Dəyişməməli qızıl qayda Ümummilli Liderimiz Heydər Əliyev idealları işığında dövlət, vətən sevgisi olmalıdır

Müzəffər Liderimiz bizi əməli fəaliyyətə səslədi

Klassik əsərlər, həm də müasir empirik tədqiqatlar göstərir ki, partiya hökuməti, dövlət-partiya münasibətləri, nümayəndəlik, hesabatlılıq, hökumətin sabitliyi və partiya sisteminin institusionallaşması idarəçilik modelinin önəmli elementlərindən biridir. Partiyalar müasir demokratik sistemlərdə siyasətin təşkilində mərkəzi rol oynayırlar. Şübhəsiz ki, partiyaların demokratiyanın effektivliyinə təsiri onların məqsədlərindən və təşkilati quruluşundan asılıdır.

Partiyalar ilk növbədə cavabdehlik qabiliyyətinə malik olmalıdır. Yəni, cəmiyyət qarşısında hesabatlılıq olduqca mühüm amildir. Çünki partiya idarəçilik və cəmiyyət arasında vasitəçi institut kimi əsas mənbədir.

Partiyaların təşkilati modeli zamanla dəyişə bilər. Lakin əsas məqsəd və məramdan uzaq düşməmək son dərəcə önəmlidir. Bəzi demokratik sistemlərdə partiyalar dövlət resurslarından istifadə etməklə rəqabətin xarakterinə və öz siyasi mövqelərinin qurulmasına təsir göstərə bilirlər. Zənn edirəm ki, bu məqamda xüsusi vurğulamalı olduğumuz amil ondan ibarətdir ki, rəqabətdə mövqenin qorunub-saxlanılması da milli maraqlardan uzaq düşməməli, cəmiyyətin etibar etdiyi partiyanın məhz cəmiyyət qarşısında öz məqsəd və məramlarından yayınmamasıdır.

Partiya kollektiv fəaliyyət modeli ortaya qoyur, hesabatlılıq zəncirində önəmli yerə sahibdir. Partiya həm də ideoloji aspekt baxımından olduqca xüsusi əhəmiyyət kəsb edir. Yəni, cəmiyyətin vahid, bütün və bütöv ideoloji fikir və düşüncə ətrafında birləşməsi partiyanın birbaşa səlahiyyətləri çərçivəsindədir.

Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən etibarən idarəçilik modelinin əsas institutu kimi özünü sübut etməyi bacarıb. Təmsilçilik, siyasi sosiallaşma, kadrların seçilməsi, maraqların uzlaşması, hökumətin formalaşdırılması, həmçinin hesabatlılıq istiqamətində önəmli addımlar atıb.

Olduqca çətin, siyasi, sosial və iqtisadi dönəmdə yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının milli maraqlarının təmin edilməsi istiqamətində hər zaman mühüm aktor kimi çıxış edib.

Zamanında 91-lərin böyük uzaqgörənlik göstərərək Ümummilli Lider Heydər Əliyevə müraciəti, partiyanın çox çətin bir dönəmdə təşəkkül tapması və sonrakı dönəmlərdə də cənab Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət nəticəsində Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə nüfuza malikdir.

Partiyanı nüfuzlu edən amillərdən biri ondan ibarətdir ki, Azərbaycanda demokratik ab-havanın qorunub saxlanılmasında mühüm rol oynayır.

Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev nitq söyləyərkən partiyanın yaranış tarixinə, mövcud fəaliyyətinə, həmçinin strateji vizyonuna diqqət çəkdi. Dövlət başçımız Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı fundamental əsaslı fikirlər səsləndirdi. Bu istiqamətdə diqqətləri cəlb edən amil keçmiş münaqişə ilə bağlıdır. Dövlət başçımız açıq və aydın şəkildə bildirdi ki, Azərbaycan heç kəsin və heç bir tərəfin köməyi olmadan öz həqiqətlərini özü yaratmağı bacardı.

