Uşaqların Maşası və Ayısı...

Cəmiyyətlərin gələcəyi olan uşaqlar günümüzün ən geniş yayılmış və təsirli kütləvi informasiya vasitəsi olan televiziyadan çox təsirlənirlər. Uşaqların yaşından, inkişafından, ailə və ətraf mühit amillərindən, baxdıqları verilişlərin məzmunundan asılı olaraq televiziyaya məruz qalma səviyyələri dəyişir. Televiziyanın uşaqlara təsiri həm müsbət, həm də mənfi ola bilər. Önəmli olan televiziyadan düzgün və şüurlu istifadə etməkdir. Bu mövzuda ailələrin üzərinə mühüm vəzifələr düşür. Araşdırmalar göstərir ki, uşaqlar 18-ci aydan başlayaraq qısa müddət ərzində də olsa televiziyadan gələn stimullara maraq göstərirlər.
Uşaqların inkişafında televiziyanın, xüsusilə cizgi filmlərinin rolu danılmazdır. Uşaqlar körpəlikdən televizorun qarşısında rəngarəng, daim hərəkət edən, səs çıxaran obyektləri görür və onlara diqqət yetirməyə başlayırlar. Müxtəlif yaş qruplarından olan hər bir uşaq diqqətindən asılı olaraq izlədiyi cizgi filmlərindən fərqli şeylər öyrənir. Gənc uşaq ekrandakı rənglərə və hərəkətli şəkillərə, böyük uşaq isə məzmuna və hadisələrə diqqət yetirəcək.
İndiki vaxtda cizgi filmlərinə baxmaq əksər uşaqların həyatının mərkəzindədir. Bu vəziyyət bəzən evdə əmin-amanlığı təmin etmək, bəzən də valideynlərin özünü rahat hiss etməsi üçün dəstəklənir. Bəs uşağınız hansı cizgi filmlərinə baxmalıdır?
Bir çox valideynlər uşaqları üçün uyğun cizgi filmlərinin olmamasından və ya cizgi filmlərində zorakılıq elementlərinin olmasından şikayətlənirlər.
Rusiyalı psixoloqlar da uşaqların psixologiyasına mənfi təsir edən ən pis cizgi filmlərin reytinqini müəyyən edib. "Maşa və ayı" cizgi filmi bu siyahıda ilk pillədədir. Ekspertlər hesab edir ki, sərbəst və sözə baxmayan Maşa obrazı uşaqların hərəkətlərinə mənfi təsir edir. Uşaqlar elə düşünürlər ki, bu davranışlar normaldır. İkinci yerdə isə "Bədheybət Hay" cizgi filmi gəlir. Mütəxəssislərin sözlərinə görə, personajların istifadə etdiyi sözlər uşaqların dil lüğətinə mənfi təsir göstərir. "Süngər Bob kvadrat şalvar" siyahıda üçüncü sırada yer alıb. 
Pxioloqların fikrincə, baş qəhrəman-süngər Bob olduqca eqoistdir və hər zaman böyükləri tənqid edir. Dördüncü yerdə isə siçanın hər zaman pişiyi lağa qoyduğu "Tom və Cerri" gəlir. Ekspertlərin sözlərinə görə, baş qəhrəmanlar uşaqların böyüklərə qarşı münasibətlərinə mənfi təsir yaradır. Günümüzdə isə bu cizgi filmlər uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib və əksər valideynlər onların mənfi tərəflərindən xəbərdar deyil.
Belə hallarda valideynlərin üzərinə hansı məsuliyyətlər düşür? Cizgi filmlərin uşaqlara mənfi təsirlərini minimuma endirmək üçün hansı tədbirlər görülməlidir?
Uşaq psixoloqu Aynur Tahirova bildirir ki, uşaqların şəxsiyyətinin formalaşmağa başladığı, rol və modellik bacarıqlarının özünü göstərdiyi məktəbəqədər dövrdə baxılan bəzi cizgi filmləri uşaqlarda qəzəb, aqressiya kimi emosiyaların yaranmasına səbəb olur:
"Uşaqları ailələri ilə vaxt keçirməli olduqları bir vaxtda onları cizgi filmlərinə yönləndirmək onların baxdıqları personajları təqlid etmələrinə səbəb olur.
