Erməni saxtakarlığına növbəti zərbə

Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Tarix  üzrə fəlsəfə doktoru, dosent, Respublika Dövlət mükafatı laureatı Hacı Həsənovun ümumi redaktorluğu ilə "XIX-XX  əsrin əvvəllərində İrəvan şəhərinin tarixindən" adlı kitabı qırğız dilinə tərcümə edilir.
AMEA A.A. Bakıxanov adına Tarix institutu Elmi Şurasının 8 aprel 2022  il tarixli qərarı ilə çap olunan kitab həmin institutun alimlər qrupu tərəfindən ərsəyə gəlib. 
Monoqrafiya Azərbaycanımızın İrəvan şəhərinin - Rəvanqulu xan tərəfindən bünövrəsi qoyulmuş İrəvan qalasının XIX-XX əsrin əvvəlləri dövrünə həsr edilmişdir. Əsərdə İrəvənin tarixini "erməniləşdirməyə", onu "Erebuni" adlı mifik məskənlə bağlamağa çalışan saxtakarlar tənqid olunur, qala-şəhərin əsasının qoyulması ilə bağlı bəzi tarixi məsələlərə aydınlıq gətirilir; Azərbaycan və Anadolu türkcələrində, ingilis,  rus və b. dillərdəki tarixşünaslıq əsərlərindən, habelə mötəbər qaynaqlardan toplanmış qiymətli məlumatlar əsasında İrəvan tarixinin mühüm sahələrinə işıq tutulur.
Kitabda İrəvan şəhər sənayesi, şəhər memarlıq xüsusiyyətləri və ticarəti barədəki faktlar əsasında onun klassik Azərbaycan şəhərləri arasında özünəməxsus yer tutduğu vurğulanır, şəhərin inzibati idarəçilik sistemi, demoqrafiyası araşdırılır, çarizmin işğalçı İrəvan yürüşlərinə qarşı irəvanlıların qəhrəman mübarizəsi real faktlarla işıqlandırılır, romanovların mürtəce köçürmə siyasəti sayəsində burada reallaşdırılmış xristianlaşdırma- erməniləşdirmə proseslərinə tənqidi diqqət yetirilir.
Əsərdə İrəvan şəhərinin elmi-mədəni həyatının müxtəlif sahələri də nəzərdən keçirilir, onun Azərbaycan elm və mədəni mərkəzlərindən biri olduğu vurğulanır. 
Qeyd edək ki kitabı qırğız dilinə 1989 cu ildən SSRİ Jurnalistlər İttifaqının, Qırğızıstan jurnalistlər İttifaqının üzvü və habelə Beynəlxalq idman jurnalistləri İttifaqının üzvü, 2000 ci ildə "Manas janırıqı" ("Эхо Манаса") TeleRadio kompaniyasının yaradısı və rəhbəri Toktaqaziyev Temirbek tərcümə edir. 
Xüsusi ilə vurğlamaq lazımdır ki Toktaqaziyev Temirbek xalq yazıçısı Çingiz Abdullayevin 3 kitabını qırğız dilinə tərcümə edib.     
    Türkdilli Dövlətlərin Siyasətinə Dəstək fondu AMEA A.A. Bakıxanov adına Tarix institutunun razılığı ilə  kitabı qırğız və rus dillərində çap etməyi nəzərdə tutur. Kitabın qırğız və rus dillərində çap edilməsi ondan təkcə Türk dövlətlərində deyil, həm də bütün postsovet məkanında istifadə imkanlarını genişləndirəcək. 
Qırğızıstanda və Azərbaycanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi və maliyyə dəstəyi ilə indiyədək Bişkekdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, Prezident İlham Əliyevin Azərbaycanda apardığı uğurlu islahatlara, ölkəmizin tarixinə, ədəbiyyatına, mədəniyyətinə dair bütövlükdə 159 kitab çap olunaraq pulsuz paylanılıb. Fond öz ənənəsinə sadiq qalaraq bu fəaliyyətini davam etdirir.
Onu da xatırlatmaq yerinə düşər ki Fond 11-15 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində  keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi dəvəti və Azərbaycanın Qırğızıstandakı səfirliyinin dəstəyi ilə    ölkəmiz haqqında Bişkekdə nəşr etdirdiyi Azərbaycan, ingilis, qırğız, özbək və rus dillərində 35 adda  kitab - "Xalqa bağışlanmış ömürdən anlar", "Müzəffər Ali Baş Komandan- Əziz Şuşa sən azadsan!", "Türk dünyasının dahi şəxsiyyəti", "Şuşa Bəyannaməsi", "44 günlük müqəddəs müharibənin xronologiyası" 3 cilddə, "Ermənilərin Azərbaycan ərazisində törətdiyi vəhşiliklər tarixi faktlarla",  "İstoriya Azerbaydjana v armyanskoy istoriçeskoy publisistike i istorioqrafii: falsifikasiya i pravda" və digər nəşrlərini ayrıca, Türkdilli Dövlətlərin siyasətinə dəstək fonduna ayrılmış stenddə  sərgiləndirib.
    Vurğulayaq  ki, Orta Asiya regionunda Azərbaycan tarixinin, mədəniyyətinin və ədəbiyyatının tədqiqi və təbliği sahəsində səmərəli fəaliyyət göstərən bu Fondun rəhbəri böyük vətənpərvər və xeyriyyəçi Nüsrət Məmmədovdur.
Fond öz ənənəsinə sadiq qalaraq geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu yeni nəşr etdirəcəyi kitabları da pulsuz yayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31