Rəqəmsal təkamül: Virtual dünyada milli dəyərlər necə qorunur?

Qiymət Mahir

Dünya gözümüzün qarşısında dəyişir. Texnologiyanın sürətli inkişafı həyatımızın hər anını əhatə etməklə yanaşı, milli dəyərlərimizi də sınayır. Virtual dünyaya inteqrasiya bir tərəfdən yeni imkanlar açsa da, digər tərəfdən milli kimliklərin qorunması məsələsini gündəmə gətirir.

İnternet və sosial media platformaları sərhədləri aradan qaldırıb, mədəniyyətlərin qovuşma nöqtəsinə çevrilib. Bu platformalarda Azərbaycan gəncləri də fəal şəkildə iştirak edir. Ancaq sual yaranır: rəqəmsal aləmdə milli dəyərlərimizi necə qoruyuruq?

Bugünkü gənclik artıq rəqəmsal məkanda yetişir. Sosial mediada izlədikləri kontent onların düşüncə tərzini formalaşdırır, dəyərlərinə təsir göstərir. Netflix seriallarından TikTok trendlərinə qədər hər şey gənclərin həyat tərzinə nüfuz edir. Bəs bu trendlər milli kimliyimizi necə formalaşdırır? Məsələn, son illərdə "influencer" adlandırılan şəxslərin yaydığı dəyərlər arasında milli dəyərlərimizə uyğun olmayan elementlər də yer alır. Onların bir çoxu xarici mədəniyyətləri təqlid edir, bəzən isə bu davranışları gənclər arasında "müasirlik" kimi qəbul edilir. Bu isə milli musiqimizin, ədəbiyyatımızın və ənənələrimizin kölgədə qalmasına səbəb olur. Gənclərimiz, məsələn, muğamı tanımaya bilər, amma xarici trendləri çox yaxşı bilir.

Rəqəmsal dünya gənclərə öz fikirlərini ifadə etmək üçün böyük azadlıq verir. Amma bu azadlıq bəzən milli dəyərlərin aşınması ilə nəticələnir. Məsələn, ailə və cəmiyyət dəyərlərimizi təhqir edən məzmunlar, qeyri-etik davranışlar sosial şəbəkələrdə geniş yayılır. Burada sual yaranır: rəqəmsal dünyada milli dəyərləri qorumaq üçün nə etməliyik? Cəmiyyətimiz virtual azadlıqla milli dəyərlərin qorunması arasında balansı necə təmin etməlidir?

Mövzu ilə bağlı sosioloq Yusif Nəbiyevin fikirlərini öyrəndik:

"Rəqəmsal təkamül cəmiyyətin informasiya texnologiyaları, rəqəmsal alətlər və platformalar vasitəsilə inkişaf prosesini ifadə etmək üçün istifadə olunan anlayışdır. Və bu elə bir inkişaf prosesidir ki, həm iqtisadiyyatın, həm sosial həyatın, həm də mədəniyyətin bu və ya digər formada şəkil dəyişdirməsini labüd edir. Əsasən, internetin geniş istifadəsi, mobil texnologiyaların inkişafı, süni intellektin tətbiqi fonunda baş verən bu inkişaf həm fərdlərin, həm də cəmiyyətin həyatını dəyişir, yeni sosial münasibətlər və davranış formaları yaradır. Kiçik bir misal verim: Başqasının gözü önündə yemək yeməyən  Azərbaycan xalqı, sosial şəbəkələr və xüsusilə İnstaqram sayəsində yediyi yeməyin şəklini çəkib paylaşan bir cəmiyyətə çevrilə bilir. 

İnsanlar sosial şəbəkələrdə vaxt keçirir, işlərini onlayn alətlər vasitəsilə görür, əlaqələrini rəqəmsal platformalarda qururlar deyə, virtual aləm get-gedə cəmiyyətin gündəlik həyatının bir hissəsinə çevrilir. Və bu elə bir sürətlə yayılır ki, fiziki sərhədləri aşaraq qlobal bir xəyali məkan yaradır. Eynən real həyata bənzər bir şəkildə virtual dünyada da milli kimliklər, mədəniyyətlər və dəyərlər öz yerini tapır. Lakin, bu yeni dünya milli kimliyin qorunmasında müxtəlif çətinliklər yaradır.

