72 illik ömrün neft qoxulu 50 illik şərəf yolu

Züleyxa NADİR

Həmin yolda yolçu olan qocaman neftçi bu gün də yorulmadan irəliləyir

İnsanın  xoşbəxtliyi  nə tutduğu mövqedən, nə də yaşının az və ya çox olmasından asılı deyil. İnsan xoşbəxtliyini o zaman dərk edir ki, illər onun taleyində gərəkli bir iz buraxır və o da özündən sonra bu həyatda xoş xatirə qoyacağını əvvəlcədən hiss edir. Bu, böyük xoşbəxtlik və həm də böyük məsuliyyətdir.

Tanrının bəxş etdiyi talenin məsuliyyətini bir ömür çiyinlərində daşımaq xoşbəxtliyini hamı bacarmır. Əslində bu, elə çətin bir iş də deyil. Sadəcə çiyinləri həmin məsuliyyətin altına vermək lazımdır. Həmsöhbətim Ələmdar Useynov "72 illik ömrünün 50 ilini bu məsuliyyətin yükünü daşımağa ayırıb"  desəm səhv etmərəm. Nədir bu yük? Bu, dənizin dibindən çıxarılan dürr dənələri qədər qiymətli  "qara qızıl"ın neft qoxusunu canına, qanına hopdurmaq və həmin qoxudan həzz almaq,  dənizi sevmək, yorulmadan, usanmadan, "uf" demədən onun dərinliklərində kəşfiyyat aparmaq, qazılan quyunun fontan vuracağı anı həyəcanla gözləmək, peşəsini sevmək, sənətini dəyərləndirmək, işinin ustası olmaqdır.

Ələmdar Useynovla söhbət edərkən anladım ki, o, nəinki seçdiyi geoloq sənətinə mükəmməl yiyələnib, həm də bu peşəni ən uca zirvəyə daşımaqla onu fəth edənlərlə çiyin-çiyinə dayanıb. Dənizin dibi və ən uca zirvənin sön nöqtəsi... əks istqamətlərdən boylansa da  buradakı  fiziki qanunauyğunluq -  "əksliklərin vəhdəti" qanunu xoş bir ahəng yaradaraq həmsöhbətimin taleyinə işıq tutub. O, bu işığın başlanğıc nöqtəsinin böyük bacısından gəldiyini söyləyir:

-Bacım ixtisasca geoloq idi. Elmlər Akademiyasında işləyirdi. Onun peşəsi məndə maraq yaratmışdı, hətta işi-peşəsi ilə bağlı hərdən soruşur,  bilik əldə etməyə çalışırdım. O da mənə çox həvəslə geologiyanın sirlərindən danışırdı. Beləliklə, məndə  bu sənətə çox böyük maraq və sevgi yarandı.  Ədəbiyyat müəllimiz "Kim olmaq istəyirsən?" mövzusunda inşa tapşıranda düşünmədən həmin sevginin əlindən tutub "geoloq olacam" yazdım. Onda Bakıdakı  172 nömrəli məktəbdə oxuyurdum. 1969-cu ildə məktəbi bitirib M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun geoloji kəşfiyyat fakültəsinə qəbul olundum. Və o gün  bu gün taleyimi "qara qızıl"a bağladım, özümü dəniz neftinin içində tapdım.

Doğrusu, "qara qızıl" sözü məndə  qəribə duyğulu xoş ovqat yaratdı. Bu iki kəlmə sözdən çıxan "neft qoxusu"nun nə olduğunu gəncliyimdə bilirdim. Sovet mətbuatında "neft"  sözü ən çox "qara qızıl"  kimi yazılırdı, o zamankı  bənzər yazılarımda da bu ifadədən istifadə etmişdim. Həmsöhbətimi  geoloji auradan çıxarıb  "qara qızıl" sözünün  "çərçivəsinə" saldım. Maraqlı bir əhvalat danışdı:

-I Pyotr 1722-ci ildə Bakıya yolladığı hərbi ekspedisiyanın rəisi general Matuşkinə xüsusi tapşırıq verib ki, müəyyən miqdarda əbədi və müqəddəs odun-alovun əsası olan qara neftdən mümkün qədər Peterburqa çox göndərin,  neft işi ilə məşğul olan bir neçə usta və mütəxəssisi də ora ezam edin. Çarın məqsədi Xəzərsahili vilayətlərdən, xüsusən də Bakıdan yerli əhalini-azrbaycanlıları köçürüb, onların torpaqlarında erməni gürcü və rusları yerləşdirərək özünə xristianlardan ibarət istinadgah yaratmaq imiş. İş elə gətirib ki, ölüm çarın  bu arzusunu ürəyində qoyub. İllər sonra Bakı qubernatoru 1840-cı ildə Peterburq Elmlər Akademiyasına göndərdiyi Bakı neft nümunələrini yoxlayandan sonra "alimlər" ona ibrət dərsi vermək üçün belə cavab yazıblar:"Bu üfunətli maddə ancaq araba çarxlarını yağlamağa yaraya bilər". Amma  həmin "üfunətli maddə" sonradan "qara qızıl" adını alaraq  bütün dünyanın marağında oldu. Elə həmin dövrlərdən "qara qızıl" diyarı olan Bakının şöhrəti bütün dünyaya yayıldı. Varlanmaq üçün dünyanın bir çox sənət, peşə sahibləri - məşhur mühəndislər, memarlar, alimlər, kimyaçılar, texnoloqlar, inşaatçılar buraya axışaraq Bakıda mənsəb və dövlət sahibi olublar.

