Bakı regional və beynəlxalq məsələlərdə mühüm vasitəçi rolunda çıxış edir - ÖZƏL

"Hazırda beynəlxalq güclər arasında dünyada nüfuz dairəsi, satış bazarları, xammal mənbələrinə, nəhayət, tranzit əhəmiyyətə və çəkiyə malik nəqliyyat dəhlizlərinə nəzarət uğrunda gedən mübarizə qlobal kontekstdə yeni geosiyasi reallıqlar doğurub və dünyanın çoxqütblü modelə keçid mərhələsində olduğunu düşünməyə əsas verir. Bu modelə keçid qlobal müstəvidə beynəlxalq güclər, yəni fövqəldövlətlər arasında gedən mübarizənin reallıqlarından irəli gəlsə də, birqütblü dünya nizamının əksər milli dövlətlərin suverenliyini davamlı olaraq təhdid etməsi məlum dövlətlərin də regional müstəvidə mübarizəyə qatılmalarını zəruri etməklə onların da nüfuz və imkanlarının göstəricisi kimi siyasi ekspertlərin diqqətini cəlb edib. Fövqəldövlətlərlə müqayisədə onların beynəlxalq müstəvidə gedən proseslərə təsiri planetar miqyasda olmasa da, regional ölçüdə cərəyan edən geosiyasi olaylara təsirləri bəzən hətta həlledici olmuşdur".

Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib:

"Çoxqütblü dünya nizamına keçid proseslərində yer almış bu dövlətlər qlobal güclər arasında qarşıdurmalarda vasitəçi tərəf olmaqla katalizator dövlətlər kimi çıxış etmiş, nəticə etibarilə regional müstəvidə proseslərə ciddi təsir imkanlarına malik "orta güc" dövlətləri statusuna yiyələnmişlər.
Azərbaycan 2020 və 2023-cü illərin məlum hadisələrindən sonra 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarının azad edilməsinə, bu ərazilərdə özünün dövlət suverenliyini, ərazi bütövlüyünü bərpa olunmasına nail olduqdan sonra gerçək orta güc səviyyəsində olduğunu nümayiş etdirən dövlət kimi yenidən beynəlxalq güclərin diqqət mərkəzinə gəlmişdir. Onun beynəlxalq nüfuzu yüksəlmiş, regional dövlət olaraq bölgə və onun ətrafında gedən proseslərə təsir imkanları artmışdır.
Bəllidir ki, hakimiyyətin uzun illərdən bəri iqtisadi sferada, xüsusilə enerji sektorunda apardığı məqsədyönlü siyasət, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ordu quruculuğuna ayrılan diqqət, iqtisadi potensialdan düzgün və səmərəli istifadə, nəhayət, balanslaşdırılmış xarici siyasətin prinsiplərinin həyata keçirilməsində siyasi uzaqgörənlik və siyasi iradə olmadan Azərbaycan orta güc dövləti səviyyəsinə yüksələ bilməzdi.

Cənubi Qafqazda ÜDM-in hazırda 52%-nin Azərbaycanın payına düşməsi, Avropanın enerji təhlükəsizliyində rəsmi Bakının oynadığı rol, regional təhlükəsizliyin təmin olunması üçün rəsmi Bakının nümayiş etdirdiyi diplomatik fəallıq, regional və beynəlxalq müstəvidə ayrı-ayrı dövlətlər arasında münasibətlərdə yaranmış gərginliyin səngiməsində dövlətimizin vasitəçilik səyləri (zamanında Türkiyə və Rusiya, Türkiyə və İsrail və s.), beynəlxalq güclər arasında mübahisə doğuran bir sıra məsələlərin müzakirəsi üçün Bakının danışıqlar platforması kimi qəbul edilməsi ona olan yüksək etimadın göstəricisi olmaqla yanaşı, orta güc dövlətinə səciyyəvi olan vasitəçi və ya katalizator imkanlarının göstəriciləri kimi də diqqətə layiqdir.

Regionla bağlı təhlükəsizlik, enerji, nəqliyyat layihələrində bir qayda olaraq yer alan, məlum layihələrin həyata keçirilməsində bərabər imkanlara malik tərəf kimi rəsmi Bakının mütəmadi olaraq çıxış etməsi faktoru da onun gerçəkdən beynəlxalq birlik tərəfindən "orta güc" imkanlarına malik dövlət olmasının göstəricisidir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31