Cinsi yolla keçən infeksiyalar: Sağlam gələcək üçün hansı tədbirlər görülməlidir?- ARAŞDIRMA
26 Yanvar 2024 19:30 SosialCinsi yolla keçən xəstəliklər bütün dünyada ictimai sağlamlıq baxımından ciddi problem olaraq qalmaqdadır. Cinsi yolla keçən xəstəliklərin ən mühüm səbəbi qorunmayan cinsi əlaqədir. Bir çox cinsi yolla keçən xəstəliklər gələcəkdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilir. Bu xəstəliklər bakteriya, parazit və ya virus adlanan canlı (mikro) orqanizmlər tərəfindən ötürülür. Bu xəstəliklərin bəziləri yalnız cinsiyyət bölgəsində əlamətlər göstərərkən, mütəxəssislər sifilis, hepatit B və QİÇS kimi xəstəliklərin də kifayət qədər riskli olduğunu və bütün orqanizmə təsir etdiyini bildirir. QİÇS və Hepatit B kimi xəstəliklər başqasına təkcə cinsi yolla deyil, həm də qan vasitəsilə keçə bilər.
Cinsi yolla keçən xəstəliklərin kişilərə nisbətən qadınlara daha çox təsir etdiyi bildirilsə də, çox təhlükəli xəstəlik həm kişilərin, həm də qadınların həyatını təhdid edir.
Bəs həyati təhlükəli bu xəstəliklərdə kimlər daha çox risk altındadır? Gənclər ailə qurmazdan əvvəl hansı yoxlanışlardan keçməlidir? Bu kimi xəstəliklərdən necə qorunmalı və necə müalicə edilməlidir?
Ginekoloq Vüsalə Babayeva bildirir ki, cinsi yolla keçən bu xəstəliklər həm kişilərin, həm də qadınların sağlamlığını ciddi şəkildə təhdid edir:
"Cinsi yolla keçən xəstəliklər (STD) və ya cinsi yolla keçən infeksiyalar (CYBH) adətən cinsi əlaqə yolu ilə ötürülür. Cinsi yolla keçən xəstəliklərə səbəb olan orqanizmlər qan, sperma, vaginal və ya digər bədən mayeləri vasitəsilə insandan insana ötürülür. Bu infeksiyaların bəziləri qeyri-cinsi yolla da ötürülə bilər; Məsələn, hamiləlik və doğuş zamanı, qanköçürmə və ya ortaq iynələr vasitəsilə anadan körpəyə keçə bilər.
Cinsi yolla keçən xəstəliklər həmişə simptomlara səbəb olmur. Tamamilə sağlam görünən və infeksiyası olduğunu belə bilməyən insanlardan cinsi yolla keçən xəstəliklərə yoluxmaq mümkündür. Bu xəstəliklərdən qorunmaq üçün fərdlər ən uyğun qorunma üsulunu seçməlidirlər.
Cinsi yolla keçən xəstəliklər və ya cinsi yolla keçən infeksiyalar bakteriya, parazit və ya viruslar tərəfindən törədilə bilər. Bir çox hallarda bu mikrobların törətdiyi xəstəliklərin yayılmasında cinsi əlaqə rol oynasa da, cinsi əlaqənin olmadığı hallarda da xəstəliyin yayılması mümkündür.
Cinsi əlaqədə olan hər kəs cinsi yolla keçən xəstəliklər və ya cinsi yolla ötürülən infeksiyaya məruz qalma riski altındadır. Cinsi yolla keçən xəstəliyə yoluxma riskini artıran amillər arasında birincisi qorunmayan cinsi əlaqədir. Lateks prezervativ taxmayan yoluxmuş partnyorun vaginal və ya anal yolla nüfuz etməsi cinsi yolla keçən xəstəliklərə yoluxma riskini əhəmiyyətli dərəcədə artırır. Prezervativlərdən düzgün istifadə edilməməsi də riski artıra bilər.
