Turizm dərdi..

Onilliklər ərzində turizmin inkişafının əsas səbəbi təyinat yerinə gələn turistlərin sayını artırmaq idi. Lakin son illərdə adətən overturizm adlandırılan bir fenomen ictimaiyyətin diqqətini cəlb etməyə başlayıb. Bəzi çox məşhur turizm məkanlarında böyük turist kütlələrinə və onların davranışlarına qarşı ictimai müqavimət yaranıb. Overturizm termini son vaxtlar manşetlərə çevrilir. Bu, şəhər istiqamətlərinə doğru artan turizm axınının idarə edilməsinin çətinliklərini və turizmin şəhərlərə və onların sakinlərinə xoş olmayan təsirini təsvir edir.
Overturizm turizmin mənfi nəticələri ilə bağlı ictimai və akademik müzakirələrdə nisbətən yeni bir termindir. Overturizm müəyyən vaxtlarda və müəyyən yerlərdə turizmin təsirinin fiziki, ekoloji, sosial, iqtisadi, psixoloji və yaxud siyasi imkanlar həddini aşdığı vəziyyəti təsvir edir. Ən həssas istiqamətlər mütləq şəhərlər deyil, sahil boyu şəhərlər, adalar və kənd irsi əraziləridir. Overturizm həddən artıq sıxlıqdan daha mürəkkəb və çoxşaxəli bir hadisədir. Turistlərin sayı durmadan artdıqca turizmin mənfi təsirləri getdikcə daha aydın görünür. Ətraf mühit və ev sahibi icmalar getdikcə artan turist axınını idarə etmək üçün təzyiq altında çalışırlar.
COVID-19 pandemiyasından sonra Azərbaycan da turizm sahəsini tez bir zamanda bərpa edən ölkələrdən oldu.
Belə ki, cari ilin yanvar-mart aylarında Azərbaycana 513 min 413 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz çoxdur. Çünki turizm sahəsinin inkişafı ilə əlaqədar dövlət dəstəyilə həyata keçirilən tədbirlər Azərbaycana səfər edən turistlərin sayının artmasına səbəb olub. Ötən il Azərbaycanı 2,2 milyon turist ziyarət edib ki, bu da əvvəlki illə müqayisədə 30 faiz artım deməkdir.
Bu hər nə qədər dövlət turizminin inkişafı baxımından müsbət və sevindirici hadisə olsa da, təəssüf ki, mənfi tərəfləri də az deyil.
Məsələn, son günlər sosial mediada Bakıda olan hindistanlılarla bağlı bir neçə video yayılıb. Bunlardan birində blogger qadın Bakının Nizami küçəsində hindistanlıların sayının yerlilərdən xeyli çox olmasından gileylənib. Rəy bölümündə şikayətçini dəstəkləyənlər tənqid edənlərdən daha çox olub. Yazanların əksəriyyəti hesab edir ki, Hindistan vətəndaşları Bakıda özünü adekvat aparmır. İkinci videoda isə Cənub-Şərqi Asiyadan gələnlərin otellərdən birinin hovuzuna paltarla daxil olduqları görünür. Kənarda dayanmış yerli adamlar buna biganə qalmır, etirazını bildirir.
Bundan əlavə, keçiriləcək tədbirlə bağlı da ölkəyə gələn turistlərin sayı durmadan artır və bu da təbii olaraq şəhərdə, ictimai nəqliyyatda sıxlığa səbəb olur ki, əhali bu vəziyyətdən olduqca narahatdır.
Turizmin inkişafı hər nə qədər müsbət hesab olunsa da, bu hal əhalinin sosial həyatına necə təsir edir? Yaşanan problemlərin aradan qaldırılması üçün hansı həll yollarından istifadə etmək lazımdır?

Sosioloq Elçin Bayramlının sözlərinə görə, hər ölkənin öz qaydaları, əxlaq normaları, məişət tərzi, yaşayış tərzi, psixologiyası var ki, gələn turistlər onlara riayət etməlidir:

