Psixotron terrorun qurbanları: Gənclərin narkotikə aludə olmasının səbəbkarı məşhurlardır?

Məlumdur ki, musiqi insan psixologiyasına heç bir  incəsənət növünün bacarmadığı qədər təsir göstərmək gücünə malikdir. Sosial şəbəkələrdə, əsasən də "YouTube"da narkotik vasitələri təbliğ edən, janrı bəlli olmayan musiqi-meyxanalar geniş yayılıb. Açıq-aşkar narkomaniyanın təbliğ olunduğu bu klipləri isə əsasən gənclər izləyir.

Son günlər sosial şəbəkələrdə sosial media bloggeri Nail Kəmərlinin narkomaniya qurbanı olmuş bir qadınla müsahibəsi gündəmdədir. Müsahibə zamanı qadın qeyd edir ki, onun narkotik vasitələrə aludə olmasının səbəbi dinlədiyi məşhur reperin narkotik vasitələrə həsr etdiyi musiqilərdir.
Bəs həqiqətən həmin qadının və ya ümumiyyətlə narkomaniya qurbanı olan insanların bu yola düşməsində mahnılar və ya digər incəsənət ünsürləri rol oynaya bilər? Yoxsa bu iradə ilə bağlı bir şeydir? Narkomaniya haqqında verilən reklamlar, çəkilən filmlər insanlara əks təsir göstərir? Onları daha da narkotik vasitələrə maraqlandırır? Belə hallarda hansı tədbirlər görülməli, nələrə diqqət edilməlidir?

Sosiloq Elçin Bayramlı mövzu ilə bağlı geniş aspektdə fikirlərini bildirib. O qeyd edir ki, insanlara mədəniyyətin, incəsənətin, medianın çox ciddi, böyük ölçüdə təsiri elmi əsaslarla dəqiq sübut olunub:
"Başdan deyim ki, belə faktlar dünyada milyonlarladır. Bu, elmi təsdiqlənmiş faktdır. Sosial psixologiya elmində də bunun bir çox faktiki təzahürləri qeydə alınıb. Ümumiyyətlə, kütlələrə, insanlara, mədəniyyətin, incəsənətin, medianın çox ciddi, böyük ölçüdə təsiri dəqiq sübut olunub. Ümumiyyətlə, kütlələrin, insanların psixologiyasının formalaşması, əxlaqının, mənəviyyatının formalaşmasında ən böyük rol, mən deyərdim ki, 90%-dən çox rol mədəniyyət, incəsənət, media kimi kütləvi təsir və təbliğat vasitələridir. Əlbəttə ki, bu normal insanlara aid deyil. Yəni ancaq yüksək tərbiyəli, əxlaqlı, deyək ki, normal düşüncəli, savadlı insanlar bu təsirə, terrora məruz qalmır. Amma təəssüf ki, kütlə belə deyil. 90% bu psixotron terrora açıq vəziyyətdədir.
Bu gün biz baxsaq, həm bizim ölkədə, həm dünyada cəmiyyətlərin psixologiyası, mənəvi dəyərləri onlara təbliğ olunan materialların təsirindəndir. Həmin cəmiyyətdə, ölkələrdə hansı motivdən, tutaq ki, Kütləvi İnformasiya Vasitələri, kino, musiqi, ədəbiyyat nəyi təbliğ edirsə, cəmiyyətin əhval-ruhiyyəsi, psixologiyası, mənəvi dəyərləri də o formada formalaşır. Bu artıq inkarolunmaz faktdır.
