İİV-in müalicəsində vacib məqam onun ömürlük olmasıdır - Günəş Cəfərova
24 Yanvar 2024 15:36 Sosial"İİV-ə yoluxmuş şəxslərin müalicəsi antiretrovirus terapiya adlanır, yəni İİV viruslarının qanda replikasiyasının qarşısını almağa yönəldilmiş müalicə".
Olaylar.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova açıqlayıb.
G.Cəfərova bidirib ki, antiretrovirus terapiya İİV-ə yoluxmuş şəxslərdə virusun qanda müəyyən edilməyən səviyyəyə qədər enməsini təmin edir ki, bununla da bu xəstələrdə zədələnmiş immun sistemin bərpası baş verir, ikincili ağırlaşmaların inkişafının qarşısı alınır, xəstələrin həyat keyfiyyəti yüksəlir, ölüm hallarının sayı azalır və xüsusilə, epidemioloji təhlükə, yəni infeksiyanın bir şəxsdən digərinə ötürülməsinin tezliyi azalır
"Azərbaycanda ilk dəfə İİV-ə yoluxmuş şəxslərin müalicəsinə 2006-cı ildən başlanılıb, hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirlir. Antiretrovirus preparatlar dövlət tərəfindən ödənişsiz şəkildə təmin olunur və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin qeydiyyatında olan bütün xəstələrə konfidensiallıq prinsipi gözlənilməklə mütəxəssislərin nəzarəti altında təyin olunur. Eyni zamanda qeyd etmək istərdim ki, regionlarda yaşayan İİV-ə yoluxmuş şəxslərin müalicəyə əlçatanlığının təmin olunması məqsədilə, dərmanların regional İİV laboratoriyalarından, həmçinin Naxçıvan MR ART Mərkəzindən xəstələrə verilməsi həyata keçirilir", - deyə G.Cəfərova qeyd edib.
Direktor müavini qeyd edib ki, xəstələrin vəziyyətindən, ağırlaşmaların və yanaşı xəstəliklərin olub olmamasından, ən əsası isə xəstənin müalicəyə sadiqliyindən asılı olaraq dərmanlar 1, 3 və bəzən 6 aylıq müddətə verilir.
"Müalicədə vacib məqam onun ömürlük olmasıdır, əsas şərtlərdən biri isə xəstənin müalicəyə sadiqliyidir. Xəstələr ART rejiminə düzgün əməl etmədikdə əlavə fəsadlar müşahidə oluna bilər. Bu hallar Mərkəzin həkimləri tərəfindən nəzarətə götürülür və xəstələrə lazımi xidmət göstərilir", - deyə G.Cəfərova qeyd edib.