İranın Ali Lideri məhbusların əfv edilməsi və cəzalarının yüngülləşdirilməsinə qərar verib
12:35 Siyasətİranın Ali Lideri Seyid Müctəba Xamenei 2 577 məhbusun əfv edilməsi və ya cəzasının yüngülləşdirilməsinə dair qərar verib.
Bu barədə İranın Ali Liderinin sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, İranın Məhkəmə Sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ejeyi sözügedən sayda məhbusların əfv olunması və ya cəzasının yüngülləşdirilməsi ilə əlaqədar İranın Ali Liderinə müraciət edib. Müraciət İranın Ali Lideri tərəfindən müsbət qarşılanıb.
İranın Məhkəmə Sisteminin rəhbəri də lazımi araşdırmalardan sonra əfvin və yaxud cəzaların yüngülləşdirilməsi üzrə qərarın icrasına başlanmasına göstəriş verib.
Qeyd edək ki, İranda məhbusların əfvi və amnistiya Ali Liderin səlahiyyətində olan məsələdir. İranın Məhkəmə Sistemi əfv qaydalarına uyğun olan məhbusların siyahısını hazırlayaraq İranın Ali Liderinə müraciət edir və müraciət Ali Lider tərəfindən təsdiqləndiyi halda Məhkəmə Sistemi tərəfindən icra olunur.