Son zamanlar şiddət və dəhşəti əks etdirən cizgi filmlərinin sayının artması uşaqlara son dərəcə mənfi təsir göstərir. Texnologiyanın təsiri ilə bu gün uşaqlar məktəbəqədər yaşlarında ətraf mühitdən bir çox müsbət və mənfi xəbərdarlıqlarla qarşılaşırlar. Texnologiyanın sürətli inkişafı və aktiv istifadəsi ilə televizor, kompüter və planşet kimi məhsullar həyatımızın vacib hissəsinə çevrilib. 
Bundan əlavə, uşaqlar texnologiya vasitəsilə ailədə alacaqları təhsil və sosial bacarıqlara yiyələnməyə çalışırlar. Baxdıqları cizgi filmlərindəki sevimli personajları təqlid edir, onları örnək götürürlər. Onlar personajların gerçək və ya xəyali olduğunu anlaya bilmir və onlar kimi davranmağa çalışırlar. Bu xüsusiyyətinə görə yaxşı qiymətləndirilməyən cizgi filmləri uşaqlarda mənfi davranışlara səbəb olur. Çox cizgi filminə baxan uşaqlar gördükləri qəhrəmanları tanıyır və onların xüsusiyyətlərini mənimsəyirlər. Ona görə də uşaqlar öz dünyalarını yaradırlar və heç kimi o dünyaya buraxmadan təkbaşına sosial fobiya ilə mübarizə aparırlar, valideynlərlə və həmyaşıdları ilə ünsiyyət qurmurlar.
Televiziya, cizgi filmləri, reklam çarxları, serial və kinoteatrlarda hazır yeməklər, fast food, peçenye və şokolad uşaqların diqqətini və marağını cəlb edir. Bu kimi qidalar isə heç də sağlıqlı sayılmır.
Çox vaxt görürük ki, oğlan uşaqları öz güclərini, qəhrəmanlıqlarını ortaya çıxaran, qız uşaqları isə insanların onları bəyənmələrinə, diqqət mərkəzində olmalarına təsir edən cizgi filmlərinə baxırlar. 
Televiziya körpələrin və uşaqların eşitmə və görmə duyğularına müraciət edərək onların diqqətini cəlb edir. Xüsusilə məktəbəqədər yaşlı uşaqlar vaxtlarının çoxunu televizor qarşısında keçirirlər. Hər bir uşağın televiziyadan təsir dərəcəsi fərqlidir. Uşaqlar televiziyanın mənfi təsirlərinə ən həssas olan ən zəif fərdlərdir və buna görə də onların daha çox müdafiəyə ehtiyacı olur.
Ümumilikdə qeyd etmək lazımdır ki, cizgi filmləri uşaqlara 4 əsas şəkildə mənfi təsir göstərə bilir ki, bunlardan birincisi şiddətə istiqamətləndirmədir.
Belə ki, təcrübələrimizə görə, şiddəti əsk etdirən cizgi filmlərinə baxan uşaqların digər yaşıdlarına nisbətən daha çox dalaşqan, daha gərgin və aqressiv olduğu müşahidə edilmişdir. Bu uşaqların valideynləri və böyükləri ilə münasibətlərində daha gərgin, səbirsiz və üsyankar olduqları da ortaya çıxır. Şiddət tərkibli cizgi filmlərinin bu proqramlara baxan uşaqlara üç əsas təsiri olduğu müəyyən edilir. Birincisi, bu uşaqlar başqalarının problem və kədərinə, üzüntülərinə daha az həssasvolurlar. İkincisi, bu uşaqlar real həyatda ətrafdakı zorakı ünsürlərdən o qədər də, hətta heç də narahat olmurlar, bu kimi halları adi hadisə kimi qavrayırlar. Üçüncüsü isə, bayaq da qeyd etdiyim kimi, bu uşaqlar ətraflarına qarşı aqressiv və zorakı davranışa digərlərindən daha çox meylli olurlar.
İkinci mənfi təsir kimi, cizgi filimlərin bilinçaltı funksiyalarını kütləşdirdiyini, azaltdığını qeyd edə bilərik. Belə ki, təcrüblərimiz göstərir ki, gündə orta hesabla 3-4 saat televizora və buna görə də cizgi filmlərinə baxan uşaqlarda diqqət əskikliyi və hiperaktivlik pozğunluğunun digərlərinə nisbətən 30-40% daha çox olduğu ortaya çıxır.
