Bu Zəfər dünya erməniliyi üzərində böyük bir qələbə idi- ÖZƏL
14:45 Siyasət"27 sentyabr 2020-ci il müasir Azərbaycan tarixinin ən şərəfli tarixidir. Bu gün Azərbaycan xalqının dövlətinə, tarixinə, mədəniyyətinə, mənəviyyatına qarşı zülmə və təcavüzə son qoymaq, öz hüququnu müdafiə etmək və torpaqlarını işğaldan azad etmək üçün ayağa qalxdığı gündür". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail İbrahimli deyib. Deputatın sözlərinə görə, Azərbaycan arxasında böyük güclərin, dövlətlərin durduğu Ermənistanın işğalçılıq siyasətinə 30 il dözdü və işğalın beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli üçün mübarizə apardı: "Lakin bu səylər nəticə vermədi. Dünyanın bəzi aparıcı gücləri və ermənilərin havadarları məsələnin ədalətli həllinə nail olmaq əvəzinə Ermənistanı işğalçılığa təhrik edib Azərbaycanı işğalla barışmağa sövq edirdilər. Azərbaycan isə bir qarış torpağın işğal faktı ilə barışmayacağını bəyan edib buna qarşı qətiyyətlə dayandı və mübarizə apardı. Azərbaycan öz iqtisadiyyatını gücləndirməklə qüdrətli ordu formalaşdırdı və məqamını gözlədi. Havadarlarına arxalanan Ermənistanın "Qarabağ Ermənistandır" düşüncəsini ortaya atması Azərbaycanın səbr kasasına sonuncu damlanı tökdü. Dövlət başçısı 27 sentyabr 2020-ci ildə Ermənistana qarşı növbəti təxribatın cavabı olaraq "Dəmir yumruq" əməliyyatına başlamaq barədə əmr verdi".
Deputat bildirib ki, bu, təkcə torpaq uğrunda savaş deyildi, həm də bir millətin ruhu uğrunda gedirdi: "İndiyədək torpaq uğrunda şəhid olanların qisası uğrunda gedən savaş idi. Şanlı Azərbaycan Ordusu düşməni 44 gün ərzində darmadağın edərək ağır məğlubiyyətə uğratdı və təslimçilik aktına imza atdırdı. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi.
Azərbaycan öz ərazi bütövlüyünü təmin etsə də, məsələ tam bitmədi. Çünki Qarabağda separatçı qüvvələr hələ də qalmaqda idi. Azərbaycan Xankəndidə yaşayan erməni separatçılarına sülh şəraitində yaşamaq barədə şərtlərini irəli sürsə də, onlar bunu qəbul etmədilər. Bu istiqamətdə 3 il ərzində aparılan danışıqlar və diplomatiya nəticə vermədi. Nəhayət, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağdakı separatizm yuvasına son qoyuldu və Azərbaycanın tam suverenliyinin təmin olunması istiqamətində addım atıldı. Bu antiterror əməliyyatı tarixdə analoqu olmayan bir hadisə idi. Yüz illik problem 23 saat ərzində həllini tapdı. Azərbaycan ərazisində separatizmə son verildi. Bununla da "böyük Ermənistan" ideologiyasının tabutuna sonuncu mismar vuruldu. Bu, eyni zamanda dünya erməniliyi üzərində böyük bir qələbə idi".
Deputat əlavə edib ki, Azərbaycanın bu qələbəsi Ermənistanın havadarları tərəfindən həzm edilmədiyindən ölkəmizə qarşı basqılar davam etdi: "Qərbdən, Şimaldan, Cənubdan, Şərqdən ölkəmizə qarşı məkrli baxışlar, iti caynaqlar və nimdaş sifətlər aydın göründü. Buna baxmayaraq Azərbaycan bütün bu qüvvələrə qarşı duruş gətirib qələbə çaldı. Dünyada az belə dövlət və millət olur ki, bu cür təzyiqlərin qarşısında tab gətirsin, qürurunu və siyasi xəttini qoruyub saxlaya bilsin".
O həmçinin qeyd edib ki, tam suverenliyimizi bərpa etdikdən sonra özünü dünyanın supergücü hesab edən ABŞ-nin keçmiş administrasiyası ilə Azərbaycan arasındakı münasibətlərdə gərgin anlar yaşandı: "Hətta Azərbaycan əleyhinə "907-ci düzəliş" yenidən gündəmə gətirildi. Lakin Azərbaycan bütün bu çətinliklərin qarşısında mətanətlə dayandı. Ölkə başçısının yürütdüyü uğurlu diplomatiya nəticədə öz bəhrəsini verdi. Növbəti qələbəyə isə 2 il sonra - 8 avqust 2025-ci ildə Vaşinqtonda nail olundu.
Cənubi Qafqazda sülh gündəliyinin memarı olan Azərbaycan Ermənistanla sülh sazişi parafladı. Təkcə sülh sazişi paraflanmadı, eyni zamanda ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində bir sıra sənədlər imzalandı. ABŞ-Azərbaycan münasibətlərinə ciddi əngəl yaradan "907-ci düzəliş" Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tarixin arxivinə göndərildi.
8 avqust Vaşinqton hadisəsi həm də dünya erməni lobbisi və erməniliyi üzərində növbəti qələbə idi. Bu, köhnə ABŞ administrasiyası, "Vaşinqton bataqlığı" üzərindəki qələbə idi.
Nəticədə ipə-sapa yatmayan Ermənistan isə təbəssümlü şəkildə Azərbaycanın irəli sürdüyü şərtlər daxilində sülh sazişi imzalamağa məcbur oldu. Ermənistanın Vaşinqtonda imzaladığı sülh şərtləri içərisində ən mühüm məqam isə Zəngəzur dəhlizinin açılması idi. Zəngəzur dəhlizi təkcə Azərbaycanın bir ərazisi ilə digər ərazisini birləşdirəcək yol kimi deyil, həm də vaxtilə Avrasiya coğrafiyasında - Uzaq Sibirdən Avropayadək uzanan türk xəttinin yenidən bərpası istiqamətində atılan addım idi.
Zəngəzur dəhlizinin açılması türk xəttinə yenidən can verəcək. Təsəvvür edin, bu müddətdə yaşayan türklərin böyük qismi assimilyasiya olundu, Şimali Qafqaz xalqları sürgün edildi. Türk xəttinin sonuncu qırılma ünvanı Zəngəzurun Ermənistana verilməsi oldu. İndi isə Zəngəzur xəttinin açılması onun bərpasına doğru atılan addımdır. Dünyada böyük güclərin iradəsi ilə qırılan Zəngəzur xətti indi yenidən bərpa olunur. Ona görə də Vaşinqton anlaşması mühüm tarixi əhəmiyyət daşıyır. Son olaraq onu qeyd etmək istərdim ki, 27 sentyabr Azərbaycanın davamlı qələbələrinin əsasını qoyan şərəfli bir tarixdir".