Uşaq böyüdükcə problemləri də böyüyür

Şəxsiyyətin əsasını qoyan cəmiyyətin ilkin struktur vahidi ailədir. Məhz ailədə ilk tərbiyə alınır. Uşaqlar ailədə ilk sosial təcrübəyə yiyələnir və bir şəxsiyyət kimi formalaşırlar. Ailədən öyrənilən tərbiyə ilk uşağın gələcək inkişafında,  taleyində mühüm rol oynayır. Uşaq ailədə necə yaşamağı, özünü necə aparmağı öyrənir, eşidir və hiss edir, yəni həyatı əyani surətdə öyrənir. Buna görə də uşağın tərbiyəsi onun hansı ailədə böyüməsindən, valideynlərinin şəxsi keyfiyyətlərindən çox asılıdır. Daha doğrusu, valideyn öz davranış və hərəkətləri ilə uşaqlarına nümunə göstərir.

Ailə mühitinin uşağın tərbiyəsində rolu ilə bağlı psixoloq Aygün Cəfərova qeyd etdi:

-Hər bir fərd şəxsiyyət olaraq formalaşır. Hansı ölkədə yaşamağından, hansı ailədə böyüməyindən asılı olmayaraq fizioloji formalaşmasında, bədən quruluşunda, beyindəki genetik düşüncə kodlarında 25 faiz həmin insanın genetikası mütləq rol oynayır. Növbəti 25 faiz isə artıq ailədir. Ailədə ata, ana, nənə, baba-bu insanların həmin uşağın formalaşmasına təsir edir. Onların bir-birinə yanaşması mütləq ki, onun düşüncəsinə, formalaşmağına təsir edən ikinci amillərdən biridir. Burada ata anaya, ana ataya necə yanaşırsa, beynində  qadın-kişi modeli məhz elə formalaşır. 6 yaşına kimi uşaq hansı mühitdə böyüyürsə, onun şüuraltına həmin davranış modelləri kodlanır. O gələcək münasibətlərində istər məktəb mühitində, istər yetişkin olarkən qurduğu münasibətlərdə mütləq kodlanmış davranış modellərini təkrarlayırlar. Əgər valideyn sağlam uşaq böyüdüb başa çatdırmaq istəyirsə, tərbiyəyə ilk öncə özündən başlamalıdır. Sağlam ruhda olan, bir-birlərinin dəyərlərinə hörmət edən, eyni prizmadan baxmağı bacaran insanlar bir-birilə ailə qurmalıdır ki, o ailədə sağlam uşaqlar böyüdüb, sağlan uşaqlar tərbiyə edə bilsinlər. Növbəti mərhələdə artıq uşağın formalaşmasına təsir edən üçüncü amil məktəbdə müəllimlərin, uşaqların bir-birinə münasibəti və təsiridir. Təbii ki, böyüdükcə onların ətraf mühiti, sosial əhatəsi böyüyür. Biz bütün bu əhatədə olan insanları idarə edə, onları yönləndirə bilmərik. Əgər emosional olaraq tam doymuş uşaq yetişdiririksə, o mühitdə hər hansısa bur çətinliklə qarşıkaşdığı zaman mütləq ki, öz dəyərlərini qoruya biləcək. Yox, əgər ailədə emosional ac uşaq böyüdülürsə və diqqət, sevgi, qayğı azlığı ilə böyüyən uşaq sabah cəmiyyətdə nə öz fikirlərini söyləyə, qoruya bilməyəcək. Yanlış yöndən sevgi, qayğı, diqqət gəldiyi təqdirdə təbii ki, yanlış addımlar atır, yanlış qərarlar verir. Bu da uşaqların gələcək həyatlarında unudulmaz mənfi izlər buraxır. Valideynlər isə təəssüf ki, bunu sonradan görürlər. Həmişə valideynlərə deyirik ki, uşaqlarınıza maksimum diqqət, qayğı, sevgi verin. Belə olan təqdirdə sağlam uşaqdan, sağlam tərbiyədən söhbət gedə bilər. Olmadığı təqdirdə isə böyüdükcə problemlər də böyüyə-böyüyə gedir.

Zeynəb Rzayeva
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31