Dövlət Suverenliyi Günü yeni tarixi günlərdən biridir- ÖZƏL

"Dövlət Suverenliyi Günü yeni tarixi günlərdən biridir. Bundan sonra Azərbaycan xalqı hər il 20 sentyabrda Dövlət Suverenliyi Gününü qeyd edəcək. Əlbəttə ki, cənab Prezident İlham Əliyev tərəfindən Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında sərəncam imzalanması kifayət qədər böyük tarixi əhəmiyyətə malikdir". 



Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edibdir, Azərbaycanın qarşısında heç bir separatçılıq mövcud deyil, təbii ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarda həyatı dirçəltməyə davam edir. Artıq bilirik ki, Xankəndi şəhərində Qarabağ Universiteti də fəaliyyətə başlayıbdır. Bütün bu kontekstdə tarixi günlər bir-birinə qarışıbdır. Həm "Əsrin müqaviləsi"nin imzalanmasının 30 ilidir, eyni zamanda, Qarabağda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhər günlərinin təsis edilməsi haqqında 20 sentyabrda cənab Prezident tərəfindən öncədən sərəncam imzalanıb. Eyni zamanda, 20 sentyabr artıq Dövlət Suverenliyi Günü kimi rəmzi, simvolik anlamda da kifayət qədər önəm daşıyan bir gün kimi bayram şəklində qeyd ediləcək. Xüsusilə Dövlət Suverenliyi Gününün təsis edilməsi həm dosta, həm düşmənə bir mesajdır. Dostlarımız Azərbaycanın bütün ərazilərində yurisdiksiyasının bərpa edilməsinə sevinir, düşmənlərimizə isə Dövlət Suverenliyi Gününün təsis edilməsi mesajdır ki, bir də heç vaxt Azərbaycan ərazilərində hansısa separatçılıq meyarları olmayacaq".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31