Cizgi filimlərin uşaqlara mənfi təsirləri kimi üçüncü yerdə reallıqdan qopmanı qeyd etmək lazımdır. Hətta araşdırmalar göstərir ki, diqqət yetirilməsə və bunun qarşısını almaq üçün heç bir səy göstərilməsə, baxılan cizgi filmi personajları günü-gündən uşağın dünyasına yerləşməyə başlayacaq və uşağı reallıqdan ayıraraq ciddi adaptasiya problemlərinə səbəb olacaq. Çoxlu cizgi filmlərinə baxan və həmin personajlarla özünü tanıdan, onların xüsusiyyətlərini mənimsəyən uşaqların sosial əlaqələr qurmaqda çətinlik çəkdikləri və tək qalmağı seçdikləri təcrübələrimizdə də müşahidə edilir.
Dördüncü mənfi təsir kimi təhlükəsiz davranışın azalması və riskin artmasını qeyd edirik. Xüsusilə 12 yaşından kiçik və mühakimə qabiliyyəti hələ inkişaf etməmiş uşaqlar reallıq və xəyali arasında fərq qoymaqda çətinlik çəkə və ya hətta ümumiyyətlə bunu edə bilməyəcək və ciddi təhlükəsizlik problemləri ilə üzləşə bilərlər. Onlar cizgi filmlərindəki uçma və qaçma kimi "super güc" davranışlarının real həyatda da baş verə biləcəyini güman edib, bu kimi halları sınayıb və bununla da öz sağlamlıqlarını riskə ata bilərlər.
Cizgi filmlərin uşaqların fiziki inkişafına mənfi təsirləri də qeyd olunmalıdır. Çünki normalda uşaqlar müxtəlif oyunlar vasitəsilə böyük və kiçik əzələlərini inkişaf etdirirlər və əzələlərin koordinasiyalı fəaliyyətində onların oynadıqları oyunların rolu danılmazdır. Uşaqlar oyunlar vasitəsilə bir çox hərəkətləri kortəbii şəkildə öyrənir və bununla da onların hərəkət bacarıqları təkmilləşir. Davamlı olaraq cizgi filmlərinə baxan uşaq daim televizorun qarşısında dayanır, diqqətini ona cəmləyir və bununla da onun hərəkətləri məhdudlaşır. Uşağın əzələlərini inkişaf etdirə biləcəyi ən vacib dövrdə cizgi filmlərinə müraciət etmək uşağın hərəkət qabiliyyətini məhdudlaşdırır və müəyyən hərəkətlər etməkdən onu məhrum edir. Ona görə də uşaq cizgi filmlərinə çox bağlanmamalı, hətta cizgi filmlərinə baxsa belə, bu müddətd normadan çox uzun olmamalıdır və ona oyunlara da vaxt ayırmaq lazımdır.
Bəs belə hallarda valideynlər hansı tədbirlər görməlidir? Əlbəttə ki, uşaqlarda qəzəb, aqressivlik, diqqətsizlik, cinsi oriyentasiya, konsentrasiya problemi kimi mənfiliklərə səbəb olan cizgi filmləri üçün ailə daxilində lazımi tədbirlər görülməlidir. Bu tədbirlərdən bəzilərini bir neçə şəkildə sadalamaq olar. 
Belə ki, valideynlər uşaqlarını mənfi davranış, zorakılıq və qorxu elementləri olan cizgi filmlərindən və proqramlardan uzaq tutulmalı, bunun əvəzinə onları yaşlarına uyğun maarifləndirici, ibrətamiz cizgi filmlərinə və sənədli filmlərə yönəldilməlidir. Valideynlər uşaqların cizgi filmi qəhrəmanlarını örnək götürmələrinin qarşısını almalı və özləri düzgün davranış nümayiş etdirərək uşaqlara nümunə olmalıdırlar. Ən önəmlisi, uşaqların televiziyaya baxma vaxtı məhdudlaşdırılmalıdır. Televiziya ailələr tərəfindən uşaqlara vaxt keçirmək vasitəsi kimi deyil də, onların təhsilinə və inkişafına dəstək verən bir vasitə kimi qəbul edilməlidir.
Ailələr uşaqları ilə onların sosial bacarıqlarını artıracaq fəaliyyətlərlə məşğul olmalıdırlar. Valideynlər cizgi filmlərinə baxarkən övladlarını tək qoymamalı, uşağın baxdığı cizgi filmləri haqqında məlumatlara malik olmalıdırlar. Bu, cizgi filmlərində yanlış münasibət və davranışların aşkarlanmasına, həmin cizgi filmlərinin yenidən baxılmasının qarşısının alınmasına və uşağa təsir etməsinin qarşısını almağa imkan verir".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31