Bakının nəqliyyat çıxmazı

Paytaxtın bitməyən tıxac sınağı

Azərbaycanda, xüsusilə Bakı kimi böyük şəhərlərdə tıxac problemi son illərdə cəmiyyətin ən aktual məsələlərindən birinə çevrilib. Şəhər küçələrində, iş saatlarının başlanğıcı və sonu zamanı yaranan uzun tıxaclar  vətəndaşların gündəlik həyatına mənfi təsir göstərir. Saatlarla davam edən bu tıxaclar insanların işə və məktəbə gecikməsinə, şəxsi və peşəkar fəaliyyətlərində problem yaşamasına səbəb olur. Bu hal, həm də vətəndaşlar arasında stressi artırır, yol qəzalarının sayını yüksəldir və nəqliyyatın daha səmərəsiz istifadəsinə gətirib çıxarır.
 Tıxacların yaranmasının başlıca səbəbləri arasında avtomobil sayının sürətli artımı, yolların sıxlığı, park yerlərinin kifayət qədər olmaması və şəhər daxilində düzgün planlaşdırılmamış nəqliyyat şəbəkəsi göstərilə bilər. Xüsusilə Bakının mərkəzi küçələrində yol kənarlarının avtomobillərlə dolması  yol axınını ciddi şəkildə məhdudlaşdırır. Bu isə əsas magistral yolların bloklanmasına və nəticədə böyük tıxacların yaranmasına səbəb olur.

İctimai nəqliyyatın inkişaf səviyyəsinin kifayət qədər olmaması da tıxac problemini daha da dərinləşdirir. Bakı Metropoliteninin və avtobus şəbəkəsinin bəzi ərazilərə çatmaması və ya doluluq səviyyəsi, insanların şəxsi avtomobillərə üstünlük verməsinə səbəb olur. Şəhər sakinlərinin böyük hissəsi hər gün işə şəxsi avtomobil ilə getməyə üstünlük verir, bu da yolların daha çox dolmasına gətirib çıxarır.

Ümumiyyətlə, məktəblərin   açılması ilə nəqliyyatda yaranan tıxacların aradan qaldırılması üçün innovativ həll yolları hansılardır? Bu sualı nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevə ünvanladıq:

-Ümumi olaraq paytaxtda sıxlıq və tıxac hər gələn il daha da çox müşahidə olunur. Bunun da səbəbi fərdi nəqliyyatla səfərlər təşkil edənlərin sayının daha çox olmasıdır. İctimai nəqliyyatın çeşidlərini artırmağa gərək var. İlkin olaraq müəyyən tədbirlər görülür. İctimai nəqliyyatın avtobus seqmentinin üstünlüyünü təmin edən zolaq şəbəkəsi, mikromobilik üçün zolaq şəbəkəsi yaradılır, piayada infrastrukturu qismən abadlaşdırılır. Düşünürım ki, piyada infrastrukturu ilə bağlı işlərə daha çox diqqət ayırmaq lazımdır. İnsanların qısa məsafələrə məhz piyada getmələri üçün, fiziki cəhətdən sağlam olmayan piyadaları da nəzərə alaraq hər bir şərait yaradılıb, baryerlər aradan qaldırılmalıdır, bu məsələnin nə qədər vacib olduğunu bildirmək istəyirəm. Digər məsələ odur ki, bütün şəhərin mobilliyini təmin edəcək əsas növlər reysli nəqliyyatdır. Bunu da mərhələlər üzrə bölsək, mövcud olan dəmiryolu şəbəkəmiz var, şəhər daxilində olan stansiyalar artırılmalıdır, şəhər ətrafı xətlər modelləşdirilməli və bu xətlərin üzərində hərəkət tərkibli qatarların sayı artırılmalıdır. Yeni sifarişlər verilməlidir ki, bu qatarlar ehtiyaca uyğun hərəkət edə bilsinlər. Şəhərin ən önəmli ikinci infrastrukturu 57 ildir fəaliyyət göstərən metro şəbəkəsidir. Onun bundan sonra inkişaf etməməsi, yaxud zəif inkişaf etməsi həm metronun fəaliyyətinə, həmçinin də şəhərin inkişafına mənfi təsir göstərəcək. Ona görə müəyyən xətlərin tikilməsi vacibdir. Bu da Dərnəgül deposunun tikilməsidir, Koroğlu-Dərnəgül xətləridir, Xətai-Həzi Aslanov 2 xəttidir, xətlərin ayrılmasıdır, İçərişəhər-Badamdar xəttinin tikilməsidir, "Bənövşəyi xətt"in şəhər mərkəzinə uzadılıb "Ağ Şəhər"ə çatdırılmasıdır ki, bu da mövcud sərnişin axınının parçalanmasına gətirib çıxaracaq. Ondan sonrakı mərhələdə tramvayın da şəhərə qaytarılması önəmlidir. Bu tədbirlər mərhələli icra olunacaq. Hal-hazırda bu qədər sıxlığın bir səbəbi də var: ölkəmizdə iki beynəlxalq tədbir keçirilir. Biri artıq bitdi, ikinci tədbir noyabra gözlənilir və onunla əlaqədar şəhərin mərkəzində küçələr əsaslı təmir olunur. Küçələr təmir olunduğu zaman ya birbaşa, ya qismən bağlanır. Bu bağlanma nəticəsində nəqliyyat axını digər küçələrə köklənir ki, bu da əlavə sıxlıq yaradır. Düşünürəm ki, bu məsələ yaxın bir ay ərzində öz həllini tapacaq, sərnişin və nəqliyyat axını parçalanmış şəkildə hərəkət edəcək. Ancaq qeyd olunan məqamları düzəltməklə ümumi olaraq uzunmüddətli və daha dayanıqlı bir ictimai nəqliyyata sahib olduğumuz təqdirdə mobillik təmin olunmuş olacaq. Yəni, insanlara çeşidli, üstünlüyü təmin olunmuş ictimai nəqliyyat təmin olunmalıdır ki, insanlar fərdi nəqliyyatdan daha çox ictimai nəqliyyata yönəlsinlər. Həmçinin, avtobus daşıyıcılarının maliyyə dayanaqlığını təmin edən "Brutto müqavilələr"ə keçid sürətləndirilməlidir. "Brutto müqavilə"nin nələrə xidmət etdiyini, sərnişin və daşıyıcılar üçün hansı üstünlükləri olduğunu qeyd edək: Hal-hazırda avtobus seqmentində olan bəzi mənfi halları aradan qaldıra biləcək və daşıyıcıların xərclərini qarşılayacaq, çünki bizim ödədiyimiz gediş haqqı ilə bütün xərclər qarşılanmır və bütün böyük şəhərlər daşıyıcıları subsidiya edir. Həmin "Brutto müqavilələr" də məhz hər kilometrə görə subsidiyanı özündə ehtiva edir. Bu subsidiya hesabına hazırda ciddi bir problem olan sürücü qıtlığı məsələsi də həll ediləcək,  sürücülər üçün maaşların artırılmasına gətirib çıxaracaq. Böyük şəhərlərdə olan günlük, aylıq, illik bilet təklifləri, uzaq məntəqədən gəlib bir növdən başqa növə keçən vətəndaşlarımızın xərclərinin optimallaşdırılması üçün 45-60-90 dəqiqəlik pulsuz keçidlərin təmin olunmasına şərait yaradacaq. Ümumi olaraq hər nəqliyyat növü üzrə ayrı-ayrılıqda müəyyən işlər görülməlidir, amma bu hazırda hərəkətdə olan avtobus, metro, dəmiryolu və s. kimi növlərin daha səmərəli, daha effektiv işləməsi üçün önəmli məqamdır.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31