Bu günün siyasi mənzərəsi onu deməyə əsas verir ki, dünyanın müxtəlif istiqamətlərində münaqişə və müharibələrin getdiyi bir zamanda Azərbaycan əhali və ərazi baxımından çox böyük ölkə olmasa da, ərazi bütövlüyünü və suverenliyini təmin etməyi bacardı.

Azərbaycanın təmin etdiyi əsas amil həm də ləyaqətinin bərpası idi. Vaxt var idi Azərbaycan xalqının ləyaqətini, heysiyyətini alçaltmağa çalışan qüvvələr bu gün Azərbaycanın yaratdığı reallıqla barışmağa məcbur olurlar.

Dövlət başçımız Ermənistanın müxtəlif dönəmlərdəki hakimiyyətlərini təhlil edərək bildirdi ki, Ermənistan torpaqları bizə xoşluqla vermədi. Biz onları məcbur etdik ki, tarixi torpaqlarımızdan çıxsınlar. Azərbaycan illər ərzində sülh yolu ilə məsələnin həllində maraqlı idi. Lakin Ermənistan öz havadarlarına güvəndi. Nəticə etibarilə isə yanlış hesablamalar etdi. Azərbaycan isə düzgün hesablamalarla Cənubi Qafqazın sağlam təfəkkürlü gələcəyini müəyyənləşdirir. 

Bu gün Azərbaycan təhlükəsizliyin müxtəlif komponentlərini əsas götürərək siyasət yürüdür. Bu komponentlərdən hərbi təhlükəsizlik, enerji təhlükəsizliyi olduqca önəmli amillərdir. Lakin dövlət başçımız VIII Qurultaydakı çıxışı zamanı ideoloji təhlükəsizliyi mərkəzi yerə çıxardı.
Bunun əsas səbəbi həm tariximiz, həm mövcud durumumuz, həm də gələcəyimizlə bağlıdır.
Azərbaycanın dövlət başçısı bildirdi ki, biz gələcək nəsillərin çiyinlərində böyük yüklər saxlamamışıq. Azərbaycan hərtərəfli qaydada gələcək nəsillərin işini yüngülləşdirmək, daha firəvan həyat şərtləri təqdim etmək üçün qətiyyətli addımlar atır.

Bu qətiyyətli addımları atan Ümummilli Lider Heydər Əliyev siyasətini dəqiqliklə, uzaqgörənliklə icra edən cənab Prezident İlham Əliyevdir.

Dövlət başçımızın qurultaydakı hər bir sözü, hər bir fikri Azərbaycan xalqı üçün yolgöstərici olmalıdır. Bəli, taktiki, hətta strateji hədəflər də dəyişə bilər. Dəyişməməli qızıl qayda Ümummilli Liderimiz Heydər Əliyev idealları işığında dövlət, vətən sevgisi olmalıdır. Biz dövlət başçımızın siyasətini qətiyyətlə, yekdilliklə dəstəkləməliyik və bu istiqamətdə azərbaycanlı olduğumuzla hər zaman fəxr duymalıyıq. Müzəffər Ali Baş Komandanımızın bizə çatdırmaq istədiyi mesaj da bundan ibarət idi. Dövləti sevmək, vətəni sevmək, torpağa sevgi duyaraq fəaliyyət göstərmək. Formallıqdan uzaq əməli fəaliyyət, iş ortaya qoymaq bizim üçün seçim yox, zərurət və imperativdir. Müzəffər Liderimiz bizi əməli fəaliyyətə səslədi, biz də bu səsə ləyaqətlə, vicdanla səs verməliyik. 

Yeni Azərbaycan Partiyasının VIII qurultayı bundan sonra atılacaq addımlar baxımından proqram xarakterli bir qurultay kimi tarixə yazıldı.

Şəbnəm HƏSƏNOVA
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31