Sahibsiz hepatit A...

Son zamanlar ölkə ərazisində geniş yayılmış Hepatit A virusu ilə bağlı ümumi məlumat, bu virusdan qorunmaq üçün diqqət olunmalı gigiyenik qaydaların izahı ilə əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə müraciətim cavabsız qaldı. Belə ki, ayrı-ayrı 4 nömrə ilə əlaqə saxlamağıma baxmayaraq, hər əməkdaş məni   digərinə yönləndirdi. Nəticədə isə gülünc bir vəziyyət ortaya çıxdı. Ölkə ərazisində bu sahədə virusla bağlı danışa biləcək mütəxəssiz təəssüf ki, tapılmadı. Daha sonra Səhiyyə Nazirliyi məni Qida Təhlükəsizlik Agentliyinə yönləndirdi. Əlaqə saxlayıb : "keçirilən monitorinqlər qablaşdırılmış və satışda olan sulara da tətbiq olunurmu" sualını verdim. Qida Təhlükəsizlik Agentliyi : "Bununla bağlı ortada bir problem yoxdur. Problem yoxdursa, məsələ də yoxdur" kimi bir cavab irəli sürdü. Nəticə etibarilə anladım ki, bu sahədə heç bir problemimiz yoxdur, hər şey tam olaraq qaydasındadır. Hepatit A virusu isə necə deyərlər, adi, açıqlama belə tələb etməyən bir haldır. 

Həkim infeksionist Sadiqə Əliyeva isə suallarımı cavabsız qoymadı:

-Hepatit A virusuna yoluxma necə baş verir?

-Su mənbələrinə kanalizasiya sistemlərindən sızmalar olduqda, xəstə insanların nəcislərinin tərkibində olan mikroblar, bakteriyalar içməli su mənbələrinə keçir. İnsanlar bu sudan istifadə etdiyi zaman bu, yoluxmalara səbəb ola bilir.

- Əhali bu virusdan qorunmaq üçün hansı sanitar-gigiyenik qaydalara daha diqqətlə yanaşmalıdır?

-Yedikləri meyvə, tərəvəzlər təmiz yuyulmalıdır. Qidalanmadan öncə əllər təmiz olmalıdır, bu virus fekal-oral yolla yayıldığı üçün hava damcı infeksiyası deyil. Ona görə də burda əsas rolu əllərin gigiyenası oynayır. Əllərimiz, yediyimiz qida məhsulları təmiz olmalıdır. Bu zaman heç bir halda yoluxma baş vermir. Xəstə insanın hava ilə təması bu virusun yayılmasında rol oynamır. 

-Hepatit virusu yalnız bu yolla yayılır?

-Xeyr, Hepatit virusun bir neçə növü var. İndi fekal-oral yolla yayılan Hepatit A virusudur. Bunların bir sıra növləri var, Hepatit B, Hepatit C, Hepatit D və s. Bunlar həm cinsi yolla, həm qan preparatlarının köçürülməsi yoluyla, qeyti-steril alətlərin istifadəsi ilə yarana bilər. Amma Hepatit A virusu yalnız fekal-oral yolla yayılır. 

-Müvafiq qurumlar bu virusa qarşı hansı tədbirlər görməlidir?

-İstər içməli su mənbələri, istərsə də kanalizasiya sistemləri normal çalışsa, hər şey qaydasında olsa bu, yoluxmalara səbəb olmaz.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31