"Bu təbii bir haldır. Turizmin inkişaf etdiyi ölkələrin demək olar ki, hamısında bu vəziyyət var. Çünki fərqli mədəniyyətlər, sivilizasiyalar, fərqli ölkələr, xalqlar var ki, onların davranışları, yaşayış tərzləri, hərəkət tərzləri fərqlidir. Bəli, deyək ki, hər mədəniyyətin təmsilçiləri arasında mədənilər də var, qeyri-mədənilər də var. Əgər turizmi qəbul ediriksə, ölkəni turizmə açırıqsa, bu şeylər olacaq, bunlar yaşanmalıdır. Mən ümumiyyətlə, ölkəyə çox turist gəlməsinin tərəfdarı deyiləm. Bunun yalnız iqtisadi faydası var, amma digər məsələlərdə çox zərərlər olur. Amma biz son dövrlərdə hər şeyə iqtisadi tərəfdən baxdığımıza görə, turizm  belə bir gəlirli sahədirsə, təbii ki, bunlara da necə deyək, qatlaşmalıyıq.
Aydın məsələdir ki, müəyyən normalar, çərçivələr var. Hər ölkənin öz qaydaları, əxlaq normaları, məişət tərzi, yaşayış tərzi, psixologiyası var ki, gələn turistlər onlara riayət etməlidir. Bundan başqa, qanunlara, qaydalara, ictimai təhlükəsizliyə, insanları narahat etməməyə və yaxud ətrafı zibilləməməyə də borcludurlar. Bu hər hansı bir turist olsun və ya yerli şəxs olsun, fərq etmir, bu artıq qanun faktorudur. Burada belə bir hallarda cəza tətbiq oluna bilər və bir çox ölkələrdə belə də edirlər. İradlar bildirilə bilər, cəza tətbiq oluna bilər, cərimə tətbiq oluna bilər. Hər hansı bir formada bunu etmək mümkündür. Yoxsa biz gözləyə bilmərik ki, dünyanın müxtəlif yerlərindən, söhbət təkcə Cənub-Şərqi Asiyadan getmir, dünyanın hər yerindən gələn turistlərin arasında hər cür insanlar olur. Mədənisi də olur, qeyri-mədənisi də olur, tərbiyəlisi də olur, tərbiyəsizi də olur. Bu normal bir vəziyyətir, dünyanın bugünkü mənzərəsində belədir, onda gərək turizm üçün ölkəni xaricə kütləvi açmayaq.
Əslində mən istərdim ki, iqtisadiyyatda daha çox istehsal, istehlak iqtsadiyyatı inkişaf etdirək. Turizm o qədər də etibarlı bir sahə deyil. Çünki böhran vəziyyətlərində, pandemiya dövrlərində bu kimi hallarda göründüyü kimi, turizm sektoru çökür. Buna ümid olmaq olmaz. Turizm, turist ölkələri çox ağır vəziyyətə düşürlər, gəlirdən məhrum olur. İqtisadi bir qədər gəlirlər əldə olunsa da, buna böyük investisiyalar qoyub, dünyadan zorla turistləri buraya gətirmək başqa problemlər yaradır. Sizin qeyd etdiyiniz və digər başqa məsələlər də var. Kriminal hadisələr də baş verir, mənəvi dəyərlərimizə problemlər də yaranır. Bu kimi çox şeylər var. Məsələn, həmin ölkələrdə bahalaşma yaranır. Turistlər çox gələndə istər-istəməz məhsul və xidmətlərin qiymətləri bahalanır. Fikir verin, Azərbaycanın turizm rayonlarında digər rayonlara nisbətən hər şeyin qiyməti ən azı iki dəfə bahadır. Çünki tələbat çoxdur, turist gəlir, ərzaqdan tutmuş hər şey orada baha olur. Yerli əhali buradan qazanc götürmür. Amma o turistə görə nəyisə baha almağa məcbur olur.
Bax, bu məsələlər bu tərəfdən zərər vurur. Amma dövlət tərəfdən, turizm iqtisadiyyatın qurulması tərəfdən baxdıqda, müəyyən bir iqtisadi fayda verir. Ona görə də hər hansı bir formada tənzimlənməlidir. Turizmi tam ləğv etmək, qadağan etmək də mümkün deyil. Deməli, ya belə eləmək lazımdır ki, bu sektora daha çox böyük investisiyalar yönəltməkdənsə, başqa sahələrin istehsal iqtisadiyyatına investisiyalar yönəldilməlidir ki, turist də gəlsin. Müəyyən qədər onda çox ciddi problem yaranmır.
Bu birinci məsələ, ikinci məsələ də, gələn turistlərə müəyyən izahatlar verilməlidir. Turizm şirkətləri tərəfindən tələblər qoyulmalıdır ki, ölkənin qayda- qanunlarına riayət edəcək, ictimai narahatçılıq yaratmayacaq və bu hallarda hər hansı bir formada cəzaya məruz qalacaq. Əgər bu tətbiq olunsa, bu kimi hallar heç olmasa aradan qalxar və yaxud maksimum dərəcədə azalar. Başqa bunun həll yolu yoxdur. Çünki bütün turizm ölkələri bu vəziyyətlə qarşılaşırlar. Amma bu formada nəzarət və cəza mexanizmləri var. Bu formada vəziyyəti bir qədər düzəltməyə çalışırlar.
Amma deyim ki, hələ bizdə vəziyyət yaxşıdır. Bir çox turizm ölkələrində daha dəhşətli vəziyyətlər var. Məsələn, tutaq ki, Antalya zonasında uşaq oğurluğu, uşaq itkinliyi dünyada ən yüksək göstəricilərdən birindədir. Tutaq ki, Braziliyada, İspaniyada və s. ölkələrdə turistlər çox gələndə kriminal vəziyyətlər yüksək olur. Gələn turistlərin bir çoxu müxtəlif terror təşkilatlarının üzvləri də ola bilir, kriminal təşkilatların üzvləri də ola bilir, mafiyaların adamları da olur, içində xarici kəşfiyyat casusları da olur və s. Turist kütləsinin içərisində müəyyən belə çox sayda problemlər var. Ona görə burada həm dövlət nəzarəti lazımdır, həm də ictimaiyyətin özü ən azı bir ictimai qınaq formasında, hər hansı bir formada turistləri vadar etməlidir ki, qaydalara, qanunlara riayət eləsin, neqativ hallara yol verməsinlər. Əgər belə bir hal varsa, polis vasitəsilə həmin şəxslərin cəzalandırılmasını təşkil etmək lazımdır. Yalnız bu vəziyyəti bu yollarla bir az yüngülləşdirmək olar. Başqa cür mümkün deyil. Nə tamamilə ölkəni bağlayıb turistlərin gəlməsini qadağan etmək mümkün deyil, nə də insanları gözləmək mümkün deyil ki, gələnlərin hamısı normal qaydalara riayət edəcək. Ona görə bu formalarda hər hansı bir tədbir görmək olar".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31