Bişkekdə ŞƏT sammitinin yekunlarına dair 28 sənəd imzalanıb
12:30 SiyasətBişkekdə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin dövlət başçılarının iclası 28 sənədin qəbul edilməsi və imzalanması ilə başa çatıb.
Trend-in xüsusi müxbiri xəbər verir ki, sənədlər ŞƏT-ə üzv ölkələrin liderlərinin təşkilatın gələcək inkişafı, regional və beynəlxalq təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat əlaqələrinin inkişafı, eləcə də mədəni-humanitar əlaqələr məsələlərini müzakirə etməsinin yekunları üzrə qəbul edilib.
İclasa ŞƏT-də sədrliyi dövründə Qırğızıstanın prioritetlərini açıqlayan Qırğızıstan Prezidenti Sadır Japarov sədrlik edib.
Dövlət başçıları, həmçinin aktual beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparıb, təşkilata üzv ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsini müzakirə ediblər.
ŞƏT-in baş katibi Nurlan Yermekbayev və ŞƏT-in Regional Antiterror Strukturunun İcraiyyə Komitəsinin direktoru Ularbek Şarşeyev də fəaliyyəti barədə hesabatlar təqdim ediblər.
Dövlət başçıları Japarovu və Qırğızıstan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, ŞƏT sammitinin təşkilinə görə Qırğızıstana təşəkkürlərini bildiriblər.
İclasın yekununda Japarov ŞƏT-də sədrliyi Pakistana təhvil verib.