“Fələstinin tanınması regiona sabitlik yox, yeni gərginlik gətirəcək” – Taleh Əliyev – ÖZƏL

"Qərb dövlətlərinin ardıcıl şəkildə Fələstinin dövlət müstəqilliyini tanıması tendensiyası artsa da, təəssüf ki, bu siyasi, diplomatik, hətta hüquqi dəstəyin İsrail-Fələstin, yaxud İsrail-HƏMAS müharibəsinin yaxın zamanda başa çatması ilə nəticələnəcəyi inandırıcı görünmür".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, burada maraqlı bir məqam da var: Fələstini tanıyan dövlətlər onun sərhədlərini hansı əsaslarla qəbul edirlər? 1949-cu ildə keçmiş Fələstin ərazisində iki dövlətin yaradılması və Yerusəlimə ayrıca status verilməsi ilə müəyyən olunmuş sərhədlər nəzərdə tutulur, yoxsa 1967-ci il müharibəsindən sonrakı reallıqlar? Bəlkə də bugünkü vəziyyətə uyğun olaraq İordan çayının qərb sahili və Qəzza bölgəsi Fələstin dövləti kimi tanınır. Bu, hələ də tam aydın deyil və yəqin ki, yaxın zamanlarda daha dəqiq bəlli olacaq.

Siyasi şərhçinin sözlərinə görə, İsrailin siyasətinə nəzər salanda görürük ki, Təl-Əviv prosesi yalnız mövcud danışıqlarla yekunlaşdırmaq istəmir. İordan çayının qərb sahilindəki yaşayış məntəqələrində nəzarətini gücləndirir və bunu da guya mümkün terror cəhdlərinin, İsrail vətəndaşlarının həyatına təhdidlərin qarşısını almaq adı ilə həyata keçirir. Belə bir şəraitdə Fələstinin dövlət kimi tanınması yaxın perspektivdə onun tam suveren, sərhədlərini ordusu ilə qoruyan bir dövlətə çevrilməsi demək deyil. Əksinə, bu addımlar regionda gərginliyi artıracaq və ilk növbədə sadə fələstinlilərin həyatına mənfi təsir göstərəcək.

"Əlbəttə, ilk baxışda bu tanınmalar Fələstin üçün siyasi-diplomatik uğur kimi görünə bilər. Amma bu uğurun praktik müstəviyə keçməsi real deyil. ABŞ-nin də İsrailin mövqeyini dəstəkləməsi vəziyyəti daha da çətinləşdirir. Ona görə də Fələstinin dövlət kimi tanınması prosesi nə fələstinlilərə, nə də bütövlükdə regiona sabitlik gətirəcək. Əksinə, yeni gərginlik və qarşıdurmalarla müşayiət olunacaq və bunun acısını ən çox sadə fələstinlilər çəkəcək," - deyə ekspert əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31