Qaldı ki  bu kimi gənclərin bu təsirlərə necə düşməsinə, demək, ümumiyyətlə baxanda insanların uşaqlıqdan bəri, daha doğrusu, orta məktəbdən, ailədən aldığı tərbiyə, onun savad və dünyagörüşü bu məsələlərdə şəxsi fikrinin formalaşmasına səbəb olur. Əgər o, görsə ki,  cəmiyyətdə hansı kriteriyalar, hansı xüsusiyyətlər daha effektlidir, yəni nümunələr əsasında ki, bu yolun axırı nədir, o biri yolun sonu nədir və ona da düzgün adamlar məsləhət versə, məsələn, bir cəmiyyətin ziyalıları, onun valideynləri, müəllimləri düzgün istiqamət versə, o zərərli vərdişlərdən aralı qalacaq. Amma boşluqda qalan uşaqlar, gənclər belə təsirlərə tez düşürlər. Bayaq dediyim nümunələrin içinə rep də daxildir ki, aparılmış elmi araşdırmalar repin şeytani bir musiqi olduğu, insan psixologiyasını darmadağın elədiyini rəsmi surətdə sübut edib. Hətta rep dinləyən insanların orqanizmində baş verən kimyəvi proseslər belə neqativ formada inkişaf edir. Belə bir təcrübələr aparılıb, klassik musiqi, xalq mahnıları dinləyən insanlar, şən, normal mahnılar dinləyən insanların orqanizmində daha düzgün proseslər gedir. Qan təzyiqindən, beyin siqnallarından ölçülən elmi araşdırmalar var ki, bu göstərir ki, həmin musiqilər insanın psixologiyasına da, eyni zamanda fiziki vəziyyətinə, sağlamlığına daha yaxşı təsir edir. Amma bu kimi neqativ mahnılar, kinolar var ki, məsələn, qorxu filmləri, tutaq ki, bax bu rep janrı kimi son dövrlər bir neçə belə əcaib janrlar çıxıb, satanist musiqilər, bunlar psixotron terror vasitələridir. Xüsusi frekanslarla zənginləşdirilmiş, subniminal mesajlarla doldurulmuş çox sayda həm səs frekansları, həm görüntülər formasında materiallara yerləşdirilən bu elementlər insanların psixologiyasına çox ciddi təsir göstərir. Xüsusən də uşaq və gənclərin. Buna görə də gəncləri, uşaqları bundan qorumaq artıq dövlətin və cəmiyyətin əsas vəzifəsidir. Təəssüf ki, bizdə bundan söhbət belə gedə bilməz. Tamamilə biz azadlıq, müasirlik adı altında bu sahəni boş və anarxik bir formada buraxmışıq. Həm televiziyalar dayanmadan insanlara, kütləyə, gənclərə yalnız neqativ xarakterli obrazlar təqdim edir, səhv yönəldir, açıq şəkildə əxlaqsızlıq təbliğ edir, həm müasirlik adı altında psixoloqların "azad olun, müasir olun, öz həyatınızı yaşayın, heç kimə fikir verməyin, kim nə deyir desin" və s. kimi məsləhətləri belə gətirib çıxardır. "Başqaları nə deyər?" prinsipinin ziddinə gedərək, bunu vecinə almamaq, cəmiyyətə və onun dəyərlərinə tüpürməkdir. Yəni "mənim kefim nə istəsə edərəm", bu, mənəvi dəyərin, mənəvi cəhətdən deqradasiyanın ən pik nöqtəsidir. İnsan yaşadığı cəmiyyətin dəyərlərinə hörmət etməlidir, formalaşmış mənəvi dəyərlərə diqqət yetirməlidir, özünün də müsbət xarakteri formalaşmasına çalışmalıdır. Nəinki "mənim kefim nə istəyir onu da edim" demək.
Baxın, biz bu gün görürük, gənclər nəyi dinləyir? Deyək ki, küçə meyxanalarını. Mən meyxana janrının əleyhinə deyiləm. Bu janr normal bir janr idi. Son dövrlərdə bu kontekstdən çıxarılıb, küçə uşaqlarının ümidinə buraxılıb və orada da narkotika, kriminal, özbaşınalıq, müxtəlif əxlaqsızlıq təbliğ olunur. Eləcə də xarici janrlarda, rep janrında deyək ki, bir çox filmlərdə, seriallarda, şou verilişlərdə, fasiləsiz olaraq gənclərin beyninə müasirlik adı altında hər cür dəyərlərə tüpürmək təbliğ olunur. Bütün mənəvi dəyərlərə zidd getmək və yalnız əyləncə üçün yaşamaq, reklamlar da buna çağırır. "Öz həyatını yaşa, əylən, kef elə" və s. dayanmadan bu təbliğ olunur. Heç bir yerdə təbliğ olunmur ki, elm öyrən, inkişaf elə, əxlaqi dəyərlərə riayət elə, sağlam yaşa, düzgün yaşa, vicdanlı ol. Bunlar heç biri indi mədəniyyət, incəsənət materiallarında təbliğ olunmur. Mediada, internetdə, televiziyalarda təbliğ olunmur, amma əks materiallar açıq-aşkar təbliğ olunur və bunun da qarşısını heç bir qüvvə ala bilmir, daha doğrusu almaq istəmir. Məsələn, dövlət istəsə, yarım saata bunun qarşısını alar. Yəni istəsə, o dərəcədə sürətlə.
