Tanınmış alim doktorant və dissertantları ittiham etdi

"İndi ən çətin və vaxt aparan iş elmi kitab və məqalə adı ilə redaktəyə verilən yazıları çapa hazırlamaqdır. Xüsusilə də yeni nəsil doktorantların və dissertantların məqalələrini oxumaq cəhənnəm əzabıdır".

Olaylar.az xəbər verir ki, bunu filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin (BSU) tədris işləri üzrə prorektoru Telman Cəfərov bildirib.

Onun fikrincə, elmə gələn insanın elmi səviyyəsi və yazdığı işin mahiyyəti, ilk növbədə, işlətdiyi dilə münasibətindən, fikirlərinin aydınlığından, cümlələrinin düzgün quruluşundan, sözlərin düzgün yazılışından, durğu işarələrindən lazımınca istifadədən başlayır:

"Ana dilinə məhəbbəti olmayan, dolaşıq cümlələr quran insanın elmi işi gərəksiz, qeyd olunmaq üçün cızma-qaradan başqa bir şey deyil!

Gənc dostlar, daim əlinizin altında orfoqrafiya lüğəti saxlayın, hər eşidilən sözü yazıya, elmi üsluba gətirmək olmaz! Yazınızı bir yerə təqdim etməzdən əvvəl özünüz oxuyun, etibar etdiyiniz şəxslərə oxutdurun, elmi rəhbərinizə göstərin!

Ali məktəblərimizdən, elmi-tədqiqat institutlarımızdan xahiş edərdim ki, magistr və doktorantların təhsil proqramına, tədris qrafikinə ana dilində və ya tədris dilində yazı mədəniyyəti ilə bağlı kurs, təlimlər daxil edilsin. Məncə, bu, indiki şəraitdə çox vacibdir". (Bakupost.az )

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31