Cəmiyyətin mədəni irsi və milli kimliyi, rəqəmsal platformalarda daha asanlıqla qloballaşma prosesinin təsirinə məruz qalır. Ənənəvi dəyərlər, adət-ənənələr və hətta yerli dillər virtual dünyada digər mədəniyyətlərin təsiri altına düşür. Bu proses təkcə kiçik qəbilə dillərini yox, elə bizimki kimi tarixi və köklü dilləri də təsirə məruz qoyur. Çox uzağa getməyək - virtual aləmdə "yaxşı", "oldu" sözlərini çox istifadə edirik, yoxsa "ok" sözünü? "Rəy" deyirik, yoxsa "comment"? 

Bu təsirlərin qismən də olsa neytrallaşdırılmasında istər dövlət qurumlarının, istər böyük şirkətlərin, istər QHT-lərin, istərsə də bu mövzular üzrə fikir sahibi ola biləcək hər bir elmi işçinin və hətta öz növbəsində hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür.

Milli dəyərlərin qorunması, yalnız təşkilati resursların istifadə ilə deyil, həm də cəmiyyətin özünün bu yeni mühitə adaptasiyası və milli kimliyin qorunması məsələsinə düzgün yanaşması ilə mümkün ola bilər".

Milli dəyərlərimizi qorumaq üçün rəqəmsal dünyada öz mədəniyyətimizi təbliğ etməyimiz vacibdir. Bəs bunu necə edə bilərik?

Müasir texnologiyalardan istifadə edərək milli mədəniyyətimizi gənclərə cəlbedici formada çatdırmaq mümkündür. Məsələn, animasiyalar, qısa videolar və ya interaktiv tətbiqlərlə milli folklorumuzu, mədəniyyətimizi tanıtmaq olar. Məsələn, mən sosial mediada tamaşanın videosunu görüb teatra gedən gənclər görmüşəm. Təəssüf ki, bu sahədə hələki ciddi boşluqlar var. 

Demək olar ki, hazırda uşaqların uşaqlıq illəri telefonda keçir. Artıq bunu dəyişə bilmərik. Əksinə, qəbullanıb, hərəkətə keçmək lazımdır. Milli tariximizi və mədəniyyətimizi rəqəmsal dərsliklər, oyunlar vasitəsilə təbliğ edə bilərik. Bu istiqamətdə genişmiqyaslı işlərə ehtiyac var.

Bunlarla yanaşı dövlət nəzarətinin önəmini də vurğulamaq lazımdır. Sosial media platformalarında yayılan zərərli məzmunlara qarşı ciddi nəzarət mexanizmləri tətbiq edilməlidir. Son zamanlar bu nəzarət məxanizmləri daha ciddi hiss olunur. Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər cəzalandırılır, həbs edilir. Bu, milli kimliyin qorunması üçün vacib addımlardan biridir. Lakin milli dəyərləri qorumaq təkcə dövlətin işi deyil. Bu məsuliyyət hər bir fərdin, xüsusilə də valideynlərin üzərinə düşür. Valideynlər uşaqlarına milli mədəniyyət haqqında danışmaq, onlara milli musiqini, ədəbiyyatı sevdirmək əvəzinə, çox vaxt uşaqları sosial medianın təsirinə buraxırlar. Bunun nəticəsində gənclərimiz xarici trendlərə həddindən artıq meyillənir və milli dəyərlərdən uzaqlaşır.

Eyni zamanda, bəzi yerli məşhurlar və influencerlər də bu məsuliyyəti dərk etmir. Onlar öz sosial media kanallarında milli dəyərləri təbliğ etmək əvəzinə, xarici mədəniyyətləri təqlid edərək gənclər arasında bu trendlərin yayılmasına səbəb olurlar. Beləliklə, milli dəyərlərin qorunmasında ən böyük düşmənlərdən biri də laqeydlikdir. Rəqəmsal təkamül qaçılmazdır və virtual dünya həyatımızın bir parçasına çevrilib. Amma bu, milli kimliyimizi qurban vermək demək deyil. Əksinə, texnologiyadan istifadə edərək milli dəyərlərimizi gücləndirə bilərik. Bunun üçün dövlət, cəmiyyət və fərdlər birgə çalışmalıdır.

Unutmayaq ki, milli kimliyimizi itirəriksə, rəqəmsal dünyada yalnız "kopyalanmış mədəniyyətlər" olaraq qalacağıq. Virtual dünya bizim üçün təhlükə deyil, əksinə, milli dəyərlərimizi daha geniş auditoriyalara çatdırmaq üçün fürsətdir. Amma bu fürsətdən düzgün istifadə etmək hər birimizin əlindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31