gürcüstanın Aİ-yə namizəd ölkə statusu aldıqdan sonra Avropa Komissiyasının 2025-ci il hesabatı əsasında hazırlanan ikinci sənəddir.
Hesabatda Avropa Parlamenti demokratik geriləmə, artan repressiyalar, dezinformasiya və təhdidlərə baxmayaraq, avropayönümlü gələcək uğrunda mübarizə aparan Gürcüstan xalqı ilə həmrəy olduğunu bildirir. Sənəddə hakim "Gürcü arzusu" partiyasının ölkənin Avropaya inteqrasiya xəttini dayandırdığı və faktiki olaraq geriyə çevirdiyi qeyd olunur.
Sənəd layihəsində Bidzina İvanişvili, "Gürcü arzusu"nun liderləri, hakimlər, prokurorlar və digər rəsmi şəxslərə qarşı Aİ tərəfindən tətbiq edilən hədəfli fərdi sanksiyaların əhəmiyyəti vurğulanır. Həmçinin, ATƏT-in Gürcüstandakı öhdəlikləri qiymətləndirmək üçün "Moskva mexanizmi"ni işə salması, eləcə də hakimiyyətə bağlı medianın anti-Aİ təbliğatı pislənilir. Sənəddə bu cür düşmənçilik fəaliyyətləri davam edəcəyi təqdirdə, dezinformasiya kampaniyalarına məsul şəxslərə, o cümlədən Gürcüstan Milli Kommunikasiya Komissiyası və İctimai Yayımçının rəhbərliyinə qarşı məhdudlaşdırıcı tədbirlərin və sanksiyaların tətbiqi çağırışı yer alıb.