Yanlış karyera planlaması-40 il itki
19 İyul 2024 17:34 Sosialİxtisas seçimi zamanı bir çox insan müxtəlif problemlərlə üzləşə bilər. Bəzi insanlar öz maraqlarını və qabiliyyətlərini dəqiq müəyyən edə bilmir, bu da doğru ixtisas seçməkdə çətinlik yaradır. Həmçinin valideynlər bəzən uşaqlarının öz arzuladıqları sahələrə yönəlməsini istəyir. Bu təzyiq, gənclərin öz arzularına uyğun seçim etməsinə mane ola bilər. İxtisas seçimi zamanı gələcək karyera imkanları haqqında dəqiq məlumatın olmaması, qeyri-müəyyənlik və narahatlıq yarada bilər. Həmçinin, gənclər, maraqlandıqları ixtisaslar və bu sahələrdəki iş imkanları haqqında kifayət qədər məlumat və təcrübəyə sahib olmaya bilirlər. Həmsöhbətimiz təhsil eksperti Kamran Əsədov və sosioloq Lalə Mehralıdır:

Təhsil eksperti Kamran Əsədov:
-İsveç tədqiqatçıları yazır ki, yanlış bir qərar ilə bir il, yanlış ixtisas seçimi ilə dörd, yanlış karyera planlaması ilə isə 40 il itirə bilərsiniz.
Tövsiyə olunur ki, hələ ali təhsil həyatına başlamazdan əvvəl gələcək ixtisas seçimi üzərinə uzun-uzun düşünülsün. Özümüzü faydalı hesab etdiyimiz və gələcəyimizi gördüyümüz ixtisasları seçmək uğurlu karyeranın başlanğıcıdır. Ancaq, istəmədiyin bir ixtisasda təhsil almaq da, yaxşı karyera qurulmayacaq demək deyil. Ətrafımıza baxsaq, təhsil aldığı ixtisas üzrə çalışmayan, ancaq yetərincə peşəkar karyera qurmuş yüzlərlə insan görə bilərik. Sadəcə bu zaman karyera planlaması bir az daha diqqətli aparılmalıdır.
Statistika göstərir ki, Azərbaycanda əmək bazarına daxil olan işçi qüvvəsinin böyük hissəsi orta ixtisas, ali təhsil və peşə təhsilindən kənardadır. Elə ixtisaslar vardır ki, hər 5-7 ildən bir əhəmiyyətini itirir. Bazarda həmin ixtisasa tələb olmur. Odur ki, tələbə qəbulu planı hazırlanarkən ixtisasın müasirliyi və stabilliyi, eləcə də tələbat nəzərə alınır. Bəzi ixtisaslara böyük maraq var. Bəziləri isə yeni olduğu üçün diqqətdən bir müddət kənarda qalır. İxtisaslar haqqında məlumatsızlıq onunla nəticələnir ki, bir neçə ixtisas daha çox yüklənir. Xidmət sahələri genişləndikcə peşə sahibi olan gənclərə ehtiyac durmadan artır. Azərbaycanda aqrar sektorun, turizmin inkişafı, xidmət sahələrinin genişləndirilməsi bu sahələrdə çalışacaq mütəxəssislərin qısa müddətdə hazırlanmasını tələb edir. Düşünürəm ki, gələcəkdə mütəxəssis hazırlığı məhz sosial sifariş əsasında həyat keçirilməlidir.
I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) ixtisas seçimi edərkən bir sıra yanlışlıqlara yol verirlər.
Məhz tədqiqatlar göstərir ki, ali məktəbləri bitirən məzunların 42 faizi ixtisası üzrə işləyir. Bundan başqa qəbul olduqdan sonra 1 və 2 -ci kurda 5 mindən çox tələbə köçürülmə yolu ilə universitet və ixtisasını dəyişir və ya təhsildən imtina edir.
Abituriyentlər elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz xüsusi ilə bölgələrdə təlimlərə ehtiyac var.