Ələmdar Useynov deyir ki, əslində arzusu ali təhsilini başa vurandan sonra Sibir yataqlarında Fərman Salmanovun yanında işləmək olub. Geoloji kəşfiyyat apararaq Tümenin neft quyularında iz qoymaq istəyib. Hətta IV kursda oxuyanda bu yola çıxıb.  Diplom işi yazmaq üçün Surqut yaxınlığındakı Nefteyuqansk şəhərində 3 aylıq təcrübə keçib. Həmin vaxt orda qalıb işləmək arzusunu bildirsə də, ona müsbət cavab verilməyib: "3 il Azərbaycanda işləyəndən sonra gəlib burda çalışa bilərsən". Beləcə, gənc Useynovun taleyini Tümenneftə bağlamaq arzusu başlamamış bitib. Diplom rəhbəri məşhur geoloq Baxış Sultanov olub.  Həmsöhbətim onun adını çəkəndə üzündə qəribə bir ifadə yarandı. Sanki keçmişin ağrısı və şirini  qarışımış xatirə canlandı gözündə. Bir qədər susdu. Marağımı gizlədə bilmədim. Baxış Sultanovun taleyinin də bir çoxları kimi Mircəfər Bağırov "qılıncı" ilə parçalandığından söz açdı:

-1937-ci ildə Baxış Sultanovun Bibiheybət yatağında qazdığı quyudan neft çıxmayıb. Bu əks nəticə  Bağırovun qəzəbinə səbəb olub və onun həbs olunmasına əmr verib. Baxışov həbsdə olanda həmin quyudan neft çıxıb, bir gündə 20 min ton "qara qızıl" fontan vurub. Bunu görən Mircəfər həbsdən azad edir, ona ev və avtomobil verir.

1974-cü ildən ta bu günə kimi taleyini Bakı neftinə bağlayan Ələmdar Useynovun bu gün 72 illik ömrünün 50 illik taleyinə neft qoxusu hopub. "Mənim üçün neft qoxusu  dünyanın ən bahalı ətirindən üstündür" deyir qocaman neftçi. Dənizin dibində kəşfiyat aparan  geoloq ömrünü neftçıxarmaya həsr edib. Xəzərin tufanı, qasırqası, küləyin şiddəti, şahə qalxan dalğanın nəriltisi onu bir an olsun qorxutmayıb.  Neftçi geoloq deyir ki, dəniz ana kimidir. Nə qədər qəzəbli olsa da sakit vaxtları insana laylay deyirmiş kimi ruha sığal çəkir. Onun dibindəki dürr - "qara qızıl" insan ömrünün ağ günlərinin təminatçısıdır.

Gözqamaşdıran "qara qızıl"ın illərboyu nə qoxusu, nə də parıltısı qəhrəmanımı heç bir zaman doğru yoldan kənara çıxarmayıb. Hələ II kursda oxuyanda  Almaniyanın Frayberq şəhərindəki Dağ-Mədən Akademiyasında, daha bir il sonra Orconikidze adına Neftqazçıxarma  idarəsində quyuların əsaslı və yeraltı təmir sexində təcrübə keçəndə və təyinatla  Serebrovski adına Neftqazçıxarma idarəsində operator kimi işə başlayanda yalnız bir şeyi düşünüb: elə çalışmalıdır ki, ömrünün sonunacan dənizlə, "qara qızıl"la qolboyun olsun, neftdən ayrılmasın. Onu özünə çəkən cazibəli geoloji kəşfiyyatın dərinliklərində itib-batmasın,  daxil olduğu quyudan əliboş çıxmasın. Əks halda dənizə olan bağlılıq da, kəşfiyyat sirləri də bir heç olar. Neft qoxulu 50 ildə Useynov "qara qızıl"ın cazibəsindən çıxa bilmədi. Çünki heç bir zaman atdığı addımın sonunda heçliyin, yoxluğun olduğunu güman etmədi, şübhə ilə yanaşmadı. Hətta  yaxın zamanlarda Xəzərdə neftin bitəəcəyini ehtimal edənlərin fikirlərini də  qəbul etmir:

