İlham Əliyevin siyasəti Azərbaycanın qlobal nüfuzunu və iqtisadi yüksəlişini gücləndirir - ÖZƏL

"Azərbaycanın apardığı çox doğru, düzgün siyasət öz nəticələrini verir. Avqustun 8-də Ağ Evdə paraflanan Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi və Vaşinqton bəyannaməsi, eyni zamanda Zəngəzur Dəhlizinin "Trump marşrutu" adı altında həyata keçirilməsi üçün lazım olan sənədlərin imzalanması doğrudan da çox böyük bir qələbə idi və bunu da məhz Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində əldə etmək mümkün oldu". 

Bu fikirləri politoloq Elşad Həsənov Olaylar.az-a açıqlamasında söyləyib: 

"Həmin vaxt, avqustun 8-də Donald Tramp İlham Əliyev cənablarını yüksək qiymətləndirdi, "siz böyük lidersiniz" dedi və həm də Azərbaycan Prezidentinə simvolik olaraq Ağ Evin açarını təqdim etdi. Bunu da qeyd etmək vacibdir ki, bu açar hər bir lidere verilmir, yalnız seçilmiş, hörmət edilən insanlara təqdim olunur. Azərbaycan Prezidentinin yüksək iradəsi, siyasi biliyi, savadı, qabiliyyəti, danışıq bacarığı və ingilis dilində çox gözəl, mənalı çıxış etməsi də Trampın nəzərindən qaçmadı. Ona görə də Birləşmiş Millətlər Təşkilatının 80-ci sessiyasında Tramp Azərbaycan Prezidentinə "Mən sizinlə fəxr edirəm, siz çox gözəl insansınız" dedi. Bu isə doğrudan da böyük sözdür, çünki dünyanın superdövlətinin prezidenti-Trampın Azərbaycan Prezidenti haqqında yüksək fikir söyləməsi hər bir azərbaycanlı üçün böyük qürur və sevincdir. Bu mərhələyə də Azərbaycan Prezidenti məhz hakimiyyətdə olduğu 22 il ərzində çəkdiyi böyük zəhmətlərin nəticəsində gəldi. Azərbaycanı Prezidenti İlham Əliyev yenidən qurdu. Ulu öndər tərəfindən 1994-cü ildə "Əsrin müqaviləsi" bağlanmış və iqtisadi inkişaf başlanmışdı. 2003-cü ildə hakimiyyətə gələn İlham Əliyev məhz həmin iqtisadi yolu davam etdirdi və gücləndirdi. Güclü iqtisadiyyat sayəsində əldə olunan vəsaitlə güclü ordu yaradıldı, mülki və hərbi sahədə kadrlar hazırlandı. Bunun nəticəsində Azərbaycan inkişaf etdi.Həm iqtisadiyyatda, həm də hərbi sahədə ciddi uğurlar əldə olundu və ən müasir silahların alınması ilə Azərbaycan 2020-ci ildə 30 ildən artıq düşmən tapdağında olan torpaqlarını azad etdi, ərazi bütövlüyünü təmin etdi. Bununla da İlham Əliyev öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Daha sonra azad olunmuş torpaqların yenidən qurulması, "Böyük Qayıdış" planının həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yüksək səviyyədə bərpası, üç beynəlxalq aeroportun açılması, yeni turizm mərkəzlərinin tikilməsi, əhalinin oraya qayıdışı, ağıllı kəndlərin və ümumilikdə rayonların salınması - bütün bunlar İlham Əliyevin xidmətləridir. Artıq dünya liderləri də bu haqda məlumatlıdır və ona görə də İlham Əliyev cənablarına xüsusi hörmətlə yanaşırlar. Azərbaycan rəhbəri BMT Baş Assambleyasında çox yüksək səviyyədə qarşılandı, ona xüsusi qonaqpərvərlik göstərildi. Böyük şirkətlər onunla görüşməyə can atır, Azərbaycanda yeni investisiyalarla maraqlanırlar. Bir çox ölkələrin rəhbərləri də Azərbaycanla görüşərək sülhə nail olmağı, sülh müqaviləsinin tezliklə imzalanmasını arzulayırlar və Azərbaycanın inkişafını dəstəkləyirlər.
Mən hesab edirəm ki, Azərbaycan Prezidenti BMT-dən qayıtdıqdan sonra ölkəyə yeni bir investor axını başlayacaq.  Qısa müddətdə 10 milyard dollarlıq investisiya razılaşması Azərbaycan üçün böyük uğurdur. İlin sonuna qədər Amerikadan və Avropadan investorların gəlməsi gözlənilir. Prezidentin dediyi kimi, Azərbaycan yeni bir müstəvidə dünyaya çıxacaq və nümayiş etdirəcək ki, qısa müddətdə hansı inkişaf yolunu keçib. Hesab edirəm ki, ABŞ investisiyalarının əsas sahələri alternativ enerji  olacaq və iqtisadi əlaqələr daha da genişlənəcək. Siz təsəvvür edin ki, Azərbaycan ABŞ-a yumurta da ixrac edib. Son zamanlar iki ölkə arasında ticarət dövriyyəsi xeyli artıb. Buna görə də hesab edirəm ki, İlham Əliyevin dediyi kimi, Donald Tramp hakimiyyəti dövründə, respublikaçıların hakimiyyəti dövründə Azərbaycanla ABŞ arasında həm iqtisadi, həm siyasi, həm də diplomatik inkişaf olacaq. Bu inkişafdan həm Azərbaycan xalqı, həm də ABŞ xalqı qazanacaq. ABŞ-ın dəstəyi ilə Azərbaycan daha böyük nailiyyətlərə çatacaq və ən əsası da yaxın zamanda Zəngəzur dəhlizinin - "Tramp marşrutu"nun açılması ilə bağlı ciddi işlər görüləcək. Artıq məlumdur ki, ABŞ-dan bir qrup nümayəndə gəlib, həm Ermənistanda, həm də Azərbaycanda olub, yolun çəkilişi üçün də ABŞ tərəfi 145 milyon dollar ayırıb. Yəni, bu məsələ çox uzanmayacaq. Hesab edirəm ki, yaxın 2-3 il ərzində bu yollar da açılacaq və Azərbaycanın ixrac potensialı daha da artacaq. Ələt limanı vasitəsilə yüklərin daşınması daha da genişlənəcək.
2027-ci ilə qədər limanda 25 milyon ton yükün daşınmasına nail olunacaq. Bütün bunlar Azərbaycanın inkişaf etdiyini, quruculuq işləri ilə məşğul olduğunu göstərir. Belə bir sahədə də təbii ki, ABŞ-ın böyük investisiya şirkətləri maraq göstərəcək və hesab edirəm ki, onlar da Azərbaycanda işlərini layiqincə görəcəklər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31