Qara dəniz sualtı kabel və dənizdə külək enerjisi layihələri regional enerji əməkdaşlığını gücləndirəcək - IFC

Qara dəniz sualtı kabel və dənizdə külək enerjisi layihələri Azərbaycan üçün regional enerji əməkdaşlığını gücləndirəcək.

Olaylar.az xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa və Cənubi Qafqaz üzrə investisiya məsələləri mütəxəssisi Vyaçeslav Qordiyenko Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu layihələr bölgədə tanınmış meqa proyektlərdir: "Qara dənizdə həyata keçiriləcək sualtı kabel layihəsinin böyük məqsədi Cənubi Qafqazda istehsal olunan yaşıl enerjini Avropaya ötürməkdir. Bu, böyük səylər tələb edir və geniş koordinasiyanı zəruri edir. Dünya Bankı artıq çoxölkəli koordinasiya və ilkin tədqiqatlar üzərində çalışır. Əgər bu layihə Azərbaycan üçün reallaşarsa, ölkə yalnız öz daxili tələbatını ödəyən bir enerji istehsalçısı olmaqla kifayətlənməyəcək. Bu, region üçün əhəmiyyətli bir dönüş nöqtəsi olacaq".

IFC nümayəndəsi Azərbaycanın dənizdə külək layihəsindən də danışıb: "Digər layihə Azərbaycanın Xəzər dənizində külək enerjisi və 7 gigavatlıq ambisiyalı proqramdır. Proqram yalnız o halda uğurla həyata keçirilə bilər ki, müəyyən komponentlər xaricdən gətirilə bilsin. Bunun üçün yerli istehsal gücü yaradılmalıdır. Bu isə təkcə Azərbaycanla kifayətlənməyəcək, Mərkəzi Asiya ölkələrinin də bu prosesə daxil olması vacibdir. Nəticədə, yerli istehsal imkanları formalaşacaq və layihə kommersiya baxımından əlverişli olacaq".

"Bu iki layihə bölgələrarası əməkdaşlıq baxımından olduqca uyğun nümunələrdir", - deyə IFC rəsmisi əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31