Hər il görürük ki, yüzlərlə yüksək bal toplayan abituriyentlərdən ali məktəblərə qəbul ola bilməyənlər olur və ya arzu etmədiyi ixtisasa yanlış ixtisas seçimi nəticəsində qəbul olurlar.
İxtisas seçimi zamanı düzgün qərar qəbul etmək abituriyentin qarşısında duran ən əhəmiyyətli məsələdir. Bu zaman mövcud müsabiqə vəziyyəti, abituriyentin imtahan nəticələri, onun istəyi, ailənin imkanları nəzərə alınmalıdır.
Ali təhsil müəssisələrinin bakalavr pilləsinə 52 min, orta ixtisas - subbakalavr pilləsinə 25 mindən çox şəxs qəbul olur.
Hazırda ölkənin 51 ali təhsil müəssisəsində 187 min, 59 orta ixtisas təhsili müəssisəsində - kollecində 50 minə yaxın tələbə təhsil alır.
Onlar ixtisas seçimi mərhələsində çox ciddi problemlə qarşılaşırlar. Düzgün ixtisas seçimi etməyib qəbul ola bilməyənlər arasında intihar edənlər də olur.
Siz yanlış ixtisas seçimi ilə 4 ilinizi itirə bildiyiniz halda, yanlış karyera seçimi ilə illərinizi, hətta bütün ömrünüzü sərf edə bilərsiniz. Bu yanlışı etməmək üçün ilk növbədə düzgün ixtisas seçimi etməli və bu seçimi "Universitetə qəbul balım hara uyğundursa, o ixtisasa qəbul olaram" düşüncəsinə, müəllimlərinizə və hətta valideynlərinizə belə həvalə etməməlisiniz. Potensialınıza və bacarığınıza əsasən, həvəs və istəyiniz hansı ixtisasa uyğun gəlirsə o ixtisası da seçməlisiniz. Bir nüansa da diqqət etməlisiniz ki, əmək bazarında hansı ixtisaslar aktualdır və seçəcəyiniz ixtisasın gələcəyi nədir.
Haqlı olaraq A.Toynibi hesab edirdi ki, sivilizasiyanın çiçəklənməsi onun inkişafını göstərən texniki və təsərrüfat dəyişikliyi ilə deyil, özünün spesifik yolu ilə gedən, ilk növbədə şəxsiyyətin daxili gücü, fərdin özünütəyini prosesi, məhz fərdin sosial-mədəni özünütəyini ilə müəyyənləşir.
Tədqiqatlar göstərir ki, bir çox hallarda müəyyən ixtisas və peşə sahələrinə gələn məzunlar həmin sahədə özünü təsdiq edə bilmir və ya həmin sahəyə yalnız "diplom almaq" kimi yanaşırlar. Bu isə öz növbəsində onların özünə münasibətinə, özünü həyatda istədiyi sahədə tapmasına maneəçilik yaradır. Faktlar göstərir ki, bu prosesin başlanğıcı məhz yeniyetməlik yaş dövründən gəlir. Müəyyən peşəyə marağın yaranması, lakin onun potensial imkanlarla təsdiqlənməməsi qeyd etdiyimiz məsələlərin ortaya çıxmasına şərait yaradır. Bununla yanaşı yeniyetməlik yaş dövründə özünütəyinin adekvat istiqamətdə formalaşdırılması onlara gələcəkdə istədiyi peşə sahəsində özünü tapmasına və öz potensialını bu sahədə gerçəkləşdirməsinə, sonda xoşbəxt həyat tərzi keçirməsinə gətirib çıxarır.
