Azərbaycanda bu universitet bağlanır - Tələbə və müəllimlər hara köçürüləcək?

|

"Naxçıvan" Universitetinin bağlanması ilə bağlı bizə müraciət olunub. Bu, özəl universitetdir və bağlanma da təsisçinin qərarıdır". Bu barədə elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisəsinin builki son kurs tələbələri müvafiq qaydada məzun olacaqlar: "Aşağı kurs tələbələri isə başqa universitetlərə köçürüləcək. Yəni tələbənin balı yüksəkdirsə, digər ali təhsil müəssisələri onu qəbul olduğu ildəki qəbul balına görə transfer edə bilər. Aşağı nəticəli tələbələr isə yaşayış yerinə yaxın universitetlərə köçürüləcək".

Naxçıvan Universiteti 1999-cu ildə yaranıb. Universitetdə çalışan işçilərin elmi dərəcələrinə baxsaq, görərik ki, heç də başqa universitetlərdən zəyif universitet deyil:

Məsələ ilə bağlı Referans.az-a danışan təhsil-eksperti Kamran Əsədov bildirib ki, "Naxçıvan Universitetində 4 elmlər doktoru, 20 nəfər fəlsəfə doktoru və dosentlər var:

"Universitetin tələbə sayı və kontingenti kifayət qədər yaxşıdır. Həmçinin, Universitetdə 4  fakültə və 10 dənə kafedra var. Naxçıvan Universitetində 25 ixtisas üzrə 1400-dən çox bakalavr və həmçinin 40 a yaxın magistr və doktorant var. Universitetin kifayət qədər yaxşı kitabxana binası,  sosial xidmət mərkəzləri, xarici dil korpusları,  yataqxanası və mədəniyyət kompleksi var. Bakıda yerləşən bir neçə universitetdən daha yaxşıdır. Sadəcə olaraq son illər ərzində xüsusən 2-ci qrupda həmin universiteti seçənlər arasında azalmalar var idi. Naxçıvan Universiteti "Erasmus" proqramında da normal iştirak edən universitetlər arasında idi. Sadəcə olaraq universitetin təsisçiləri belə bir qərar qəbul ediblər ki, universitetin fəaliyyətinin  dayandırılması ilə  bağlı bu cür  addım atsınlar". 

Ekspert qeyd edib ki, "universitet bağlansa belə oradakı tələbələr Naxçıvanda və yaxud da ölkənin digər ərazilərində öz ixtisasları üzrə hansısa universitetə köçürüləcəklər.  Konkret olaraq Naxçıvan Universitetinin dayandırılması ilə bağlı qərar qəbul olunarsa, və onun lisenziyası ləğv olunarsa, o zaman tələbələrin heç bir problemi yoxdur. Onlar ixtisasları üzrə təhsillərini digər universitetlərdə davam etdirəcəklər. Oradan aldıqları diplomlar da kifayət qədər hüquqi qüvvəyə malikdir".  

Bəs, sözügedən universitetdə çalışan müəllimlərin aqibəti necə olacaq ?

Ekspert bildirib ki, "Əmək məcəlləsinə əsasən işçinin iş yerini itirməsi və  qanunən müqaviləyə xitam verilməsinin qaydaları var. Həmin ali təhsil müəssisəsində çalışan müəllimlər özəl  qurum olduğu üçün dövlət onları 1-ci iş yeriylə təmin etməlidir, çünki onların müqavilə öhdəlikləri var. Elmi dərəcəsi olan müəllimlər digər ali təhsil müəssisələrində işlə təmin olunacaqlar. Lakin elmi dərəcəsi olmayan texniki və yardımcı işlər digər universitetlərdə vakansiya olarsa,  işlə təmin olunacaqlar, digər hallarda isə iş yerlərini itirmiş olacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31