Birdən çox partnyorla cinsi əlaqədə olmaq, fərdin cinsi əlaqədə olduğu partnyorların sayı ilə düz mütənasib olaraq cinsi yolla keçən xəstəliklərə yoluxma riskini artırır.
Cinsi əlaqəyə və ya cinsi fəaliyyətə məcbur edilən hər kəs cinsi yolla keçən xəstəliklər riski altındadır ki, bunlara eyni zamanda cinsi təcavüz qurbanı olan şəxslər də daxildir və həmin şəxslərin də ən qısa zamanda həkimə müraciət etmələri mənəvi və emosional dəstək, eləcə də bu cür xəstəliklərin və onların törətdiyi fəsadların qarşısını almaq üçün müayinə və müalicə alması onlar üçün həyati əhəmiyyət kəsb edə bilər.
Narkotik vasitə istifadəçiləri olan şəxslərdə də belə xəstəliklərə sıx rast gəlinir. Belə ki, narkotik istifadəsi həm fərdin qərar qəbul etmə qabiliyyətinə mane olur, həm də müəyyən dərmanların qəbulu prosesində istifadə olunan avadanlıqların paylaşılması fərdləri müxtəlif infeksiyalara qarşı daha həssas edə bilir. Xüsusilə inyeksiya dərmanlarının istifadəsində iynələrin paylaşılması, hepatit B, hepatit C və HİV (QİÇS) kimi bir çox ciddi infeksiyaların yayılmasının əsas səbəblərindən biridir.
Gonoreya, xlamidiya, HİV (QİÇS) və sifilis kimi bəzi cinsi yolla yoluxan xəstəliklər hamiləlik və ya doğuş zamanı yoluxmuş anadan uşağına keçə bilər. Körpələrdə görülən cinsi yolla keçən xəstəliklər onların immun sistemi hələ inkişaf etmədiyi üçün ciddi problemlərə və hətta ölümə səbəb ola bilir. Ona görə də bütün hamilə qadınlar bu infeksiyalara qarşı yoxlanılmalı, müalicə olunmalı və onlar üçün lazımi tədbirlər görülməlidir.
Cinsi yolla yoluxan xəstəliklər və ya infeksiyaların ilkin mərhələlərində olan bir çox insan heç bir simptom yaşamadığından, yarana biləcək hər hansı fəsadların qarşısını almaq üçün onların bu xəstəliklərlə bağlı müayinədən keçməsi vacibdir. Bu səbəbdən cinsi aktiv olmağı düşünən və ya yeni bir tərəfdaşla cinsi əlaqə qurmağı düşünən, yəni, xüsusilə ailə qurmağa hazırlaşan şəxslər bu mövzuda həkimlə məsləhətləşməli və lazımi bütün müayinələrdə keçməli, problem aşkarlandıqda cinsi münasibət yaşamadan öncə müalicə üçün çalışmalıdır. Bu sayədə mümkün olan hər hansı bir xəstəlik erkən aşkarlana və müalicə prosesi erkən başlanaraq fərdlərin həyatını xilas edə bilər.
Cinsi yolla keçən xəstəliklərin səbəb ola biləcəyi ağırlaşmalara artrit, hamiləlik fəsadları, göz iltihabı, HPV ilə əlaqəli uşaqlıq boynu və rektal xərçənglər, sonsuzluq, çanaq ağrısı və ya çanaq iltihabı xəstəliyi kimi bəzi xərçəng növləri daxildir.
Cinsi yolla keçən xəstəliklərin əksəriyyəti müalicə olunur. Müalicə edilməzsə, sonsuzluqdan ölümə qədər mənfi nəticələrə səbəb ola və ya doğulmamış, ya da yeni doğulmuş körpələr üçün böyük təhlükə yarada bilər.
