Əgər çarə boşanmaqdırsa… Zeynəb Rzayeva yazır

Zeynəb Rzayeva

Təəssüf ki, bəzən "yardım etmək", "əl uzatmaq" mövzusunu yanlış anlamışıq.

"Mentalitetdən bir az uzaqlaşın" deyəndə, tamamilə unutmağınızı nəzərdə tutmamışdıq ki... Hər şeyi keçirəm, yoldaşını da eyni efirə çıxararaq, evli bir xanıma yardım etmək nə dərəcədə müasirlik sayıla bilər? Biri də çıxıb demir ki, bu kişi orda niyə oturub? Məqsədi nədir? İki həyat yoldaşı bir-birilə rəqabət edir sanki, gündə birinə maddi yardım gəlir. Problemlərin efirdə həll olunması mövzusundan keçmişəm artıq, necə deyərlər, bunu xalq olaraq qəbullanmışıq. Bəs ortadakı problem mövzunun birbaşa özüdürsə, onda necə? Yoldaşını əzib keçməklə edilən yardımda nəyi təlqin etməyə çalışırsınız? Hər dəfə bir xanım həyatından imtina edib, şəhərə gələndə nə olur, müasirləşir və həyatını daha gözəl yaşayır? İçərisində şiddət, zorakılıq olmayan ailəmi dağıdacam, gələcəm, hansısa imkanlı biri mənə maddi yardım edəcək və mən həyatımı yenidən quracam. Əgər zamanında gərəksiz mentalitetdən lazım olan qədər uzaqlaşmış olsa idiniz, kimlərəsə möhtac qalmaqla "xoşbəxt gələcək" planlamaq yerinə, qızlarınız oxumuş, ali savadlı, öz ayağının üzərində dimdik durmağı bacaran kəslər olacaqdı.

Hər kəs bahalı paltar geyinib, ən gözəl ziynəti taxmaq məcburiyyətində deyil. Əlbəttə, gözəl, baxımlı görünə bilmək hər bir xanımın haqqıdır. Əgər yoldaşının maddi vəziyyəti sənə bunları vəd etmirsə, buna çarə boşanmaqdırsa, belə çıxır ki, gərək dünyada evli cütlük qalmasın. Bütün bunları qəbul etmirsənsə, öncədən maddi gəlirini bildiyin insanla nəyə görə ailə həyatı qurursan?

Bəzi çərçivələr olur. Həmin çərçivələrdən kənara çıxmaq, bilmədiyin həyata atılmaq yersiz olur bəzən. Ona görə çərçivə yox ki, ortada hansısa səviyyədən söhbət gedir. Məhz ona görə ki, sənin alışdığın, rutin bildiyin həyat dəyişdikdə altından qalxmaqda çətinlik çəkəcəyin mövzular olur. Bu da şərt deyil. Şərt deyil ki, kənddə yaşayan adam şəhərə gəlib burda zülm çəksin. Axı nə vacibdir?

Bəs siz? Siz ki, ali savadlı insanlarsınız. Təhsili, maddi vəziyyəti olmadığını bildiyiniz şəxslərlə "oyun oynayırsınız". Təəssüf ki, bunun tamaşaçısı da bizik. Bilirsiniz, dünyanın qlobal problemləri arasında belə verilişləri sanki ədəd ilə seçib qarşımıza qoyublar ki, bütün böyük problemləri az da olsa unuda bilək. Düşünə bilmədilər ki, belə bir mövzunu efirə verdiklərinə görə daha neçə qadınlar, kişilər görəcəyik. Ya da yox, bəlkə də düşünmüşdülər..

Aktyor seçimlərinizi qeyri-peşəkar etməyə davam edin. O zaman reytinqiniz o qədər uğurlu olur ki, ssenarinizin vəziyyəti barədə düşünməyə vaxt tapa bilmirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31