Marketdən aldığınız şokolad köhnə çıxıbsa...

Demək olar ki, marketlərdə istehsal və son istifadə tarixi qeyd olunmayan yeganə məhsul çəki ilə satılan şokolad/şirniyyat məhsullarıdır. Hamı ən azı 1 dəfə bilmədən son istifadə tarixi keçmiş şokolad almışdır. Bəs, bu halda neynəməliyik? Nəyə görə çəki ilə satılan şokoladların istehsal və son istifadə tarix qeyd olunmur?

Mövzu ilə əlaqədar Qida Təhlükəsizliyi üzrə ekspert Asim Vəliyevlə əlaqə saxladıq:

-Marketlərdə çəki ilə satılan şokolad/şirniyyat məhsullarının istehsal və son istifadə tarixləri niyə əks olunmur?

-İlk olaraq etiketi olmayan heç bir məhsulu almaq tövsiyyə olunmur. "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hər bir qida məhsulunun etiketində mütləq yazılmalı olan məlumatlar var. Bunlar ad, tərkib, miqdar, istehsal tarixi, son istifadə tarixi, saxlanma şərtləri, istehsalçının adı və ünvanı, istifadəyə dair tövsiyyələr və məhdudiyyətlər, qida dəyəri göstəriciləridir. Bu baxımdan istehlakçı olaraq satıcıdan və ya marketdə məsul şəxsdən satın aldığınız məhsulun istehsal və son istifadə tarixlərini tələb edə bilərsiniz. Satışda olan şokolad/şirniyyatlar haqqında aşağıdakı məlumatlar müvafiq qaydada istehlakçıların nəzərinə çatdırılmalıdır: malın adı, onun qiyməti; istehsalçının yerləşdiyi yer (hüquqi ünvanı), firma adı, tələblərin (iradların) verildiyi, təmir və ya texniki xidmət göstərən təşkilatın adı, yerləşdiyi ünvan; malın məcburi tələblərə uyğunluğunu təsdiq edən sertifikatın və ya digər texniki normativ sənədin işarəsi; malın əsas xüsusiyyətləri və istehlak xassələri (tərkibi, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənəd lərin tələbləri ilə müqayisəli miqdarı); malın səmərəli və təhlükəsiz istifadəsi qaydaları və şərtləri; yararlılıq müddəti; qida məhsullarının tərkibinə daxil olan inqrediyentlər, qida əlavələri; qida dəyərliliyi (kaloriliyi, zülalın, yağın, karbohidratların, vitaminlərin, makro və mikro elementlərin miqdarı) çəkisi, yaxud həcmi; təyinatı və tətbiqi sahəsi (uşaq yeməkləri, diyetik yeməklər və bioloji aktiv maddələr); hazırlanma üsulu (konsentratlar və yarımfabrikatlar üçün) və təyinatı (uşaq qidaları və diyetik qida); saxlanma şərtləri (saxlanma şəraitinə məcburi tələblər müəyyən edilən mallar üçün); istehsal tarixi və qablaşdırılma tarixi; əks göstərişlər (müxtəlif növ xəstəliklərlə əlaqədar qidanın qəbulu mənfi təsirlərlə nəticələnə bilərsə, bu haqda məlumat); dövlət qeydiyyatı.

-Bu tarixlərin qeyd olunmadığına görə, insanlar məhsulun təzə ya köhnə olduğunu bilmirlər. Mağazaya yeni gələn məhsulun üzərinə köhnə məhsul da əlavə olunaraq satılır. Dəfələrlə şahid olsaq da, təəssüf ki, bu hal davam etməkdədir. Bu məsələyə nəzarət olunmurmu?

-Əksər marketlərdə son istifadə tarixi yaxınlaşmış məhsullar rəflərdə ya ön sıraya qoyularaq, ya da endirim etiketi ilə satışa buraxılır. Rəflərə diqqət etsəniz təzə məhsullar arxa sıralarda yerləşdirilir. Məhsulun son istifadə tarixinə bir neçə gün qalmış yığışdırılması məqsədəuyğundur. Çünki son istifadə tarixi keçmiş məhsulları sağlamlıq baxımından təhlükə yarad bilər. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hər bir istehlakçı istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə hüququ vardır.
Bəzi hallarda vaxtı bitmiş qida məhsullarının yenidən etiketlənərək satışa çıxarıldığına dair də məlumatlar əldə edirik. Bu baxımdan da hər bir istehlakçı qida məhsulu seçərkən diqqətli olmalı və öz təhlükəsizliyinə ilk növbədə özü nəzarət etməlidir. Təbii ki, aidiyyəti qurum tez-tez olmasa da müəyyən aralıqlarla monitorinqlər və reydlər həyata keçirir. Belə bir hal aşkarlandığı təqdirdə həmin məhsullar satışdan kənarlaşdırılır və qanunun tələbinə uyğun tədbirlər görülür. İstehlakçı da belə bir hal aşkarladıqda marketdə satıcıya, administratora xəbərdarlıq etməklə vaxtı bitmiş məhsulun satışdan qaldırılmasını tələb edə bilər. Əks halda AQTA-nın "1003" qaynar xəttinə və İstehlak bazarında baş verən pozuntularla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər.

-Şikayət əsnasında, market/satıcıya hansı cəza tədbiri görülür?

-Belə bir halla qarşılaşdıqda şikayət əsasında  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi növbədənkənar yoxlama keçirərək faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edir. Eyni zamanda saxlanma müddəti bitmiş məhsulların məhv edilməsinə dair qərar qəbul edilir.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31