Biz görürük bu gün tiktokda necə biabırçılıqdır, digər sosial şəbəkələrdə, İnstagramda hansı materiallar təbliğ olunur. Məsələn, "qadın azadlığı" altında boşanmaların təbliğ olunması gətirdi dəhşətli bir faciəvi vəziyyətə çıxartdı. Artıq 50% boşanma ilə biz dünya lideri olmuşuq. Bəzən deyirlər ki, guya ki, nə olacaq, hər hansı bir mahnıya qulaq asmaqdan, hər hansı bir filmə baxmaqdan insan əxlaqsız olur? Bəli, elə məhz bununla olur. Fakt da biz gördük ki, son 30 ildə bunlar cəmiyyəti necə dəyişdi. XX əsrdə sovet dövründəki filmlərə, mahnılara baxın, nə təbliğ olunurdu və hansı cəmiyyət formalaşmışdı? İndi son dövrlərdə 20-30 ildə nə verilir, nə təbliğ olunur və hansı cəmiyyət formalaşır, bizim gözümüzün qabağında inkarolunmaz faktdır və biz yeniyetmələrin, gənclərin davranışlarına psixologiyalarına baxanda görürük ki, tamamilə mənəvi dəyərlərdən uzaq, maddi dəyərlər üzərində qurulmuş bir psixologiya formalaşıb. Yalnız pul qazanmaq, əylənmək, gəzmək, hətta ailə qurmamaq ki, mən daha çox kef eliyim, heç bir mənəvi məsuliyyət daşımamaq, ata-anaya baxmamaq, böyük-kiçik saymamaq, yəni o dərəcədə merkantil bir məxluqa çevrilib. Eqoistlik, narsizm təbliğ olunub gənclərə ki, yalnız özünüzü sevin, öz əyləncənizi, özünüzü düşünün, gəzin, kef eliyin. Baxın, bu mahnılar, bu rep də bunu təbliğ eləyir. Bunun nümunələrini biz, məsələn, xarici ölkələrdə açıq şəkildə görürük. Amerika gənclərinə baxanda, elə repin yarandığı ölkədə gənclərin nə vəziyyətə saldığı faktiki surətdə məlumdur. Biz də bax bu öz milli dəyərlərimizi, milli mədəniyyətimizi kənara atıb, yad dəyərləri, yad psixologiyaları qəbul etdikcə "müasirlik" adı altında, "azadlıq" adı altında, təbii ki, bu öz nəticələrini göstərəcək. Belə gənclərin sayı çox təəssüf ki, çoxdur və həmin qızın o dediyində də haqq var. Mən tanımıram şəxsən. Amma bilirəm ki, belə gənclər çox tanıyıram, müasir görünmək üçün təsirlərə düşüb. İndiki gənclər hansı filmlərə baxır, hansı mahnıları dinləyir? Siz soruşun, onlar Azərbaycan xalq mahnılarının neçəsini eşidib bilir, hansı bədii ədəbiyyatımızdan nümunələri oxuyub bilir, hansı teatrlarımıza gedir? Yəni milli olan hər şeyə tüpürülüb. İnternet də imkan verir ki, yad, xarici materialları daha çox izləsinlər, baxsınlar və dəbnən yaşasınlar.
