Mental çöküntü - Depressiya nədir?

Qarşılaşdığımız problemlər, yaşadığımız sıxıntılar bəzən mental çöküntü ilə nəticələnir. Ruhən yaşadığımız bu yorğunluğun demək olar ki, ən kritik həddi məhz "depresiya"dır. Depresiya nədir? Bu sindromun əsas əlamətləri və yaranma səbəbləri hansılardır? Bununla başa çıxmaq üçün nə etmək lazımdır? 

Suallarımızı  EDA Terapiya Psixologiya Mərkəzinin  psixoloqu Ayşən Bayramova cavabladı:

-Depressiya, mental vəziyyətin çökdüyünü ifadə edən kəlimədir. Ən təməl simptomu həyatdan əvvəlki qədər zövq almamaqdır. Belə ki, şəxs, əvvəllər xoşu gəldiyi fəaliyyətlərə artıq marağını itirir, həyat boş və mənasız gəlməyə başlayır. Depressiyadakı şəxs, xoşbəxtlik hissini mental cəhətdən sağlam olan insanla müqayisədə daha az hiss edər və ya hiss etməz. Bundan başqa ümidsizlik, dəyərsilik, günahkarlıq, qəzəb hissləri də simptomlar arasındadır. Enerjidə azalma, yorğun hiss etmə, cinsi istəyin azalması, yuxu və iştahın artıb və ya azalması, düşünmə və diqqəti toplamaqda problemlər də özünü göstərməkdədir. Bu simptomlara intihar düşüncəsi və ya intihar təşəbbüsü də daxildir. Depressiya yaşayan şəxs, intiharı düşünməsə belə, ağlına sıx-sıx ölüm düşüncələri gələ bilir. Buna "Kaş bir şey olardı ölərdim", " Yataydım və oyanmayardım" və.s kimi düşüncələri nümunə göstərmək olar.

Depressiv pozuntu diaqnozunun qoyula bilməsi üçün sipmtomların ən az iki həftə davam etməsi gərəkməkdədir.
Bu vəziyyət, gündəlik fəaliyyətlərdə iştirakı çətinləşdirir, iş, təhsil, ailə, sosial mühitdə problemlər yaradaraq, funksionallığı pozur ki, bu da, həyat keyfiyyətini aşağı salır.
Depressiv pozuntunun yaranmasında bir çox faktorlar təsir edə bilir. Risk faktorları kimi ailədə depressiya hekayəsinin olması, erkən valideyn itkisi, maddi vəziyyətin aşağı olması, işin itirilməsi, travmatik keçirilən uşaqlıq, boşanma, bəzi xəstəliklər, alkol və maddə asılılığı, hormonal dəyişiklikləri göstərmək mümkündür.
Bu pozuntudan əziyyət çəkin şəxsin çevrəsindən gələn "Güclü ol, gəz, əylən.", "Naşükürlük edirsən, səndən pis halda olanlar var." kimi yanaşmalar dəstək məqsədi daşısa da, şəxs tərəfindən anlaşılmıram, heç kim məni başa düşmür kimi qavranılır. 
Bu pozuntunun ümumi müalicə üsullarına antidepresant dərmanlar və psixoterapiya daxildir. Depressiya ilə mübarizə aparan insanların peşəkar dəstək alması çox vacibdir. Yalnız öz səylərinizə güvənmək və ya kömək üçün müraciət edəcək heç kimin olmadığını düşünmək yerinə, psixoterapevtlə işləmək, simptomları azaltmağa və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər.
Depressiv vəziyyətlə başa çıxmaq üçün davranış və fəaliyyətlərin aktiv hala gətirilməsi, fiziki aktivlik, sosiallaşmanın  artırılması faydalı ola bilməkdədir.

Psixoloq Aygün Cəfərova isə depressiya və bu sindromdan çıxış yolu barədə aşağıdakıları qeyd etdi:

-Depressiya yaşayan insanın ilk öncə yuxusunda və qidalanmasında problemlər yaranır. Ya yuxusuzluq problemləri yaşayırlar, ya yuxuya normadan çox meyilli olurlar. Emosional natarazlıq yaranır, özlərinə qapanıq olurlar, heç kimlə ünsiyyətə girmək istəmirlər. Bu insanlar münasibətlərdə daha çox problem yaşayırlar. Onlar üçün hər zaman maraqlı olan vərdişlər və davranışlar artıq öz marağını itirir. Bütün bunlar minimal 6 ay davam edərsə, bu insanlara depressiya diaqnozu qoyula bilər. Bəzən insanlar 3,4 gün bu əlamətləri özlərində görüb depresiyyada olduqlarını düşünürlər. Bu yanlışdır. Ümumiyyətlə, depressiya ağır bir diaqnozdur, 3-5 günə qoyulam diaqnoz deyil. Yaranma səbəbinin isə fərqli əsasları ola bilər, bu, insana görə dəyişir. Əsasən neqativə yönələn insanlarda daha çox rast gəlinir. Məsləhətimiz odur ki, günlük həyat tərzlərini aktiv, sağlam həyat tərzinə, sağlam düşüncəyə kökləsələr depressiv simptomlardan uza qala bilərlər. Bunları edərək yenə də bu problemləri yaşayırlarsa mütləq peşəkar dəstək alınmalıdır.

Zeynəb  Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31