Xocalıda 27 Sentyabr – Anım Günü tədbiri keçirilib

27 sentyabr - Anım Günü ilə bağlı Xocalı şəhər Şəhidlər xiyabanında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb, qəhrəman Vətən övladlarının əziz xatirəsinə dualar oxunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, anım tədbirində  çıxış edən natiqlər  2020-ci ildə  sentyabrın 27-də başlayan Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən söz açıblar. Bildirilib ki, Zəfərin davamı olaraq 2023-cü ildə keçirilən lokal antiterror əməliyyatları nəticəsində  Azərbaycanın suverenliyi tam bərpa edilib. Qeyd olunub ki, hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Doğma yurd-yuvalarından illərlə didərgin düşmüş keçmiş məcburi köçkünlərin mərhələli şəkildə geri dönüşü təmin olunur. "Böyük Qayıdış" proqramı çərçivəsində Xocalı şəhəri ilə yanaşı, kəndlərə də mərhələli şəkildə köç həyata keçirilir. Xatıqladaq ki, Xocalıda keçirilən anım mərasimində  Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Xocalı rayon polis şöbəsinin əməkdaşları, şəhid ailələri, müharibə veteranları iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31