Qeyd etmək lazımdır ki, azad seçim imkanlarına malik tərbiyə yeniyetməyə özünü adekvat və potensiala uyğun gerçəkləşdirməsinə zəmin yaradır. Peşəyönümünə istiqaməti real situasiyalara uyğun həyata keçirmək üçün yeniyetmələrin özünüdərkinə, azad seçiminə, özünü adekvat qiymətləndirməsinə şərait yaratmaq lazımdır. Müəllimlər və valideynlər bu faktı nəzərə almalıdırlar. Bununla yanaşı təhsil sahəsində fəaliyyətlərin düzgün qurulması və yönəldilməsi yeniyetmələrin peşəyönümünə təsirinin psixopedaqoji məsələlərinin aşkar edilməsində ailədə valideynlərin, müəllimin peşə ustalığından, erudisiyasından və mənəvi mövqeyindən, mədəni səviyyəsindən vəs. asılıdır. Başqa bir tərəfdən ölkəmizin iqtisadi və siyasi həyatında qazanılan nailiyyətlər yeni nəslin peşə sahəsində ciddi uğurlara imza atmasını tələb edir və məhz onun sayəsində davamlı inkişafı qoruyub saxlamaq, insanların rifah halını yüksəltmək mümkündür.
Yeniyetmələrdə peşə motivləri ilə onların özünütəyini arasında əlaqəni müəyyənləşdirmək üçün "özünüqiymətləndirmə metodikasından" və "Mən kiməm" metodikasından istifadə etdik. Burada məqsəd yeniyetmələrin özü haqqında təsəvvürləri ilə peşəseçimi arasında hər hansı əlaqənin olubolmamsını aşkarlamaqdır. Tədqiqat göstərdi ki, 14-15 yaşlarından başlayaraq yeniyetmələr peşə özünütəyininə başlayırlar. Amma bu təsəvvürlər daha erkən dövrlərdə 11-13 yaşlarında formalaşır. Onlar kiçik yeniyetmələrdə mövcud olan fantaziyalardan uzaqlaşırlar. Kiçik yeniyetmələr hesab edirlər ki, onlar cəzbedici istənilən peşə sahəsində özlərini təsdiq edə bilərlər. Bu zaman onların bu peşəyə yararlığı və ya potensial imkanları nəzərə alınmır. Böyük yeniyetmələr üçün isə yalnız peşənin cazibadarlığı deyil, həm də özlərinin bu peşəyə olan maraqları, daxili imkanları, peşənin verdiyi tələblər və s. nəzərə alınır. Bununla yanaşı peşə seçimində özünün obyektiv imkanlarını, təlim hazırlığını, sağlamlığını, ailənin maddi təminatını və başlıca olaraq özünün qabiliyyətlərini və meyllərini nəzərə almaq lazımdır.

İxtisas seçimi həyatınızda vacib bir qərardır və bu zaman valideyn təzyiqi ilə üzləşmək çətin ola bilər. Bu barədə sosioloq Lalə Mehralının fikirlərini aldıq:
-Bu məsləhətlə həyata keçirilməli olan bir prosesdir. Çünki uşaqların bilmədiyi şeyləri valideynlər, valideynlərin hələ qəbul etmədiklərini isə uşaqlar daha yaxşı bilir. Ona görə məncə, abituriyentin özü ilə müzakirə etmək, hər bir peşənin mənfisini, müsbətini xırdalıqlarına qədər dərk etmək və bundan sonra mütləq bununla bağlı fəaliyyət göstərən təhsil ekspertlərindən məsləhət almaq vacibdir. Əmək bazarına hesablanmış peşə seçmək üçün təhsil ekspertlərinin qızıl məsləhətləri olur. Əksəriyyət hüquqşünaslıq, beynəlxalq münasibətlər kimi sahələri oxuyur, bir ölkənin isə müəyyən peşəyə olan tələbatı bir yerə qədərdir. Minlərlə hüquqşünas, minlərlə biznesin idarə edilməsi üzrə mütəxəssis məzun ola bilər. Amma onlar məhdud bir çevrədə işləyəcəklər. Ona görə hər bir ölkənin daxili əmək bazarında bəlli bir peşələr var ki, daha çox tələbatı olur. Ona görə də diplomlu və işsiz qalmamaq üçün bu məsələdə mütləq ekspertlərdən kömək almaq lazımdır.
Zeynəb Rzayeva