İkinci Qarabağ müharibəsi: İşğaldan qurtuluşa, müharibədən sülhə doğru – ÖZƏL
12:51 Siyasət"27 sentyabr - Azərbaycan tarixinin təqvimində həm hüznün, həm də qürurun yazıldığı gündür".
Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. O bildirib ki, bu tarixdən başlayan 44 gün, millətin yüzillik diləklərini gerçəkləşdirdi: işğalın zəncirləri qırıldı, torpaqlar azad olundu, dövlətin, ordunun, xalqın birliyi bəşəri ədalətin təntənəsinə döndü.
Araşdırmaçı-yazar qeyd edib ki, bu gün artıq həmin Zəfərin sonucları bölgənin siyasi dəngəsində apaydın görünür. İkinci Qarabağ müharibəsi Güney Qafqazda yeni gerçəkliklər yaratdı: Ermənistanın işğal siyasəti iflasa uğradı, Azərbaycan uluslararası hüququn dayağına çevrildi, Türkiyə ilə strateji müttəfiqlik daha da möhkəmləndi, Türk dünyası coğrafiyasında yeni energetika təcalla tapdı.
Hətta Rusiya, İran, Batı Avropa kimi oyunçular belə bölgəyə baxışlarını Azərbaycanın Zəfərindən sonra yenidən nəzərdən keçirmə zorunda qaldılar.
Türkoloq əlavə edib ki, qələbədən sonrakı beş ildə Azərbaycanın atdığı addımlar isə yalnız hərbi-siyasi məzmunla yetinmədi, həm də barış və inkişaf yönümlü oldu. Qarabağda bərpa və quruculuq işləri, qayıdış proqramı, kommunikasiya xətlərinin açılması, bölgəsəl işbirliyi girişimləri Azərbaycanın bölgədə sabitlik, inkişaf ocağına çevrildiyini göstərir. Bu addımlar həm Ermənistan toplumuna, həm də bütövlükdə bölgəyə aydın ismarıc verir: müharibənin sonucu əvəzçıxmanı deyil, gələcəyin ortaq barış və tərəqqisini ifadə edir.
"Ən əsası isə - şəhidlərimizin ruhu qarşısında borcumuz odur ki, bu Zəfəri yalnız keçmişdə və yalnız Qarabağda qalmış kimi yaşatmayaq, onu mahiyyəti üzrə dəyərləndirib gələcəyin möhkəm dayağına çevirək. Azərbaycan bu yolda qətiyyətlə irəliləyir və 27 sentyabr yaddaşımızda həm qəhrəmanlığın, həm də sabaha inamın unudulmaz günü kimi qalacaq," - deyə Əkbər Qoşalı sonda vurğulayıb.
Şəhidlər ölmədi, Vətən bölünmədi!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Sevda Dəniz