Bütün dünyada, bütün ölkələrdə mənəvi dəyərləri çökdürmək planı gedir. Bu plan Overton pəncərəsi sistemi vasitəsilə cəmiyyətə otuzdurulur. Məşhur doktrinalar var, onlardan birini də deyim. Alen Dallesin məşhur məhv etmə planı, doktrinası var ki, açıq şəkildə bu dünya ölkələrində əxlaqsızlığın necə yayılması mənəvi dəyərlərin necə çökdürülməsi, gənclərin necə yoldan çıxarılması prosesini göstərir və bunu nə ilə edəcəklərini açıq şəkildə deyir. Orda konkret deyilir ki, biz bunu mədəniyyətin, incəsənətin, medianın köməyi ilə edəcəyik. Həmin prosesi aparırlar, bizim ölkədə də artıq çox ciddi, faciəvi nəticələrə gətirib çıxarır. Biz bunu hər gün açıq şəkildə müşahidə edirik, görürük. Hətta statistikalar da bunu göstərir.
Artıq mənəvi deqradasiyanın kulminasiyasına gəlib çatırıq. O cümlədən, bu mövzumuza aid olan narkomaniya da bunun tərkib hissəsidir. Əgər bir cəmiyyət, bir dövlət gəncləri tamamilə boş buraxıbsa, onların münasib vaxtını düzgün təşkil etməyibsə, onları düzgün yönəltmirsə, təbliğat vasitələrindən işlə, tutaq ki, yaradıcılıq mərkəzlərinə, idmana, elmi kurslara cəlb eləməklə ona şərait yaratmırsa, təbii ki, o sağlam cəmiyyətdən ölkədə söhbət gedə bilməz. Sovet dövründə isə tamamilə fərqli idi. Gənclər, uşaqlar müxtəlif yaradıcılıq, idman mərkəzlərinə cəlb olurdular, ixtiraçılıq klublarına, inkişaf üçün müxtəlif sahələrdə özünü inkişaf elətdirib, realizə eləmək üçün imkanlar var idi. Pulsuz şəkildə uşaqlar bəhrələnirdilər. Çox sayda uşaq evləri, gənclər evləri, pionerlər evləri, müxtəlif dərnəklər, saysız-hesabsız gənclərin inkişafı, məşğuliyyəti üçün imkanlar var idi. İndi bu imkanlar yoxdur, olan da kütlə üçün əlçatan deyil, çünki bahadır.  Normal insan, tutaq ki, ayı 100 manatdan, onun iki üç uşağı varsa, bunları ödəyib göndərə bilməz. Belə bir halda təbii ki, boş qalan gənclik zərərli vərdişlərə meyl edəcək, psixologiyası pozulacaq, işsizlik, təhsilsizlik  narkomaniyaya aparıb çıxaracaq, başqa yollar axtaracaq, cinayətkarlığa meyillənəcək və bu, artıq məntiqi nəticədir. Bu artıq bizim dövlət və cəmiyyət olaraq yanaşmamızın, ortaya qoyduğumuz bir formanın deyək ki, cəmiyyətin, gələcəyimizin formalaşmasına yanaşmamızın əyani nəticəsidir ki, biz onu yaşayırıq. Əgər biz belə davam eləsək, heç bir sağlam gələcəkdən danışa bilmərik. Bir millət olaraq mənəvi deqradasiyamız daha da güclənə bilər, bütün milli genofondumuz məhv olar, biz mənəvi cəhətdən çökmüş bir kütləyə çevrilərik. Yəni xalq, millət səviyyəsinə qalxa bilməyib, sadəcə deqradasiya olunmuş bir kütləyə çevrilə bilərik. Ona görə də, əgər istəyiriksə həqiqətən düzgün, sağlam cəmiyyət formalaşdıraq, birinci növbədə dövlət bu istiqamətdə bir konsepsiya həyata keçirməlidir. Sərt şəkildə, çox ciddi nəzarətlə mediaya, sosial şəbəkələrə, televiziyalara nəzarət və ikinci bir tərəfdən gənclərin inkişafı üçün bütün imkanlar yaradılmalıdır. Digər tərəfdən də valideynlər, uşaqlar, yeniyetmələr, gənclər üzərində nəzarəti artırmalıdırlar və belə bir hallara qarşı birgə, bütöv mübarizə aparılmalıdır. Bu, bütün normal, sivil ölkələrdə belə həyata keçirilir və bizim yaxın keçmişimizdə də bunun nümunələri var idi. Elə 30-40 il əvvələ kimi biz normal bir gənclik formalaşdırırdıq. Təəssüf ki, bu gün bunu deyə bilmərik".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31