Xəzər dənizinin ekoloji təhlükəsizliyi necə təmin olunur?

İstiqamət: Ekologiya və ətraf mühitin mühafizəsi

Müasir dünyada mövcud olan ekoloji problemlər getdikcə daha çox narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Canlılar aləmini təhdid edən qlobal istiləşmənin sürətlənməsində də ekoloji problemlərin, atmosferdəki zərərli qazların artmasının rolu artıq geniş miqyasda qəbul olunur. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı yaşıllaşdırma kampaniyaları, ətraf mühitə zərərli tullantıların atılmasının  azaldılması istiqamətində reallaşdırılan tədbirlər, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi respublikamızda ekoloji mühitin əsaslı şəkildə sağlamlaşmasını təmin edib. Təsadüfi deyil ki, ekoloji tarazlığın və ətraf mühitin qorunması Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Son illərdə bu sahədə görülən işlər daha intensiv və genişmiqyaslı xarakter alıb. Lakin görülən çoxsaylı tədbirlərə baxmayaraq, Xəzər dənizində ekoloji mühafizənin tam təmin olunması hələ də mümkün olmayıb. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm əhəmiyyətə  malik bir sıra dövlətdaxili normativ aktlar qəbul olunmuşdur. Konkret olaraq, Xəzər dənizinə antropogen təsir göstərən axarların qarşısının alınması və təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular quraşdırılaraq istismara verilmişdir. Hər il avqust ayının 12-si "Xəzər günü" və sentyabr ayının son həftəsi "Beynəlxalq Dəniz Günü" ilə əlaqədar olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sahil zolağında iməciliklər təşkil olunur. Fakt odur ki,  görülən bütün tədbirlərə baxmayaraq Xəzər dənizinin çirkləndirilməsinin qarşısını almaq müşkül məsələyə çevrilib.   

xxx
Məlumat üçün qeyd edək ki, Xəzərə daxil olan tullantı sularının 60 %-i Volqa çayının payına düşür. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Ermənistan və Gürcüstan ərazisində formalaşan kommunal və sənaye tullantı suları Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi sahillərində yerləşən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəli şəhərlərindən dənizə axıdılan tullantı suları onun əsas çirkləndiricilərindən hesab edilir. Ekoloji problemin səbəbləri dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, üzən vasitələrdən tullantılar, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması da Xəzəri çirkləndirən səbəblərdən sayılır.
Xəzər dənizi problemləri içərisində səviyyə tərəddüdü ilə yanaşı, dəniz sularının çirklənməsi və bununla əlaqədar ekoloji şəraitin korlanması son dövrün ən mühüm problemidir. Zəngin təbii sərvətləri və müalicə əhəmiyyəti tarixən onun ətrafında çoxlu sayda insanların məskunlaşmasına səbəb olmuşdur. Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahillərində yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir. Hazırda Xəzər sahili zonalarda 15 milyona qədər əhali yaşayır ki, onların da həyat fəaliyyəti bilavasitə bu dənizlə bağlıdır. İndi təsəvvür edək ki, bu qədər əhalinin cüzi bir hissəsinin qanunsuz əməlləri nəticəsində Xəzərə axıdılan çirkab suları nə qədər ekoloji problem yaradır.
Xəzər dənizini çirkləndirən əsas mənbələr aşağıdakılar hesab olunur: təmizlənməmiş sənaye məhsulları və kənd təsərrüfatı tullantıları, çay və dəniz gəmiçiliyi, quru və su sahillərində qaz və neft buruqlarının istismarı, dəniz dibinin dərinləşdirilməsi işləri zamanı ikinci çirklənmə, atmosfer və su vasitəsilə uzaq zonalardan çirkli maddələrin gəlməsi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, çaylar vasitəsilə hər il Xəzərə 40-45 km 3 çirkab daxil olur ki, onun da 60 faizi Volqa çayının payına düşür. Xəzər dənizi sahillərində yerləşən şəhərlərdən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt, Ənzəli şəhərlərindən dənizə axıdılan çirkab suları onun əsas çirkləndiricilərindən hesab edilir. Bununla yanaşı dəniz neft yataqlarının istismarı və neft məhsullarının daşınması, dəniz nəqliyyatı da Xəzər sularını xeyli çirkləndirir. Hazırda Xəzərin ekoloji vəziyyəti olduqca gərgindir. Dənizin şelf zonasında problem daha kəskindir, artıq bu ərazilərdə ölü zonalar yaranmışdır. Bəzi yerlərdə çirkləndiricilərin qiyməti normanı 10-20 dəfə ötüb.
 Sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən Xəzərə axıdılan çirkab suları çirklənmənin əsas səbəblərindən hesab edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağında fəaliyyət göstərən müəssisə və təşkilatlarda, obyektlərdə, üzən vasitələrdə, sahilboyu ərazilərdən dənizə olan axarlarda həyata keçirilmiş ekoloji monitorinqlər zamanı Xəzər dənizinə tökülən yüzlərlə axar qeydə alınıb.
Xəzərə tökülən çirkli su mənbələrinin qarşısının alınması məqsədilə Bakı şəhəri ərazisində Buzovna və Şüvəlan qəsəbələrində bioloji təmizləmə qurğuları tikilib istismara verilib, Hövsan Aerasiya Stansiyası rekonstruksiya edilərək yeni bioloji təmizləmə qurğuları ilə təmin olunub. Sumqayıt şəhərində də yeni bioloji təmizləmə qurğuları tikilərək istismara verilib. Bundan başqa, dənizdə fəaliyyət göstərən neft-qazçıxarma müəssisələrində, "Neft Daşları"nda bioloji təmizləmə qurğuları tikilib. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə tullantıların təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular quraşdırılaraq istismara verilib.  Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" sərəncamlardan irəli gələn məsələlərin həll edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılan vəsait hesabına modul tipli təmizləyici qurğulardan ibarət 17 stansiya Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan və Pirşağı qəsəbələrində qurulub.
Görülən işlər sayəsində Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə ən irimiqyaslı tədbirlər həyata keçirən dövlət hesab olunur. Bu tədbirlərin məqsədi Xəzər dənizinin dəniz ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsindən ibarətdir. Heç şübhəsiz ki, görülən tədbirlərin davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına nail olunacaqdır.

Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31