Bakteriyaların və ya parazitlərin səbəb olduğu cinsi yolla ötürülən xəstəliklərin müalicəsi ümumiyyətlə daha asandır. Viral infeksiyalar ümumiyyətlə idarə oluna bilər, lakin tam sağalma həmişə mümkün olmaya bilər. Hamilə qadınlar və cinsi yolla ötürülən xəstəlikləri olanlar üçün müalicə prosesinə dərhal başlamaq körpələrinin infeksiyaya yoluxma riskinin qarşısını ala və ya azalda bilər. Cinsi yolla keçən xəstəliklər və infeksiyalar üçün müalicə infeksiyadan asılı olaraq dəyişir və ümumiyyətlə antibiotiklərə və ya antiviral dərmanlara əsaslanır.
Antibiotiklər adətən bir dozada verilir və gonoreya, sifilis, xlamidiya və trichomoniasis də daxil olmaqla bir çox cinsi yolla keçən infeksiyaları müalicə edə bilər. Bir çox hallarda, fərdlər adətən gonoreya və xlamidiya üçün eyni vaxtda müalicə olunur, çünki bu iki infeksiya tez-tez birlikdə baş verir.
Antibiotik müalicəsinə başlayan şəxslər müalicəni düzgün şəkildə aparmalı və həkimin təyin etdiyi dərmanları fasiləsiz istifadə etməyə davam etməlidirlər. Dərmanları təyin olunduğu kimi istifadə edə bilməyəcəyini düşünən şəxslər vəziyyət barədə həkimə öncədən məlumat verməlidirlər ki, belə hallar üçün öncədən tədbir görülsün. Məsələn, adətən belə hallarda həkim fərd üçün daha uyğun olan daha qısa və ya sadə müalicə kursu təklif edir.
Xəstəliyin yayılma riskini azaltmaq üçün antibiotik müalicəsi başa çatdıqdan yeddi gün sonra və hər hansı yaralar sağaldıqdan sonra cinsi əlaqədən qaçınmaq vacibdir. Bundan əlavə, fərdlərin təkrar yoluxma riskinin yüksək olduğu xəstəliklər üçün təqribən üç aydan sonra təkrar sınaqdan keçirilməsini ciddi şəkildə tövsiyə edirik.
Herpes və ya HİV kimi viral STD olan bir şəxsə antiviral dərmanlar təyin edilir. Müşahidə edilmişdir ki, həkim məsləhəti ilə təyin olunmuş antiviral dərmanla eyni vaxtda gündəlik supressiv müalicə davam etdirilərsə, fərdlərdə herpes daha az təkrarlanır. Bununla belə, antiviral müalicəyə baxmayaraq, fərdlərin herpesi öz partnyoruna ötürmə ehtimalı var.
Antiviral dərmanlar HİV (AİDS) infeksiyasını illər boyu nəzarət altında saxlaya bilər. Lakin yenə də unutmamaq lazımdır ki, bütün bununla belə, fərd hələ də bu virusun daşıyıcısıdır və risk daha az olsa da, yenə də başqalarına yoluxdura bilər.
Cinsi yolla keçən hər hansı bir xəstəliyin müalicə prosesinə nə qədər tez başlansa, proses bir o qədər effektli olar. Bir şəxs öz dərmanlarını tam olaraq təyin edildiyi kimi qəbul edərsə, virusun sayının aşkar olunmayan səviyyələrə düşməsi mümkündür.
Cinsi yolla keçən xəstəliklərin qarşısının alınması reproduktiv sağlamlığın qorunması baxımından əsas məqsəddir. Özümüzü xəstəliklərdən qorumağın yeganə yolu zamanında müayinələrdən keçmək və lazımi müalicələri almaqdır. Ailə qurmamışdan öncə də əgər cütlüklərdən birinin cinsi yolla ötürülən xəstəliyi varsa, digər partnyorun da həkimə müraciət etməsi və müvafiq xəstəliklərin onda olub-olmadığını soruşması vacibdir".
Röyalə Xəyal