-Xəzər nefti tükənməzdir, sonsuz sərvətdir. Məsələn 1955-ci ildən Qumdəniz yatağında neft çıxarmaq üçün tutulan layihədə cəmi 48 faiz nəzərdə tutulmuşdu. İndiyə  kimi ordan biz 43 faiz neft çıxarmışıq. Amma bu gün müasir texnologiya, innovativ yeniliklər qalan 52 faiz neftin çıxarılmasına imkan yaradır. Bir quyudan bu qədər  "qara qızıl" çıxarmaq  hələ uzun illər çəkəcək. Yaxud da götürək Hövsan-Zığ yatağını. 1996-ci ilə qədər bu yataq az hasilatla sutkada 2-3 ton neft verirdi. Artıq yeni texnologiyalarla  qazılan yeni quyular 300 tona qədər neft verir. Onu da deyim ki, Xəzərdə hələ də kəşf olunmamış yataqlar var.  Suyun 500-1000 metr dərinliyində olan bu yataqlar seysmik kəşfiyyat işi aparmaqla kəşf olunur.

Həmsöhbətim Xəzər nefti haqqında xeyli danışdı. Onun dünənki uğurları, bu günkü göstəriciləri və sabahkı taleyinin necə olacağı ilə bağlı maraqlı hadisələr dilə gətirdi: "Xəzər dənizində ilk dəfə kəşfiyyat quyusunu Mixail Kaveroçkinin rəhbərlik etdiyi briqada qazıb. O, açıq dənizdə neft quyusu qazmağın pionerlərindən idi.  9452 metr dərinlikdə olan həmin quyu gündəlik 100  ton neft verib. Beləliklə də açıq dənizdə neftçıxarmanın əsası qoyulub". Ələmdar Useynov məşhur qazma ustası  Ağa Nemətullanın da adını fəxrlə çəkdi, onun da bu sahədə ilklərdən olduğunu söylədi: "1952-ci ildə 5 nömrəli quyuda axtarış işi aparan  usta olub. Bu ərazidə neft olduğunu  ilk dəfə Ağa Nemətulla  kəşf edib.  3470 metr dərinlikdə olan həmin quyu sınaq işləri zamanı  gündə 250 min kub metr qaz və 50 ton neft verib. Bu uğur 1955-ci ildə Qumdəniz yatağında neft hasil edilməsi məqsədilə neft qazçıxarma idarəsi yaradılmasına səbəb oldu. Sonralar "Qumneft",  Serebrovski adına,  "Qumadası"  NQÇİ adlanan bu idarə 2010-cu ildən "Bahar Enerji" LTD adlanır".

Dənizdə neft çıxarmağın romantikası  ilə yanaşı çox çətinliklərin olduğunu hər kəs bilir- istər neftçi olsun, istərsə də digərləri. Dənizi sevmək, dərinliklərində kəşfiyyat aparmaq, ordakı sərvəti üzə çıxarmaq olduqca şərəfli bir işdir. Bu şərəfi zinətləndirən isə peşəni sevmək, bir gün olsun belə qorxmamaq, usanmadan, yorulmadan çalışaraq ondan ayrılmamaqdır. Ələmdar Useynov 50 ildir həmin şərəflə qoşa addımlayır. Qocaman neftçidir, amma ruhən gəncdir, işdən yorulmur.  Geoloji kəşfiyyat yolunda irəlilədikcə, təcrübəsi artıb, peşəkar neftçi kimi  şərəfli bir ada yüksələrək müxtəlif vəzifələrdə çalışıb. Hazırda təqaüdçüdür, amma  neftçıxarmada, xüsusilə geoloji kəşfiyyatyda ona ehtiyac olduğu üçün 50 ildir çalışıb əmək verdiyi  "Bahar" və Qumadası neft yataqlarının kəşfiyyatı, hasilat və işlənməsi üzrə operator olan  "Bahar Enerji" LTD-dən aldığı dəvəti dəyərləndirərək orada çalışır və peşəsini gənclərə öyrədir. 

Ələmdar müəllim deyir ki, oğlunun da  geoloq olmasını istəyib,  amma  Anar neftçi mühəndis olmağa seçib. Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. Qızı Səbinə isə bank sektorunda çalışır, Kapital Bankda böyük mütəxəssisdir. Qazandığı çoxlu sayda təltiflər, fəxri adlar 72 illik ömrünün neft qoxusu verən 50 illik tale payının naxışlarıdır.

2018-ci ildə aldığı "Fəxri neftçi" adı  isə Ələmdar Useynovun  ürəkdən  başlandığı peşəsinin  dan ulduzudur...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31